EN

Bakı Vaşinqton xəttində strateji dönüş: Azərbaycan və ABŞ arasında yeni əməkdaşlıq mərhələsi

Yeniazerbaycan saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ-ın Vitse-prezidenti Cey Di Vens arasında keçirilən görüş və mətbuata verilən bəyanat iki ölkə münasibətlərində yeni strateji mərhələnin əsasını qoydu. Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”nın imzalanması Bakı–Vaşinqton əlaqələrinin hüquqi və siyasi bazasını daha da möhkəmləndirdi.

Prezident İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, Azərbaycan ilə ABŞ arasında münasibətlər uzun illərdir qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanır. Dövlət başçısı qeyd etdi ki, xüsusilə enerji təhlükəsizliyi sahəsində həyata keçirilən layihələr Azərbaycanın qlobal enerji bazarında etibarlı tərəfdaş mövqeyini gücləndirib və ABŞ ilə bu istiqamətdə əməkdaşlıq mühüm nəticələr verib.

Bəyanatda bildirildi ki, yeni imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası siyasi dialoqun daha da intensivləşdirilməsini, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsini, investisiya mühitinin təşviqini, yüksək texnologiyalar və innovasiya sahəsində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Sənəd həmçinin regional sabitlik, təhlükəsizlik və davamlı inkişaf məsələlərində birgə fəaliyyətin əhəmiyyətini xüsusi olaraq vurğulayır.

ABŞ-ın Vitse-prezidenti Cey Di Vens çıxışında Azərbaycanın regionda artan rolunu və strateji əhəmiyyətini yüksək qiymətləndirərək, ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirdi. O, enerji resurslarının şaxələndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və iqtisadi tərəfdaşlığın gücləndirilməsi baxımından Azərbaycanın mühüm tərəfdaş olduğunu qeyd etdi.

Mətbuata verilən bəyanatlar göstərdi ki, Azərbaycan–ABŞ münasibətləri yalnız mövcud əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda gələcəyə hesablanmış strateji baxışa əsaslanır. İmzalanan Xartiya iki ölkə arasında siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edəcək.

Beləliklə, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması Azərbaycan ilə ABŞ arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyir və qarşıdakı illərdə əməkdaşlığın daha geniş miqyas alacağına zəmin yaradır.

L.Məmmədova

YAP Samux rayon təşkilatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

1Sources