EN

Məğlubiyyətdənsə müharibəyə davam...

Kiyev geri çəkilmir

Ukrayna-Rusiya müharibəsi hazırda beynəlxalq aləmi düşündürən ən mühüm məqamlardan biridir. 4 ildir ki, davam edən bu müharibə yalnız Avropanın mərkəzində deyil, bütövlükdə Avrasiyada gərgin bir vəziyyət yaradıb. müharibənin yekunlaşmaması həm iqtisadi, həm siyasi. həm də hərbi nizama yeni ştrixlər əlavə edir, yeni dövrdə münasibətlər sisteminin formalaşmasına təsir göstərir. Sirr deyil ki, hətta Qərb koalisiyasında belə müharibəyə münasibət birmənalı deyil. Bir sıra aparıcı Qərb dövlətləri münaqişənin sülh və danışıqlar yolu ilə tənzimlənməsi üçün fəaliyyət nümayiş etdirsə də, “köhnə qitə”nin bəzi təmsilçiləri sülhün sonradan Avropaya təhdid yaradacağı düşüncəsindədir.

Son görüş...

Artıq münaqişənin aradan qalxması istiqamətində ardıcıl danışıqlar prosesi reallaşır. ABŞ-ın vasitəçiliyi ilə aparılan bu proses bir sıra yeni konturları ilə seçilsə də, tərəflər arasında konsensusun yaradılması çətin görünür. Hətta bu ilin yanvarında və fevralında Əbu-Dabidə baş tutan görüşlər belə demək olar ki, nəticəsiz başa çatdı - ortada olan “sülh şərtləri” qəbul olunmur. Belə ki, Rusiya irəli sürdüyü şərtlərdə Ukrayna qoşunlarının Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin inzibati sərhədləri daxilindəki bütün ərazilərindən çıxarılması, Ukraynanın NATO-ya qoşulmaqdan imtina etməsi və Rusiya əleyhinə sanksiyaların ləğvini ehtiva edir. Ukrayna isə irəli sürülən bu şərtlərlə qismən razılaşır - ən mühümü isə, Kiyev təhlükəsizlik zəmanəti istəiyr. Əbu-Dabidə baş tutan son görüşün ən mühüm nəticəsi isə “157-yə 157” formuluna uyğun olaraq əsirlərin dəyişdirilməsidir.

Ukrayna məğlubiyyətlə barışmaq niyyətində deyil

Ukrayna Prezidenti Volodimir Zelenski “The Atlantic” nəşrinə müsahibəsində bildirib ki, müharibənin başa çatması ilə bağlı yaxşı saziş imzalamaq imkanı olmasa, Ukrayna Rusiya ilə mübarizəni davam etdirməyə hazırdır. Nəşrin məlumatına görə, ölkə prezidentinin yaxın ətrafının bəzi üzvləri Ukrayna ilə Rusiya arasında sülh sazişinin bağlanması üçün imkan pəncərəsinin bağlanmasından narahatlıq keçirirlər. Onların fikrincə, əgər bu bahar müharibənin başa çatması haqqında razılaşma əldə olunmasa, Kiyevi illərlə davam edəcək hərbi əməliyyatlar gözləyir. “The Atlantic” yazıb ki, Zelenski, öz növbəsində, müsahibəsində xalqını pis sövdələşməyə razı salmaqdansa, ümumiyyətlə, sazişdən imtina edəcəyini vurğulayıb. Həmçinin Ukrayna Prezidenti dörd illik tammiqyaslı müharibədən sonra mübarizəni davam etdirməyə hazır olduğunu əminliklə qeyd edib. “Ukrayna uduzmur”, - deyə o, döyüş meydanındakı vəziyyəti şərh edərkən bildirib. Ukrayna lideri, həmçinin ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək səylərini də şərh edib. “Tramp üçün Rusiya və Ukrayna arasındakı müharibəni dayandırmaqdan böyük qələbə yoxdur. Onun irsi üçün bu, bir nömrəli vəzifədir. Tramp üçün ən sərfəli vəziyyət bunu aralıq seçkilərə qədər (2026-cı ilin noyabrı - red.) etməkdir”, - deyə Zelenski bildirib: “Bəli, o, ölümlərin daha az olmasını istəyir”.

Xatırladaq ki, RBC-nin məlumatına görə, 7 fevralda Ukrayna prezidenti ABŞ-ın Kiyevin Rusiya ilə hərbi münaqişəyə 2026-cı ilin yayının əvvəlinə qədər son qoymasını təklif etdiyini açıqlamışdı.

Rusiya nə istəyir?

