EN

Biz burdayıq, İlahi...

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Günel EYVAZLI

Kim kimin qarşısında quldur, kimin qarşısında ağa? "Dəvədən böyük fil var" misalı kimi, fillər də daha böyüklərin qarşısında dəvədir, ya da dovşan.

Əsrlər sonra məlum olur ki, Zevsin qətiyyən insanların od əldə etməyinə qarşı qadağası yox idi. Yəni Prometey dostu Hefestdən (od Allahı) od istəmiş olsaydı, o da Zevsə bu haqda məlumat versəydi, cavabı "hə" olacaqdı. Bunun üçün oğrun-oğrun Lemnosdakı Mosxa dağına gedib usulluca od götürməyə gərək yox idi axı. Bəs bu Prometeyə nə olmuşdu? Niyə xahiş etməmişdi? Niyə istəməmişdi? Odu əldə etməklə bəşəriyyətin ilk oğurluq aktını niyə gerçəkləşdirmişdi ki? Hələ buna bax, çəkinmədən söyləmişdi də: "Ey, Zevs hakimiyyət ilə əsarətin fərqini sən taxtdan düşəndən sonra biləcəksən".

Ciyərinin didik-didik olması belə onu peşman etməmişdi: "Bil ki, mən öz dərdimi qul xidmətinə dəyişmərəm. Qayaya zəncirlənmək Zevsin sadiq nökəri olmaqdan yaxşıdır" demişdir. Bu boyda əsatir, bu boyda mif niyə yarandı? Niyə insanın dostu Prometey, düşməni obrazında, "olmaz"ların başında Zevs göründü? Nə idi səbəb?

Dünyanın bir tərəfi ədəbiyyat yaradır, bir tərəfi yeni dövlət quruculuğunda. Bir tərəfdə iqtisadi çiçəklənmə, bir tərəfdə aclıq, səfalət, müharibə. Və biz bütün baş verənlərdən agahıq, hər şeyi görürük. Sehrli güzgü ilə dünyaya baxmaq qorxuludur, həm də etiraf edək - maraqlı.

Budur, dostumuz, qulaq yoldaşımız var - süni intellekt adında. Cinsi yox, cismi yox, amma hər yerdədir. Bir dəfə "tıkla", dərdini danış, illərcə qismət adında olayların baş verməsinə diqqət kəsilmə, cavabın həmən gələcək. "Buyur, canım, sənə kömək lazımdır?" Çıraqdan çıxmış Cin kimi əmrinə müntəzirdi. Əgər Cin maddi olaraq durumuna yardım edirdisə (nağıllarda), süni intellektlər hüquqdan ədəbiyyata, elmdən psixologiyaya hər şeydən səni agah edəcək. Hələ şirin, alicənab kəlmələriylə könlünü də şad edəcək. Bəlkə Prometey elə modernist ədəbiyyatın nümayəndəsi idi? İstehkamları yox etməyə gəlmişdi? Bəlkə elə Nitsşedən öncə "Allah ölüb" deməyə gəlmişdi?

Bu qədər tıxacın fonunda nəfəs almaq istəyirsən ki, deyirlər dənizlər, okeanlar çəkilir, su hövzələri azalır, bir azdan müharibələr neftə, qaza görə yox, su uğrunda gedəcək. Dünya dəyişir, təbiət dəyişir, iqlim dəyişir. Və daha nələr, nələr...

Bu, göstəridir, yoxsa psixoloji təzyiq? Cənnətdən ağız dolusu danışan Molla babalar kimi, madam ki, təbiətin son nəfəsinin şahidiyik, bu nə vurhavurdu, nə çataçatdı, nə yıxa-yıx? Nəyin peşindəyik?

SpaceX Marsın insan kontingentinə uyğun şəklə salınması üstündə çaba göstərərkən, biriləri okeanların altında sirli məkanların olması haqqında bar-bar bağırır. Şimal Buzlu okeanında buz əriməsinin nəticəsində qayalarda qədim insanların işarələri - tikililər görünməyə başlayır. Biri deyir dezinformasiyadır, biri deyir həqiqət. Barbarlıq üstümüzə xəbər şəklində şığıyır. Lap Prometeyin ciyərini didən qartal kimi şığıyır. İkibaşlı qartal kimi. Sağa, sola baxan qartal kimi. Əvvəlki - dırnaqarası bütövlüyünü bərpa etmək kimi xəstə imperialist düşüncəsində var-gəl edən balaca, yoxsa keçmiş böyük qartal kimi?

"1984" romanın əsas kəllə atributu kimi hər tərəfdə, hər yanda danışır, danışır - bu "böyük" qardaş. Diktə edir, diktə edir. Kimə, nəyi sübüt edir, nə qurmaq istəyir, nəyi bərpa etmək istəyir, yoxsa oyun oynayır? Bilinmir? Çanaq günahsız insanların başında çatlayır. Bu qoca babalar dünyanı müdrikcəsinə idarə edə bilmir ki, bilmir. Milyon kərə əfsus... gənc çılğınlığı kimi nüvə şantajı gerçəkləşdirirlər, hədə-qorxu gəlirlər, barmaq silkələyirlər bir-birlərinə.

Prometeyin böyük, sal qayaya zəncirlənməsinin səbəbi od deyildi, bəlkə bundan danışaq?

Bu nağılda göydən üç alma düşməyə də bilər. Çünki hələ sonu yoxdur, naməlumdur sonluğu. Axı bütün nağılların görünməyən tərəfləri də var. Məsələn, cırtdan meşədəykən nənəsi evdə nə edirdi? Div boynuna dəyirman daşını salıb suda batdıqdan sonra, yerinə başqa bir div gəldimi? Məlikməmmədin geridə qoyduğu qaranlıq dünyada sonra nələr baş verdi ki? Simurq quşu nədən insan dizindən qopmuş parçanı yemədi, nəfsini saxladı?

