Xankəndi şəhərində yaşayış binasında partlayış baş verib.
Publika.az Yenisabah-a istinadən xəbər verir ki, hadisə nəticəsində Laçın rayon Şəlvə kənd sakini, 1980-ci il təvəllüdlü İsgəndər Hüseynalı oğlu Hüseynov ağır yanıq xəsarətləri alıb.
O, Bakıya təxliyə edilib və 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib (təmirlə əlaqədar bu xəstəxana Buzovnadakı 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülüb). İ.Hüseynov burada 3 gün müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun qardaşı Qələndər Həsənov bildirib ki, hadisəyə partlayıcının işə düşməsi səbəb olub:
“Qardaşım “Azinvest İnşaat” QSC-nin Xankəndidə həyata keçirdiyi tikinti sahəsində mühafizəçi işləyirdi. Həmin şirkətin fəhləsi Rəşad Çingiz oğlu Əliyevlə bir mənzildə kirayədə qalırdılar. Rəşad şəhərdə raketin partlayıcı hissəsini tapıb, evə gətirib və onu kəsib-doğrayan zaman əlində alışıb. İsgəndər həmin vaxt yatırmış. Rəşad alışmış partlayıcını yerə atıb və qardaşımı köməksiz vəziyyətdə qoyaraq qaçıb. Həmin vaxt mənzilin qapısı bağlı olub. Lakin niyə bağlı olduğu bizə də məlum deyil. Bunların yaşadığı mənzil binanın ikinci mərtəbəsində yerləşir. Qardaşım pəncərəni qırıb kömək istəyəndə bizim qohumlardan biri görüb və məlumat verib ki, filankəs kömək istəyir. Yalnız bundan sonra İsgəndəri mənzildən çıxarmaq mümkün olub”.