EN

Zamanın sınağından çıxmış kanal

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AzTV-nin yaranmasından 70 il ötür…

Bu gün Azərbaycan televiziyasının (AzTV) yaranmasından 70 il ötür. Ölkənin ilk televiziya kanalı olan AzTV 14 fevral 1956-cı ildə yayıma başlayıb. 70 il bundan əvvəl ağ-qara təsvirdə “Diqqət-diqqət, göstərir Bakı” sözləri ilə efirə çıxan televiziya ötən illər ərzində mürəkkəb və şərəfli inkişaf yolu qət edib. Hələ yarım əsr bundan əvvəl Azərbaycan tamaşaçısı ölkədə və dünyada baş verənləri televiziya ekranlarından görməyə AzTV-dən başlayıb. Zaman keçdikcə isə tamaşaçılar bu ağ-qara ekranlı “qutu”nun təkcə xəbər yayımlamaq funksiyası daşımadığını, insanları maarifləndirməyə xidmət etdiyini də görüblər. 

Sonralar maddi-texniki cəhətdən inkişaf edərək tamaşaçıların rəngli verilişlərlə gözlərini oxşayan dövlət televiziyası artıq müasir standartlara əsaslanan rəqəmsal yayıma keçib. 1990-cı illərdən etibarən ölkədə bir sıra özəl telekanallar yaranmağa başlasa da, AzTV tamaşaçılar üçün yeganə dövlət televiziya kanalı funksiyasını daşıyır.

Televiziyanın ilk yayımları məhdud imkanlarla həyata keçirilsə də, qısa müddətdə inkişaf edərək geniş tamaşaçı auditoriyasına xitab edib. İlk illərdə, əsasən, informasiya, mədəniyyət və incəsənət proqramlarına üstünlük verilib. 

Azərbaycanın müstəqillik qazanmasından sonra televiziya öz məzmununu daha da zənginləşdirib. Dövlət siyasətinin və milli-mədəni irsin təbliğində, eləcə də, ictimai-siyasi proseslərin işıqlandırılmasında AzTV əsas platformalardan birinə çevrilib. Hazırda kanal müasir texnologiyalarla fəaliyyət göstərərək tamaşaçılarına xəbərlər, analitik verilişlər, sənədli filmlər və mədəni proqramlar təqdim edir.

2005-ci ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə şirkət “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.

Ölkənin televiziya tarixində mühüm yer tutan Azərbaycan Televiziyası 70 il ərzində media məkanında özünəməxsus mövqeyini qoruyub saxlamış, cəmiyyətin informasiya tələbatını ödəyən əsas qurumlardan biri olub.

Yeganə BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
82
1
yeniazerbaycan.com

2Sources