EN

MDU təşkilatçılığı ilə enerji klasteri çərçivəsində vörkşop keçirilib - FOTOLAR

2026-cı ilin 13 fevral tarixində Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan İES” MMC-də “Azərbaycanda elektrik enerjisinin tələb və təklif tarazlığı – istehsal, ötürmə və istehlakın balanslaşdırılması” mövzusunda vörkşop keçirilib.

"Unikal" xəbər verir ki, tədbir Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında Elektroenergetika Tədqiqat Klasterinin birgə yaradılması və istifadəsinə dair 2025-ci ilin 6 dekabr tarixli Strateji Əməkdaşlıq Memorandumu çərçivəsində həyata keçirilib. Vörkşopun əsas məqsədi Azərbaycanın və regionların elektroenergetika potensialının səmərəli istifadəsi, enerji istehsalı və istehlakı arasında tarazlığın təmin edilməsi, elmi-tədqiqat və istehsalat əməkdaşlığının gücləndirilməsi olub.

Vörkşopda Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və Azərbaycan Texniki Universitetinin rektoru prof. Vilayət Vəliyev, “Azərenerji” ASC, “Azərbaycan İES” MMC-nin və “Mingəçevir SES” MMC-nin rəhbər və işçi heyəti, , eləcə də hər iki ali təhsil müəssisəsinin akademik və inzibati heyəti iştirak edib.

Tədbir Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyevin moderatorluğu ilə keçib. Vörkşop çərçivəsində Azərenerji ASC-nin İdarə Heyətinin sədrinin müşaviri Üzeyir Yusifov, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, “Mingəçevir SES” MMC-nin direktoru Oqtay Pirverdiyev, AzTU-nun prorektoru Fariz Məmmədov, Energetika fakültəsinin dekanı, professor Hüseynqulu Quliyev, həmçinin Mingəçevir Dövlət Universitetinin müəllimi və “Azərbaycan İES” MMC-nin əməkdaşı Qədir Məmmədli mövzu ətrafında təqdimatlarla çıxış ediblər.

Çıxışlarda elektrik enerjisi sistemində tələb və təklifin balanslaşdırılması, istehsal güclərinin optimallaşdırılması, ötürmə şəbəkələrinin rolu, bərpa olunan və ənənəvi enerji mənbələrinin inteqrasiyası, eləcə də universitet–sənaye əməkdaşlığının əhəmiyyəti geniş şəkildə müzakirə olunub. Qeyd edilib ki, bu cür birgə elmi-praktiki tədbirlər ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və kadr potensialının inkişafına mühüm töhfə verir.

Vörkşop iştirakçıların sualları, fikir mübadiləsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteitnin "Energetika mühəndisliyi", "Elektrik və elektronika mühəndisliyi" ixtisaslarında təhsil alan tələbələrin istehsalat təcrübəsi "Azərbaycan İES" MMC-də keçirlər. Həmçinin, praktiki dərslər stansiyanın istehsalat bölməsində və tədris mərkəzində keçirilir.

Chosen
57
50
unikal.az

10Sources