EN

Qəbir satışında yeni strategiyalar – “Bunu dələduzluq adlandırmaq olar”

Bakıda mənzil bazarında qiymət artımı artıq heç kimi təəccübləndirmir. Lakin son illər paytaxtda bahalaşan təkcə yaşayış sahələri deyil. Şəhərin müxtəlif qəbiristanlıqlarında dəfn üçün torpaq sahələrinin qiyməti də  xeyli yüksəlib. Prestijli ərazilərdə yerləşən qəbiristanlıqlarda bir kvadratmetrin dəyəri bəzi yeni tikililərdəki mənzillərin kvadratmetr qiyməti ilə müqayisə olunur. 

Məsələn, paytaxtda kvadratmetri 1000-2000 manata satılan mənzillər olduğu kimi, eyni qiymətə qəbir yeri də təklif edilir. 

“Yeni Sabah” qəbiristanlıqların yer qiymətlərini araşdırıb.

Paytaxtın müxtəlif ərazilərində yerləşən qəbiristanlıqlarda qiymətlər bir-birindən kəskin şəkildə fərqlənir. Ərazi, yerləşmə yeri, sıxlıq və “prestij” amili qiymətə birbaşa təsir göstərir.

Gəlin, Bakının bir neçə qəbiristanlığında məzar yerləri üçün tələb olunan məbləğlərə nəzər salaq:

Qurd qapısı qəbiristanlığı - 3000-4000 AZN

Badamdar qəbiristanlığı – 1000-3000 AZN

Zabrat qəbiristanlığı – 800-1000 AZN

Dədə Qorqud qəbiristanlığı - 500-1000 AZN

Hövsan qəbiristanlığı – 1000 AZN

Əmircan qəbiristanlığı – 500 AZN

 Günəşli qəbiristanlığı – 4000-5000 AZN

Qeyd edək ki, göstərilən məbləğlər əsasən bir nəfərlik yerlər üçün nəzərdə tutulur, bəzi hallarda isə iki nəfərlik sahəni əhatə edir. Qiymətlər sabit deyil və ilbəil dəyişir.

Məzar yerinin konkret qəbiristanlıq daxilində yerləşməsi də qiymətə təsir göstərir. Girişə yaxın ərazilər daha baha, məzarlığın son hissələrində yerləşən sahələr isə nisbətən ucuz olur. Bataqlıq və ya qamışlıq ərazilərdə yerləşən məzar yerləri daha aşağı qiymətə təklif edilir.

Bakı kəndlərində bir neçə məzar yerinin əvvəlcədən alınması ənənəsi də mövcuddur. Ailəsi üçün üç-dörd, hətta beş yer birdən alanlara müəyyən endirimlər tətbiq olunur. Qəbiristanlıqlarda əvvəlcədən rezerv edilmiş məzar yerlərinə də rast gəlinir. Bəzi vətəndaşlar bunu birmənalı qarşılamasa da, mövcud qanunvericilik məzar yerinin öncədən təyin edilməsinə imkan verir. Bu məsələ Nazirlər Kabinetinin “Qəbiristanlıqların salınması və idarə olunması” qaydalarına dair qərarında öz əksini tapıb.

Bakıda pulsuz məzar yerləri də var:

Bununla yanaşı, müəyyən sosial təbəqələr üçün məzar yeri bələdiyyələr tərəfindən pulsuz ayrılır. Məsələn, Balaxanı və Dədə Qorqud qəbiristanlıqlarında aztəminatlı ailələr üçün xüsusi sahələr zaman-zaman mövcud olub.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan ilahiyyatçı Fazil Əhmədli bildirib ki, paytaxtda dəfn yerləri ilə bağlı vəziyyət nəzərəçarpacaq dərəcədə dəyişib:

“Ümumiyyətlə, bu mövzu çox acınacaqlıdır və hələ də aktuallığını qoruyur. Öz hesablamalarıma görə, son 10-15 ildə bu məsələ daha da aktuallaşıb. Problemin kökündə duran əsas səbəb budur ki, təxminən, 15-20 il əvvəl Bakı şəhərinə köçən insanların böyük əksəriyyəti öz ölülərini rayonda dəfn edirdilər. Çünki rayonlarda qəbir yerləri xüsusi olur, qohumlar orada dəfn olunur və insanlar bunu daha yaxşı hesab edirdilər.