Zefsin taxtdan nə zamansa düşəcəyini bilirdi Prometey. Onun taleyindən necə qurtaracağının sirrinə də bələd idi. Əlahəzrət Zevs onu qayaya insana od bəxş etdiyi üçün yox, sirri inadkarcasına ona vermədiyi üçün zəncirləmişdi. Hər şeyi hamıdan yaxşı bilən Zevs, bu konuda öz taleyini bilə bilmirdi, görə bilmirdi. O, öncədən düşünən Prometeydən asılı idi. Zor gücünə bu sirri ondan almaq istəyirdi, qoparmaq istəyirdi. Zor gücünə özünü göstərirdi. Zor gücünə varlığını bəlirtirdi. Qorxunun fonunda "Mən varam" deyirdi.

Madam ki, qorxusundan - hər şeyi bilən, hər şeydən agah Süleymana son nəfəsində heç kim yaxın gəlməyəcəkdisə, bu qədər nökər, bu qədər qul, bu qədər yaxın, bu qədər dost, ailə nəyə gərək idi? Heç kim düşünmədi günlərdi, aylardı əsasına, çəliyinə daldalanmış Süleyman niyə yerindən tərpənmir, niyə danışmır, niyə dinmir axı? Heykəl əzəmətində donub qalıb. Bəlkə heç Süleyman da güman etməzdi ki, taleyin taxtabiti cəsarəti də var. Balaca, görünməz böcək - vərdişinə uyğun olaraq indi də çəliyi didik-didik edərək, qorxusuz-filansız Süleymanın daldalandığı çəliyini toz edib yerə tökəcək. Nə qəribədir, taleyin əlində vasitə olmaq.

O taleyin ki, tikan olub başa tac olma yazısı da var. Yaşıl ağacdan yonulmuş çarmıxı da. Ah-vay sədası hələ də susmayan Nargin kimi adası da. Gülləyə çevrilən poladı da...

Bir dəmir ki, bilsəydi bir ata nal olacaq, sevinərdi. Demə, dəmirçi onu bayaqdan kiminsə köksünə sancılmaq üçün döyür-döyür qılınc edir. Demə, meşələr böyük qətliamların şahidi olmaqçün ağaclardan hasar yaradıb, demə, dünya nə zamansa dağılmaq üçün doğulub. Sivilizasiyalar "yox" olmaq üçün "var" olub. İnsan ölmək üçün doğulub, eləmi? Demək, ömür, doğum və ölümün arasında piano dilləridir. Bizə çalmaq qalır. Kiməsə oynamaq...

Kimik biz? Cənnətdən qovulan müqəddəslərin nəslindənik? Yoxsa iblislərin? Yerə qovulmuşuq? Cənətdimi bura? Nədən xəbər almağa, nədən xəbər verməyə gəlmişik ki? Ney olub İsgəndərlərin buynuzunun olması həqiqətini el-aləmə yaymaqçünmü doğulmuşuq, yoxsa həqiqət qarşısında susmaq üçün?

Qamış taleyi yaşayacayıqmı? Vahə olacayıqmı səhra ortasında? Yoxsa əsrlərdir donub-qalan Sfinks kimi sirri ayağımızın altında gizlədəcəyik? Çapıb-çapıb yorulmuş təngnəfəs at kimi, sonra qəhrəmanımızı ölülər arasından axtaracayıqmı? Bizi də atacaqlarmı qoca Nilə? Görəsən, kimsə tapacaqmı? Yoxsa sellər aparacaq üzü heçliyə?

Ağıllı hökmdarlar qədim zamanlarda böyük, əzəmətli saraylarında təlxəklər saxlayardılar. Ona görə yox ki, gülüb, şənlənsinlər. Ona görə ki, düşünsünlər, dərk etsinlər. Bugünün əzəmətli saraylarının təlxəyi kimdir görəsən? Kim ağıllı danışacaq? Kim "dur" deyəcək? Qocalıb, əldən düşmüş yoxsul ədəbiyyat bir elçi daşının üstündə oturub "Bəgü-Badə"sini yazan Füzuli kimi "bəsdir" deyə biləcəkmi nəhayətində? Yoxsa keçmişdən bəri verdiyi didaktika dərslərindən özü də bezəcəkdir?

Yox, biz 21-ci əsrin ağıllı adamlarıyıq. Vasitəmiz çox, azadlığımız bir qucaq. Bizim təlxəyə, məsxərəyə, heç ağıl dərslərinə də ehtiyacımız yoxdur. Elə hamımız bir güzgü önünə keçib də, özümüzə bir gülsək qəhqəhə ilə. Özümüzə "bir dayan", "bir sus" desək. Bir nəfəsimizi dərsək, sakitləşsək... Bir dincəlsək...

"Ey Zevs - sən də özünə güzgüdə bax, gör özünü" - Məncə, qayadan azad olunmuş Prometey qərinələrin dərinliyindən bu səsi keçmiş Allahına çatdırır. "Gör özünü, gör" deyir. "Bil özünü, bil" deyir.

Tanrım, axı sən şah damarımızdan da yaxın olduğunu söyləyirdin bizə  Kitabda. İndi nədən belə uzaqsan, nədən belə yoxsan, nədən belə ögeysən? Axı biz burdayıq, İlahi... Sənin qovduğun yerdə.

Niyə bizi unutmusan?!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
525.az

1Sources