EN

Üç ad, bir kabus Məhsəti Musa yazır

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Məhsəti MUSA

Son on günlər dünyanı silkələyən, vahimə yaradan  Epşteyn olayları hər gün çözüldükcə daha da iyrənc əməllər ortaya çıxır.  Süni intellektin də bir çox işə qadir olduğu bir zamanda açığı, öncə bu məsələyə  bir az qeyri-ciddi yanaşdım. Amma baş verənləri daha yaxından izlədikcə uşaq vaxtlarımda oxuduğum "Göy saqqal" nağılını yenidən xatırlamalı oldum. Dünya uşaq ədəbiyyatı seriyasından olan kitabda, həmçinin bir sıra başqa kitablarda "Göy saqqal", "Mavi saqqal" adı ilə çap olunan nağılların baş qəhrəmanı Göy saqqal bir qatil kimi təsvir edilir. Bu nağıllar içərisində Şarl Perronun "Mavi saqqal" nağılı daha məşhurdur.  Burada  varlı biri olan Mavi saqqal kiminlə evlənirsə, bir müddət sonra həmin qadın yoxa çıxır. Mavi saqqal növbəti evliliyindən  sonra qəsrin bütün qapılarını yeni arvadının ixtiyarına versə də, bir otağı onun üçün toxunulmaz elan edir və oraya girməyə qəti şəkildə qadağa qoyur. Lakin o, səyahətə çıxan kimi, gənc qadın  bacılarının təkidi ilə həmin qadağan olunmuş qapını açır. İçəridə onu dəhşətli bir mənzərə - ərinin əvvəlki arvadlarının qanlı cəsədləri qarşılayır. Bu vaxt qapının açarı silinməz bir qan ləkəsinə boyanır və qadın nə qədər çalışsa da, ləkəni təmizləyə bilmir. Qəsrə qayıdan Mavi saqqal sirrin açıldığını anlayaraq arvadını qətlə yetirməyə hazırlaşarkən, qadının köməyə yetişən bacıları onu arxadan vuraraq öldürür.  Amma mənim yaddaşımda daha bir nağıl qalmışdı ki, burada  Göy saqqal kimi tanınan cadugər məhz subay qızları öldürərək onların qanından hər hansı bir daş hazırlamaq istəyirdi. Son günlər Mavi saqqal və Cefri Epşteyn arasında xəyalən apardığım müqayisəni daha da uyğunlaşdırmaq üçün evdəki kitabları ələk-vələk etsəm də, nağılın məhz bu variantını tapa bilmədim. Lakin atamın stolüstü kitablarından  olmuş  Sübhi Bəktaşinin "Yüz bir hekayət" adlı kitabı bu axtarışlar zamanı əlimə keçəndə çox sevindim. Çünki məhz bu kitabda da "Göy saqqal"la bağlı bir məlumat olduğunu bilirdim. O vaxtlar uşaq idim, kitaba ordan-burdan baxmışdım, amma bu məlumatın olduğu dəqiq yadımda idi. Bəli, qiymətli daş-qaşlardan bəhs edən kitabda məhz "Göy saqqal" başlıqlı bir yazı var. Burada əsas məsələ "fəlsəfə daşı" olsa da, mən axtardığımın izinə düşmüşdüm. Belə ki, hadisələr "fəlsəfə daşı"nın hazırlanması və onun vasitəsilə başqa metalların qızıla çevrilməsinə olan inam nəticəsində törədilən cinayətlərlə bağlıdır. Yəni burada artıq Göy saqqal nağıl qəhrəmanı yox, real şəxsdir. Söhbət Qraf de Retsdən (Jil de Reys) gedir.  O, "fəlsəfə daşı"nı hazırlamaq üçün kimyaçı dostu Fransua Prelatti ilə birlikdə  800 nəfər bakirə qızı öldürüb onların qanından  "fəlsəfə daşı" hazırlamaqda təqsirləndirilərək inkvizisiya tərəfindən həbs edilmiş və  yandırılmışdı. Təbii ki, kitabda  məhz  "fəlsəfə daşı" ətrafında verilən bu kiçik məlumat məni tam qane etmədiyi üçün  müqayisəmi daha aydın apara bilmək  məqsədiylə daha çox axtarışlar etdim və  Jil de Reys haqqında  bir az da bilgi topladım. Əslində kim idi o?

