[center]
[/center]Azərbaycanda qəbiristanlıqların idarə olunması ilə bağlı qanunvericilik kifayət qədər aydın və konkret görünür. Qəbiristanlıqların reyestrinin aparılması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi-nin səlahiyyətinə daxildir, onların idarə olunması isə bələdiyyələr tərəfindən həyata keçirilməlidir. Nazirlər Kabinetinin təsdiqlədiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” dəfn prosedurunu, torpaq normasını və təşkilati mexanizmləri detallı şəkildə müəyyən edir. Qanuna görə, qəbir yeri müraciət əsasında ayrılmalı, hər qəbir üçün 5 kvadratmetr torpaq sahəsi nəzərdə tutulmalı, proses isə şəffaf və rəsmi qaydada icra edilməlidir.
Kağız üzərində hər şey qaydasındadır. Amma reallıq tamam başqadır.
Bizimesr.az bildirir ki, bu gün xüsusilə Bakı və Sumqayıt ərazilərində qəbir yerləri faktiki olaraq açıq bazar prinsipi ilə satılır. Qiymətlər “yerinə görə” dəyişir- yol kənarı, mərkəzi hissə, “yaxşı sektor”.
Rəsmi sənədlərdə belə anlayışlar yoxdur. Amma praktikada var. 1500 manatdan başlayan qiymətlər 5 min manata, hətta bəzi hallarda 10 min manata qədər yüksəlir.
Rəsmi tarif cədvəli yoxdur, qəbz verilmir. Ödənişlərin hansı hesabda toplandığı məlum deyil. Əgər qanun qəbir yerlərinin satılmasını nəzərdə tutmursa, bu pullar hansı hüquqi əsasla yığılır? Əgər qəbiristanlıqlar bələdiyyələrin balansındadırsa, niyə bu ödənişlər rəsmi büdcə gəliri kimi görünmür? Əgər reyestr dövlət qurumunun səlahiyyətindədirsə, niyə faktiki vəziyyətlə bağlı nəzarət mexanizmi işləmir?
Qəbiristanlıqlarda “müdir” kimi təqdim olunan şəxslər fəaliyyət göstərir. Onlar qəbir yerini göstərir, qiyməti deyir, nağd ödənişi qəbul edir. Bu şəxslər hansı qurumun əməkdaşıdır? Dövlət qurumunun, bələdiyyənin, yoxsa qeyri-rəsmi şəbəkənin? Bu sualın da açıq cavabı yoxdur.[center]
[/center]Ən ağrılı məqam isə sosial ədalətsizlikdir. Pulu olan yaxşı yerdə dəfn olunur, pulu olmayan isə ya borc-xərc tapmağa məcbur qalır, ya cənazəni rayona aparır, ya da aşağılayıcı vəziyyətlə üzləşir. Qanun aztəminatlı ailələr üçün yardım mexanizmi nəzərdə tutur. Amma praktikada neçə nəfər bu yardımdan istifadə edib? Hansı meyarla müəyyən olunur? İctimaiyyət üçün açıq statistika yoxdur.
Belə vəziyyətdə “ölmək belə baha başa gəlir” ifadəsi artıq emosional şüar deyil, sosial reallıqdır.
Əgər qəbiristanlıqlar bələdiyyələrin balansındadırsa, rəsmi tariflər ictimaiyyətə təqdim edilməlidir. Əgər torpaq dövlət mülkiyyətidirsə, onun istifadəsi və ödəniş mexanizmi açıq izah olunmalıdır. Əgər heç bir ödəniş nəzərdə tutulmursa, bu minlərlə manatlıq məbləğlər kim tərəfindən və hansı əsasla toplanır?
Bu sahə sosial xidmət yox, faktiki olaraq qapalı kommersiya sisteminə çevrilib. Cəmiyyətin ən həssas anında - yas vaxtında vətəndaş maddi təzyiq və qeyri-rəsmi ödənişlərlə üzləşirsə, bu artıq təkcə inzibati problem deyil, idarəetmə böhranıdır.
Aidiyyəti qurumlar, bələdiyyələr və xüsusilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ictimaiyyət qarşısında açıq mövqe ortaya qoymalıdır. Qəbir yerlərinin satışı dayandırılmalı, şəffaf mexanizm qurulmalı, rəsmi tarif və hesabat sistemi tətbiq edilməlidir. Əks halda bu sahə hüquqi boşluqdan istifadə edən qaranlıq və nəzarətsiz struktur kimi qalacaq. Qəbiristanlıq insan həyatının son dayanacağıdır. Orada da ədalət yoxdursa, problem artıq təkcə torpaq məsələsi deyil bu, sistem məsələsidir.
Bu nəzarətsiz sistem isə yalnız sosial ədalətsizliyə deyil, eyni zamanda böyük maliyyə fırıldaqlarına da yol açır. Qəbir yerlərinin qeyri-rəsmi satışı sayəsində hər ay milyonlarla manat gəlir əldə edən şəxslər var. Bu gəlirlər bəzən milyardlarla manata çatır, amma ictimaiyyət və dövlət qurumları tərəfindən monitorinq edilmədiyindən, kimlərin bu pulları qazandığı və bu sistemin kimlər tərəfindən idarə olunduğu məlum deyil.
Əslində isə bu xaotik vəziyyətə aydınlıq gətirilməsi və qəbiristanlıqlara bir çəki-düzən verilməsi üçün Ədliyyə nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin borcudur. Əgər torpaqlar bələdiyyələrə verilibsə, qəbristanlıqlar bələdiyyələrin nəzarətindədirsə deməli məsuliyyətdə, cavabdehlik də, araşdırma da Bələdiyyələrlə İş Baş İdarəsinin işi olmalıdır.
Hazırda idarənin rəisi Elmin Həsənovdur. Qeyd edək ki, bu vəzifə əvvəllər Bələdiyyələrlə İş Mərkəzi adlanırdı, sonradan isə onun yerində Bələdiyyələrlə İş Baş İdarəsi yaradılıb.
Ölü üzərindən milyonlarla manat qazananların aşkar edilib, birmənalı şəkildə məsuliyyətə cəlb olunması zəruridir. Təbii ki, əgər bu ölkədə qanunlar işləyirsə…
Bizimesr.az