Lakin son 10 ildə, xüsusilə pandemiya dövründən sonra şəhərdə yaşayan rayon insanları düşünməyə başlayıblar: Niyə ölüklərimizi uzağa aparaq? Onsuz da biz şəhərdə yaşayırıq, gəlib ziyarət etməyimiz çətin olur, elə şəhərdə dəfn olunsun ki, rahat ziyarət edə bilək”.

Məsələnin kökündə duran əsas məsələ budur. Əgər hər rayon əhli ölülərini öz rayonlarında dəfn etsəydi, sıxlıq yaranmazdı. Amma indi sıxlıq yaranır. Eyni səbəbdən, Azərbaycana daxil olan avtomobillərin böyük əksəriyyəti Bakıda sürülür, buna görə də sıxlıq artır. Rayon əhli Bakıda yaşayır və ölkəyə daxil olan avtomobillərin 80-90%-i şəhərdə istifadə olunur. Bu da sıxlığa səbəb olur.

Dünyasını dəyişən insanların böyük əksəriyyəti Bakıda dəfn olunur, bu da məsələnin problem olmasına gətirib çıxarır. Qəbristanlıqlarda yerlərin olmaması və sıxlıq bəzi inzibati orqanlar tərəfindən torpağın satılması qiymətlərin yüksəlməsinə səbəb olur. Əgər yer tələbi az olsaydı, qiymət də aşağı olardı”.

O qeyd edib ki, qəbir yerinin pulla satılmasının İslam dini ilə heç bir əlaqəsi yoxdur:

“Əvvəllər bir qəbrin qiyməti 100 manat idisə, indi bu 1500-2000 manat və daha çox ola bilər.

 Bunun isə İslam dini ilə heç bir əlaqəsi yoxdur. Dində qəbrin və ya qəbir yerinin pulla alınması anlayışı yoxdur. Rayonlarda belə bir problem yoxdur, insanlar  özləri qəbrləri qazır və dəfn edir, heç bir ödəniş tələb olunmur.

Şəhərdə isə sıxlıqdan istifadə edənlər bəzən bu vəziyyəti öz xeyirlərinə işlədirlər ki, bunu hətta dələduzluq adlandırmaq olar. Bu məsələnin din xadimləri ilə əlaqəsi yoxdur, çünki din xadimi torpaq satmır. Qəbristanlıqların idarəsi icra hakimiyyətləri və bələdiyyələrin səlahiyyətindədir. Onlar qiymət artımını tənzimləyir, insanların tələbi isə bu artımı daha da sürətləndirir.

Mən bir ilahiyyatçı kimi bu vəziyyəti qınayıram. Tövsiyə edirəm ki, insanlar ölüklərini öz rayonlarına aparsınlar, yaxınlarının yanında dəfn etsinlər. Bu həm yaxınlıq baxımından rahatdır, həm də ödəniş məsələsi yaranmır. 

Hal-hazırda Bakı ətrafında çoxlu boş sahələr var, məsələn, Bakı-Şamaxı yolunun sağ və sol tərəflərində. Burada yeni qəbristanlıqlar açılsa, insanlar ölülərini orada dəfn edə bilər. sıxlıq azalacaq və qiymət yüksək olmayacaq.

Ümumiyyətlə, qəbristanlıq cəmiyyətə aid bir məkandır. Orada dəfn prosesi üçün pul məsələsi olmamalıdır. Bu İslamın əsas prinsiplərinə uyğundur”. 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Chosen
25
yenisabah.az

1Sources