Jil de Reys  təxminən 1404-cü ildə Fransada anadan olmuşdu və nüfuzlu bir ailəyə mənsub idi. O, yüzillik müharibə zamanı görkəmli hərbi lider kimi tanınırdı. Ən əhəmiyyətli hərbi rolu Janna Darkın  komandanlığı altında olarkən oynayıb. O,  1429-cu ildə Orlean mühasirəsinin qaldırılmasında iştirak edib və Janna Darkın ən yaxın silahdaşlarından olub. Janna Darkın edamından sonra onun hərbi karyerası davam etsə də, döyüşlərdəki rolu azalıb. Hərbi xidmətlərdən sonra  Jil de Reys öz mülklərinə çəkilib, qapanıb  və burada dəhşətli cinayətlər törətməyə başlayıb. Cinayətlərə səbəb isə məhz yuxarıda qeyd etdiyimiz fəlsəfə daşı idi.  Tükənməkdə olan sərvətini bərpa etmək üçün fəlsəfə daşını tapmaq və ya hazırlamaq xülyasına düşən Jil de Reys bu məqsədlə müxtəlif yerlərdən kimyagərləri və okkultistləri öz qalasına dəvət edir. Və bu kimyagərlər içərisində italyan kimyagər  Françesko Prelati  Jil de Reysi inandırır ki, adi metalları qızıla çevirən, həmçinin insana ölməzlik verən fəlsəfə daşını hazırlamaq üçün iblisi köməyə çağırmaq lazımdır. Onlar Jil de Reysə məxsus "Tiffauges" (Tifoj)  qalasında qılıncla torpağa sehrli dairələr çəkərək iblisi çağırmaq üçün rituallar keçirirdilər. Jil de Reys öz qanı ilə (bəzi mənbələrdə məhz uşaqların qanı ilə) İblis  üçün müqavilə də imzalamışdı. Bu müqavilədə o, ruhu və ömrü istisna olmaqla, hər şeyi İblisə qurban verməyə hazır olduğunu bildirmişdi.

Və nəticədə də Jil de Reys getdikcə daha da çirkin əməllərə qol qoymalı olur. O, "Tiffauges" və "Machecoul" (Maşkul) adlanan qalalarında bahalı avadanlıqlarla təchiz olunmuş laboratoriyalar qurdurur. "Fəlsəfə daşı"nı əldə etmək üçün  saysız-hesabsız kimyəvi birləşmələr üzərində təcrübələr aparır və bu yolda böyük miqdarda qızıl və gümüş pul xərcləyir. Bu kimyagərlik sınaqları zamanla qaranlıq rituallara çevrilir. Prelatti iddia edirdi ki, İblis  Jil de Reysə kömək etmək üçün ondan dəhşətli qurbanlar tələb edir. Jil de Reys də istəyinə çatmaq üçün "qurban" verməyin zəruri olduğuna inanaraq  uşaqların qanından, bədən üzvlərindən və daxili orqanlarından istifadə etməyə başlayır. İddialara görə, o, yüzdən çox uşağı oğurlayıb, onlara işgəncə verib, öldürüb. 1440-cı ildə kilsə və mülki məhkəmələr tərəfindən həbs edilib. Məhkəmə zamanı Jil de Reysə qarşı sürülən ittihamlar arasında uşaq qətli və digər ağır cinayətlər var idi. O, cinayətlərini etiraf edib və 1440-cı il oktyabrın 26-da Nant şəhərində edam olunub.

Tiffauges (Tifoj) qalası

Bu gün Fransanın mühüm tarixi abidələrindən biri hesab olunan Tifaj qalasının məhz əvvəldə qeyd etdiyimiz kimi,  həm də çox qaranlıq bir keçmişi vardır.Tarixi mənbələrə və  məhkəmə sənədlərinə görə, Jil De Reys  yüzlərlə uşağı qalanın zirzəmilərində və qüllələrində qətlə yetirib, burada əlkimya və qara magiya ilə məşğul olub. Tifaj qalasının inşasında  strateji müdafiə əsas götürülmüşdü. Yerləşdiyi coğrafi mövqe onu təbii müdafiə ilə təmin edirdi. Yəni ələ keçirilməsi çətin olan ərazidə ucaldılmışdı.

Qala haqqında da kiçik məlumatdan sonra keçək nağıllarda "Mavi saqqal", "Göy saqqal" adı ilə tanınınan Gil de Reysin bugünkü kölgəsinə.

Günlərdir dünya mediasını zəbt edən Epşteyn olayları əfsanələşən, amma əslində real şəxs olan "Mavi saqqal" ilə o qədər oxşardır ki, istər-istəməz bu məqalənin yazılmasına səbəb oldu. Epşteyn haqqında da uzun-uzadı yazmaq niyyətim yoxdur. Çünki bu gün onunla bağlı kifayət qədər yazılır, göstərilir, əməlləri şərh edilir və bu haqda saysız-hesabsız mənbələr mövcuddur. Amma mən sadəcə bir müqayisə aparmaq, bu iki şəxsin oxşarlıqlarına diqqət çəkmək istədim. Çünki Jil de Reys və Cefri Epşteyn arasında əsrlər, fərqli cəmiyyətlər və fərqli siyasi quruluşlar olsa da, onları birləşdirən mühit və davranış üsulları dərhal nəzərə çarpır:

l Onların bu cinayətləri törətdikləri hər iki məkan - Tifoj qalası və Epşteyn adası ( Little Saint James adası) kənar müşahidədən uzaq, qapalı bir mühit təşkil edirdi.

l Hər iki cinayətkarın aidiyyəti qurumların diqqətindən kənarda qalma səbəbi yüksək statusa malik olmaları idi. Jil de Reys dövrünün güclü zadəganlarından biri, Fransa Marşalı idi.  Epşteyn isə geniş əlaqələri olan bir milyarder. Yəni bu "statusları" onlara "toxunulmazlıq zirehi" geyindirərək məsuliyyətdən yayındıra bilmişdi.

