EN

Milli yaddaşın ekran dili: Azərbaycan Televiziyasınin 70 ili və dövlətçilik missiyası

14 fevral tarixi Azərbaycan mediası üçün sıradan bir yubiley günü deyil. Bu tarix milli televiziya tariximizin 70 illik yolunu və paralel olaraq Mədəniyyət kanalının formalaşdırdığı yeni ideoloji-mədəni xəttin artıq yetkin mərhələyə çatmasını simvolizə edir. Bu yubiley, xüsusilə də 2020-ci ildən — İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycan Dövlət Televiziyasının keçdiyi keyfiyyət mərhələsini qiymətləndirmək üçün mühüm fürsətdir.

Bu gün AzTV təkcə informasiya ötürən texniki platforma deyil; o, milli yaddaşı formalaşdıran, dövlətçilik şüurunu möhkəmləndirən, xalqla dövlət arasında ideoloji körpü rolunu oynayan strateji media institutudur.

—Müharibədən sonrakı media mərhələsi: informasiya yox, mövqe

2020-ci ildən sonra Azərbaycan cəmiyyəti informasiya bolluğundan çox, mövqeyə, aydın milli baxışa ehtiyac duydu. AzTV məhz bu ehtiyacı düzgün oxuya bildi. Qarabağ zəfərindən sonra kanalın proqram siyasətində aydın bir xətt formalaşdı:

-tarixi reallıqların sistemli izahı,
-milli maraqların qorunması,
-informasiya müharibəsində möhkəm və təmkinli mövqe.

Bu dövrdə AzTV emosional populizmdən uzaq, dövlətin rəsmi mövqeyini milli təfəkkürlə birləşdirən nadir media platformasına çevrildi. Xüsusilə siyasi-analitik proqramlar, sənədli filmlər və tarixə yeni baxış verən verilişlər tamaşaçının etimadını bərpa etdi.

—Ana dili və milli kimlik: ekranın ideoloji yükü
AzTV-nin ən mühüm uğurlarından biri ana dilinə münasibətdə nümayiş etdirdiyi prinsipial mövqedir. Bu gün Azərbaycan dilinin düzgün, təmiz və milli ruhda təqdimatı televiziyanın əsas ideoloji dayaqlarından birinə çevrilib.

Efir dili təkcə ünsiyyət vasitəsi deyil- o, milli kimliyin daşıyıcısıdır. AzTV bu məsuliyyəti anlayaraq dili sadələşdirmədən, ucuzlaşdırmadan, eyni zamanda müasir auditoriyaya uyğun şəkildə təqdim edir.
Mədəniyyət kanalı isə bu xətti daha dərin qatlara apararaq ədəbiyyat, musiqi, teatr və tarix vasitəsilə milli özünüdərkin estetik formasını yaradır. Bu kanal sübut etdi ki, mədəniyyət “elit” sahə deyil, xalqın ideoloji sütunudur.

—Xalq–dövlət–millət birliyi: yeni media modeli

AzTV-nin son illərdə qazandığı əsas üstünlük tamaşaçı ilə qurduğu münasibətdədir. Bu münasibət nə sovet dövrünün rəsmi pafosuna, nə də kommersiya kanallarının səthi şou dilinə bənzəyir. Burada xalqın səsi var, amma dövlətin məsuliyyəti ilə.
Kanalın uğuru ondadır ki, o, xalqla danışır, amma xalqçılıqla manipulyasiya etmir; dövləti təmsil edir, amma dövlətçiliyi bürokratik soyuqluqla təqdim etmir. Məhz bu balans AzTV-ni yenidən cəmiyyətin etibarlı informasiya mənbəyinə çevirib.

—Ekranın arxasında dövlət məsuliyyəti
Azərbaycan Televiziyasının 70 ili sadəcə texniki tarix deyil- bu, milli şüurun formalaşma tarixidir. Bugünkü AzTV artıq keçmişin kölgəsində qalmış televiziya deyil; o, müasir Azərbaycanın ideoloji tribunasıdır. Bu uğurların isə məhz Rövsən Məmmədovun rəhbərliyi dönəmdə əldə edilməsi də təsadüfi deyil. Gəncliyin, milliliyin və peşəkarlığın birləşməsi bu möhtəşəm uğurların əsasında dayanan amillrdir. Xüsusilə 2020-dən sonra atılan addımlar göstərdi ki, dövlət maraqları ilə peşəkar medianın sintezi mümkündür. AzTV və Mədəniyyət kanalı bu sintezin canlı nümunəsinə çevrilib.

Bu yubiley, əslində, bir hesabat deyil- məsuliyyətin davamı üçün verilən ictimai etimaddır.

Sayman Aruz

Chosen
27
5
moderator.az

6Sources