Prezident Donald Tramp İranda hakimiyyət dəyişikliyinin ABŞ üçün ən yaxşı nəticə olacağını bildirib. Bu barədə “Reuters” məlumat yayıb.
“Görünür, bu, baş verə biləcək ən yaxşı şey olardı”, — Tramp deyib.
Qeyd edək ki, ABŞ və İran nümayəndə heyətləri arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar fevralın 6-da Omanın paytaxtı Maskatda baş tutub. Tramp görüşdən sonra danışıqların yaxşı keçdiyini və davam edəcəyini qeyd edib.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Azad Məsiyev deyib ki, ABŞ başda olmaqla İran əleyhinə bir koalisiya yaradılıb:
“Bu koalisiya İranı uzun müddətdir həm iqtisadi, həm də siyasi baxımdan təcrid edib. ABŞ-nin məqsədi İranda hakimiyyəti dəyişib yeni bir hakimiyyət qurmaqdır. Bu sanksiyalar da ona hesablanıb ki, İran dövləti zəifləsin, sosial vəziyyət pisləşsin, xalq ilə dövlət arasında uçurum genişlənsin və inqilabi proses artsın. Bunu da İranda hansısa “rəngli inqilab” adı altında çevriliş edib özlərinə sadiq hakimiyyət qurmaqla hədəfləyirlər.
Sanksiyalar İrana qarşı uzun illərdir tətbiq edilsə də, iflasa uğrayır. İranın müvafiq dövlət qurumları dövlətə nəzarət edir. İran ideoloji dövlətdir. Bu baxımdan bu cür tədbirlərlə İranda rəngli inqilablar etmək real deyil”.
Politoloq bildirib ki, ABŞ müxtəlif dövrlərdə bəhanələrlə İrana zərbələr endirmək istəyib, müəyyən qədər buna nail olub:
“12 günlük müharibə buna misal ola bilər. İranın uranı zənginləşdirməsini bəhanə edərək İsrail və ABŞ 12 günlük hərbi əməliyyatlar tətbiq etdi. Nəticədə İranın strateji obyektlərinə zərbələr endirilsə də, hakimiyyətin devrilməsinə nail olunmadı. Hərbi əməliyyat fiasko ilə nəticələndi. Ümumiyyətlə, havadan zərbə endirməklə İranda hakimiyyəti devirmək olmaz”.
A.Məsiyev qeyd edib ki, ABŞ yalan üzərində həqiqət yaratmağı bacarır:
“İraqda da eyni şəkildə müdaxilə edərək Səddam Hüseyni devirdi. Venesuelada Maduroya qarşı əməliyyat keçirdi. Yəni bəhanə etmək ABŞ üçün asan bir şeydir.
Vaşinqtonun əlində media resursları və qlobal güc var. Müttəfiqləri də məhz ABŞ-nin dediyini edir. Amma yenə deyirəm, ABŞ bu yolla İranda hakimiyyəti devirə bilməz”.
Atilla Rzasoy