EN

“Ekran-efirdə ədəbi tələffüz və publisistik üslub” mövzusunda təlim keçirildi

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.

Publika.az xəbər verir ki, bu dəfə təlim “Ekran-efirdə ədəbi tələffüz və publisistik üslub” mövzusuna həsr olunub. Təlim çərçivəsində Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli “necə yazılırsa, elə də oxunmalıdır” fikrinin doğru yanaşma olmadığını bildirib. Onun sözlərinə görə, yazılı və şifahi nitq arasında fərq var və efir dili xüsusi qaydalarla tənzimlənməlidir.

Qulu Məhərrəmli onu da vurğulayıb ki, televiziya dili şifahi nitqin publisistik qoludur və bu dil normaya salınmalıdır. Xəbərlər redaktə olunmalı, artıq hissələr çıxarılmalı və mətn müəyyən qaydalara uyğunlaşdırılmalıdır.

Təlim zamanı televiziya nitqinin aydın və yığcam olması, mövzuya fokuslanmağın vacib olduğu bildirilib. Qulu Məhərrəmli onu da qeyd edib ki, nitqdə təbiilik qorunmalı, dilə yatmayan sözlərdən istifadə edilməməlidir.

Təlimdə MEDİA-nın icraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan dilinin ən çox ədəbiyyat və jurnalistika sahəsində ədəbi dilin yazılı formasında istifadə edildiyini bildirib. Onun sözlərinə görə, dilin yaşaması və mövcudluğunu qoruması üçün bu iki sahə vacibdir. Natiq Məmmədli onu da vurğulayıb ki, Azərbaycan publisistikasının zəngin ənənələri var və jurnalistika bu ənənələrin ifadə olunması üçün əsas vasitələrdən biridir. Məruzəçi xatırladıb ki, Mirzə Fətəli Axundzadədən Həsən bəy Zərdabiyə qədər, həmçinin Cümhuriyyət dövrü ziyalıları məqalələr yazaraq dilin mövcudluğunu qoruyublar.

Chosen
18
3
publika.az

2Sources