ain.az bildirir, Bizimyol portalına istinadən.
Rusiya hələ ki ciddi danışıqlara hazır deyil, buna görə də Almaniya hazırkı mərhələdə Avropa İttifaqı (Aİ) ilə Moskva arasında birbaşa əlaqə kanalının açılmasında məna görmür.
"Report" xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Münxen Təhlükəsizlik Konfransında deyib.
"Bu müharibə yalnız Rusiya iqtisadi ya da hərbi cəhətdən tükəndiyi zaman bitəcək. Biz bu məqama yaxınlaşırıq, lakin hələ çatmamışıq", - o, Avropanın Kreml ilə birbaşa əlaqə kanalının yaradılmasının məqsədəuyğunluğu barədə sualı cavablandırarkən bildirib.
Fransa Prezidenti Emmanuel Makron ideyanı dəstəkləsə də, Merts buna şübhə ilə yanaşıb. Onun sözlərinə görə, Avropa Rusiya ilə danışıqlar aparan ABŞ və Ukrayna ilə sıx koordinasiyadadır. "Yaxşı koordinasiya var və hər iki tərəflə əvvəlcədən müzakirə olunmamış heç nə qalmayıb", - kansler vurğulayıb.
O, həmçinin Macarıstanın Baş naziri Viktor Orbanın 2024-cü ildə Moskvaya səfərini xatırladaraq, onu "uğursuz presedent" adlandırıb: "Aİ-dən bir Baş nazir var idi ki, təxminən iki il əvvəl özbaşına Moskvaya getmişdi. Onun mandatı yox idi və o, heç nəyə nail olmadı. Növbəti həftə isə biz mülki infrastruktura, fərdi evlərə və xəstəxanalara o vaxta qədər görülmüş ən güclü zərbələri gördük".
Kansler qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsi İkinci Dünya müharibəsindən daha uzun müddətdir davam edir. "Rusiya bunu istənilən an dayandıra bilər, lakin onu bu dəhşətli müharibənin davam etdirilməsində heç bir fayda görməyəcəkləri nöqtəyə çatdırmaq bizim - ABŞ, Avropa və Ukraynanın - əlimizdədir", - Merts bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.