Qeyd edək ki, fevralın əvvəlində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd etmişdi ki, Ukrayna münaqişəsinin həlli mürəkkəb, çoxşaxəli bir prosesdir. “Bəzi məsələlərdə biz razılığa gəlmişik, digər məsələlərdə isə hələ ki, buna nail olunmayıb”, - deyə Peskov şərh etmişdi. Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirmişdi ki, sülh yolu ilə həll üçün hər hansı təklif Rusiya üçün məqbul olub-olmaması və dəfələrlə səsləndirilən Birgə Hərbi-Strateji Əməkdaşlıq (BHƏƏ) məqsəd və vəzifələri ilə uyğunluğu baxımından araşdırılmalıdır. XİN başçısı fevralın 10-da NTV-yə verdiyi müsahibədə Ukrayna ilə bağlı danışıqları uzun bir yol adlandırmışdı: “Ukraynada sülhə nail olmaq istəyiriksə, bu, yaxşıdır, amma hələ ki, biz buna nail olmamışıq”.

Xarici işlər nazirinin müavini Aleksandr Qruşko isə deyib ki, “Avropa İttifaqı liderlərinin bütün açıqlamalarına diqqətlə baxsanız, heç kim Rusiya üçün təhlükəsizlik zəmanətlərindən danışmır. Və bu, razılaşmanın əldə edilməsində əsas elementdir. Bunsuz heç bir sülh müqaviləsi mümkün deyil”.

Danışıqlar davam edir...

Ukrayna xarici işlər naziri Andrey Sibiqa “Reuters” agentliyinə verdiyi müsahibədə sülh danışıqlarındakı irəliləyişdən danışıb - bildirib ki, “Biz bu sülh səylərini gücləndirməli və ya səfərbər etməliyik və bu prosesi sürətləndirməyə hazırıq”. Ukrayna xarici işlər nazirinin sözlərinə görə, münaqişəni yalnız ABŞ prezidenti Donald Tramp dayandıra bilər. Lakin bir neçə “ən incə və mürəkkəb” məsələ hələ də həll olunmayıb.

Yeri gəlmişkən, 10 fevralda Ukrayna prezidenti Volodimir Zelenski təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlərin hazırlanması üzrə işlərin başa çatdığını elan edib. O, bu faktı “Telegram” kanalında belə şərh edib: “Təhlükəsizliyə alternativ yoxdur. Sülhə alternativ yoxdur. Dövlətimizi yenidən qurmağın alternativi yoxdur. Etibarlı təhlükəsizlik zəmanətləri sülhün yeganə real əsasıdır.”

Avropa da artıq “danışıqlar”deyir...

Qeyd edək ki, artıq Aİ-nin də məsələyə yanaşmasında bəzi fərqli ştrixlər müşahidə olunur. Belə ki, fevralın əvvəlində Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Ukraynanın danışıqlarda çox çətin güzəştlərə getməyə hazır olduğunu bildirmişdi. Kallasın sözlərinə görə, ukraynalılar bunu etməyə hazırdırlar, çünki onlar həqiqətən müharibəyə son qoymaq istəyirlər. Daha sonra Aİ-nin baş diplomatı “Euronews”a verdiyi müsahibədə Rusiyanın avropalılarla danışıqlar masasına oturmayacağını açıqlamışdı: “Sual nəyə nail olmaq istədiyimizdədir. Bu, fərdin özü ilə bağlı deyil, Rusiya tərəfindən real güzəştlər almaqla bağlıdır”.

Avropa siyasətçiləri son zamanlar tez-tez Rusiya ilə təmaslara hazır olduqlarını bildirirlər. Lakin onlar dərhal xəbərdarlıq edirlər ki, bunlar ciddi şəkildə əlaqələndirilməli (Ukrayna ilə də daxil olmaqla) və ölkə liderləri tərəfindən razılaşdırılmalıdır. Məsələn, Almaniya kansleri Fridrix Merts potensial eskalasiyaya səbəb ola biləcək danışıqlarda iştirak etmək istəmədiyini bildirib: “Amma mən bu müharibəyə son qoymaq məqsədinə xidmət edən bütün danışıqları dəstəkləmək istəyirəm.”

Fransa prezidenti Emmanuel Makron da bu yaxınlarda mütəşəkkil Avropa yanaşması haqqında danışıb: “Həddindən artıq çox həmsöhbət olmamalıdır; mandat, sadə təmsilçilik lazımdır - özümüzü necə təşkil edəcəyimizi görəcəyik, amma Rusiya ilə dialoqu bərpa etmək imkanı olmalıdır. Niyə?” Çünki sülh gələn gün həmin sülh Avropaya da şamil olunacaq.”

P.İSMAYILOV

Chosen
41
1
yeniazerbaycan.com

2Sources