l Onların hər ikisi qurbanlarının yoxsulluğundan, müdafiəsizliyindən istifadə etmək və onları dəbdəbə ilə aldatmaqla istəklərinə nail olurdular. Belə ki, Jil De Reysin qurbanlarının çoxu (əsasən 6-18 yaş arası oğlan və qızlar) olduqca kasıb ailələrdən idi. O, uşaqları qaçırmaq və ya aldadıb gətirmək üçün sadiq xidmətçilərindən istifadə edirdi. Bu xidmətçilər ətraf kəndlərdə tənha qalan uşaqları izləyir və onları qalaya gəlməyə razı salırdılar. Qalaya daxil olan uşaqlara əvvəlcə xeyli nəzakətli davranılırdı. Onlara ömürlərində görmədikləri bahalı paltarlar geyindirilir, dadlı yeməklər verilir və necə deyərlər, "şahzadə" kimi rəftar edilirdi. Jil de Reys  qurbanlarını elə təbəqədən seçirdi ki, onların yoxa çıxması heç kimin diqqətini çəkməsin. Kasıb valideynlərin isə ona qarşı çıxmağa gücü və cəsarəti çatmırdı... Bəs Epşteyn neyləyirdi?  Burada  da kasıb, çarəsiz qızlar maaş qarşılığında "masaj" və ya "modellik" adı ilə işə götürülürdü.  Aldadılaraq şəbəkəyə salınan bu yeniyetmələr illərlə davam edən ağır cinsi istismar, insan alveri və sistemli təhdidlərlə üzləşirdilər. Bəziləri pul qarşılığında öz yoldaşlarını şəbəkəyə cəlb etməklə bəlkə də özləri də bilmədən təhlükəli cinayətin iştirakçısına çevrilirdilər. Bu işlərdə Epşteynin ən yaxın köməkçisi Jislən Maksvell  (Ghislaine Maxwell) idi.   İddialara görə, Maksvell Epşteyn üçün yetkinlik yaşına çatmayan qızları tapır, istiqamətləndirir və cinsi istismara hazırlayırdı. O, Epşteynlə birgə qurbanları qorxu altında saxlayır, onların gələcək karyeralarını məhv etməklə və ya ailələrinə zərər verməklə hədələyirdi.  Epşteyn cinayətlərində uşaqların yardım adı altında oğurlanması ilə bağlı fikirlər də mövcuddur.

l Okkultizm və ayin iddialarına gəldikdə isə, açığı danışılanlar mənə o qədər də ağlabatan görünmür. Çünki insanlar tarixən hadisələri şişirdərək danışmağa meyilli olurlar və ya nə zamansa məcazi mənada işlənmiş bir fikri real hadisə kimi danışırlar. Keçmişdə bu hadisələr dildən-dilə keçdikcə nağıllaşır, şişirdilir, fərqli təqdim olunurdusa, bu gün də süni intellekt vasitəsilə yaradılan bir çox şişirdilmiş görüntülərin geniş kütləni inandırdığının şahidi oluruq. Amma buna baxmayaraq, əgər deyilənlərə inansaq, həmin ayinlərin də həyata keçirilməsində bu iki şəxsin əməllərinin oxşarlığını taparıq. Belə ki,  Jil de Reys 1440-cı ildəki məhkəmə sənədlərinə görə, əlkimya ilə məşğul olur və uşaq qurbanları verərək "Barron" adlı demonu çağırmağa çalışırdı. O, inanırdı ki, bu varlıq ona əbədilik iksiri və qızıl əldə etməkdə yardımçı olacaq. Epşteyndən danışanda da rəsmi sübutlar olmasa belə, bəzi iddialar onun adasındakı məbədəbənzər tikilini okkult ayinlərlə əlaqələndirir. Deyilənlərə görə, həmin məbəddə müxtəlif leqal olmayan xidmətlər - satanizmə məxsus dini ritual kimi qəbul olunan insanları və uşaqları şeytana qurban etmə mərasimləri, azyaşlılara qarşı cinsi zorakılıqlar  təşkil olunub.

Bir sözlə, hər 2 fiqur bir daha göstərir ki, cinayət və sui-istifadə eyni sxemlə əsrlər boyu təkrarlana bilər. Bəzən güc və var-dövlət artdıqca nəzarət azalır, qurbanlar daha çox susdurulur,  sistem isə gec də olsa, qorxunc nəticə ilə üz-üzə qalır. Epşteyn və Jil de Reys arasında əsrlərlə fərq olsa da,  onların hekayəsi gücün qaranlıq tərəfinin zaman tanımadığını ortaya qoyur və "Mavi saqqal"ın heç də sadəcə nağıl qəhrəmanı olmadığını göstərir. Amma bu "Mavi saqqal"lardan daha böyük və daha qorxunc "saqqal" varmı, bax bu həmişə müəmmalı qalır və mən də burada cavab axtarmaqdan vaz keçib gedirəm öz işimin ardıyca.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
50
525.az

10Sources