ain.az, Lent az portalına istinadən məlumat verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində sahibkara çoxmənzilli yaşayış binasının tikintisinə köməklik edəcəyinə söz verərək ona qarşı dələduzluq edən Aydın Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.
Şahid R.S. Aydın Cəfərovu tanıdığını bildirib:
"Həmin gün ofisə Müşfiq Muradovla görüşməyə gəlmişdim. Ondan beş yüz min manat alacağım vardı. Müşfiq 10 000 verdi, dedi qalanını sonra verəcəm. Çox keçmədən Afət xanım gəldi. Müşfiqə dedim məndən aldığın pulla borclarını ödədinmi, sonra canını boğazına yığmasınlar? O da qayıtdı ki, sənin nəyinə lazımdır, hamısını verəcəm. Aydın müəllim ora gələndə Azadxan dedi ki, Aydın müəllim bu işi qanun çərçivəsində həll edəcək. Müşfiq dedi ki, Afət əl çəkmirdi, alınan puldan 270 000 Afətə getdi. Mən özüm Afətdən 40 000 manat faizə götürüb bu başıbatmışa (təqsirləndirilən Aydın Cəfərovu işarə edir) vermişəm. Rusiyada yaşadığım vaxtdan Müşfiq məni bloklamışdı. Bir sözlə, bu vicdansız aldığı pullarla borclarını qaytarmaqdansa, aradan çıxıb".
Növbəti proses 6 mart saat 15:30-a təyin olunub.
Xatırladaq ki, təqsirləndirilən şəxs Aydın Cəfərov tanışı Müşfiq Muradov və başqaları ilə qabaqcadan əlbir olaraq ötən ilin yanvarında "Azland Residence" MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 96F saylı sahədə çoxmənzilli yaşayış binasının tikintisinə müvafiq dövlət qurumlarından icazə alınmasına köməklik göstərəcəyi ilə bağlı iş adamı Azadxan Xanməmmədova vəd verib.
O, Azadxan Allahqulu oğlu Xanməmmədova özünü Azərbaycanın dövlət qurumlarının yüksək vəzifəli şəxsləri ilə işgüzar əlaqələrinin olduğunu, eləcə də özünü Azərbaycan Respublikasının ali kateqoriyalı orqanının yuxarı vəzifəli şəxsinin qeyri-rəsmi köməkçisi kimi təqdim edib.
"Alliance Plaza"dakı ofisində görüşləri və telefon danışıqları zamanı Azadxan Xanməmmədovdan çoxmənzilli yaşayış binasının tikintisinə müvafiq dövlət qurumlarından icazə alınmasına görə, özü və Müşfiq Muradovun vasitəsilə birbaşa yolla 500.000 (beş yüz min) manat məbləğində pul vəsaitini alıb.
Daha sonra təqsirləndirilən şəxs tikiləcək çoxmənzilli yaşayış binasının eskiz layihəsinin çəkilməsinin zəruri olduğunu və həmin eskizi çəkdirəcəyinə inandıraraq Azadxan Xanməmmədovdan 6 min manat alıb.
Beləliklə, Aydın Cəfərov etibardan sui-istifadə etmə yolu ilə Azadxan Xanməmmədova məxsus 506.000 manat məbləğində pulu mənimsəyərək ona qarşı xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq edib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.