EN

Multikultural ruhu özündə yaşadan Molokan Mərkəzi

Bakıda yerli tarixi abidələr sırasında qədim memarlıq abidəsi kimi tanınan binalardan biri də paytaxtın Süleyman Rüstəm küçəsində 10 saylı ünvanda yerləşən xalqımızın multikultural dəyərlərini özündə ehtiva edən Molokan Mərkəzidir. Bu mərkəzi ziyarət edən turistləri, şəhərimizə qonaq gələn hər kəsi, elə buradan təsadüfi yolu düşənləri qeyri-adi görünüşə malik bu binanın nə vaxt və nə məqsədlə tikildiyi maraqlandırır. 

Xatırladaq ki, molokanlar pravoslav kilsəsinin əleyhinə çıxdıqlarına görə imperator I Nikolayın hakimiyyətinin əvvəllərindən, daha dəqiq desək, 1820-ci ildən başlayaraq, Rusiya ərazisindən Cənubi Qafqaza, Krıma, 1870-ci illərdə isə Sibirə, Zakaspi və Qars vilayətlərinə köçürülüblər. Bakıda,  eləcə də ölkəmizin digər bölgələrində məskunlaşan, buranı özlərinin doğma vətəni kimi qəbul edən molokanların maraqlı, özlərinə məxsus həyat tərzləri olub. 

Azərbaycanda molokanlar, əsasən kəndlərdə ayrıca icmalar şəklində məskunlaşmışlar. Bakıda məskunlaşan, sayılıb-seçilən molokanəsilli Skobelevin təşəbbüsü ilə onlar özlərinə mərkəz yaratmaq üçün sözügedən binanın tikintisini təklif etmişlər. Bina 1913-cü ildə molokanların ibadət evi və ya malakanların mərkəzi kimi inşa olunmuşdur. Məqsəd bütün molokanları bir məkanda toplamaqdan ibarət idi. Beləliklə, Bakıda, habelə Bakıətrafı kənd və qəsəbələrdə yaşayan bütün molokanlar icmalarının həyatında fəal iştirak etməyə başlayırlar. Onlar mərkəzdə keçirilən yığıncaqlara toplaşır, dini bayramları istədikləri kimi cəmiyyətlə birlikdə qeyd edirlər. Molokan Mərkəzi həm də cəmiyyətin dua evi kimi də tanınır. 

Sovetlər dövründə din qadağan olunduqdan sonra binanın fəaliyyət istiqaməti dəyişdirilir. Molokan Mərkəzi Radio Yayım binası kimi istifadə olunmağa başlayır. II Dünya müharibəsi illərində Radio Yayım Mərkəzindən xəbərlər yayımlanır. Aylar bir-birini əvəzlədikcə artıq buradan dini yox, cəmiyyətin sosial-siyasi məsələlərinin sədası gəlir. Sonralar tele-radio qülləsi istifadəyə verildikdən sonra bina boşaldılır, ən nəhayət, gənclər tərəfindən kino-klub kimi istifadə olunur. 

Molokanların mərkəzi kimi tanınan bu bina 3 mərtəbəli mansardla inşa olunmuşdur. 1-ci mərtəbə təsərrüfat işləri, 2-ci mərtəbə ibadət üçün ayrılmışdır. "T" formalı memarlıq-plan quruluşlu, bir-birinə perpendikulyar böyuk məkan tutumlu ərazilərdən biri ibadət və bayramların keçirilməsi, digər hissə isə inzibati otaqlar üçün nəzərdə tutulmuşdur. 12 pəncərəli zal sadə memarlıq kompozisiyasına malikdir. 

Xatırladaq ki, molokanların mərkəzi kimi tanınan bina özəl mülkiyyətdədir. Uzun illər əldən-ələ keçmiş, müxtəlif məqsəd üçün istifadə olunmuş bu binanın taleyi axır ki, uğurlu sonluqla nəticələnmişdir. Tarixi mədəni abidələrin qorunub mühafizə olunmasına xüsusi diqqət göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyeva məsələni nəzarətə götürmüş və Mədəniyyət Nazirliyinin bu işə cəlb olunmasına göstəriş vermişdir. Nazirlər Kabineti "Salam Cinema Baku" kinoteatrının yerləşdiyi bu binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınmasına rəy verilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutuna müraciət etmişdir.  Müraciətə müsbət rəy alındıqdan sonra "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2001-ci il 2 avqust qərarında dəyişikliklər edilməklə, 1913-cü ildə inşa olunmuş tarixi bina özünün memarlıq-konstruktiv xüsusiyyətləri, ətraf tikililər üzərində dominantlığı nəzərə alınmaqla "yeni aşkar olunmuş abidələr" kimi dövlət qeydiyyatına götürülmüşdür. 

Azərbaycanın hansı bölgəsində yaşamasından asılı olmayaraq, indinin özündə də molokanlar öz adət-ənənələrini, dillərini və dini baxışlarını qoruyub saxlamaqla yanaşı, həmin ərazidə yaşayan yerli azərbaycanlılarla qarşlıqlı ünsiyyət qurmuşlar. Azərbaycanda məşhur olan İsmayıllı və Gədəbəy rayonlarının İvanovka kəndlərində vaxtilə Rusiyanın ucqarlarından köçürülmüş molokanların nəslinin davamçıları yaşayırlar. Hazırda molokanlar Sumqayıt, Şamaxı, Quba və digər yerlərdə, xüsusən də Bakıda çoxluq təşkil edirlər. Onlar çox məmnundurlar və böyük qürur duyurlar ki, tarixi memarlıq abidəsi kimi Molokan Mərkəzi, nəhayət ki, əbədiyaşarlıq qazanmışdır. 

Rəhman SALMANLI, 

"Azərbaycan"

1Sources