EN

“14 fevral romantik hisslərdən daha çox istehlak davranışının ritualına çevrilib”

Dünyada sevginin simvolu kimi hesab edilən 14 fevral- “Sevgililər günü”-nün tarixi Roma imperiyasının dövrünə gedib çıxır. Rəvayətlərə görə, III əsrdə keşiş Valentin, imperatorun “Luperkalia” bayramını qadağan etməsinə baxmayaraq, gizli şəkildə qızlarla oğlanları görüşdürməkdə, görüşü də xristianlıq qaydaları ilə guya qanuniləşdirməkdə davam edib. İmperator da onun bu hərəkətlərindən xəbər tutaraq zindana atdırıb və bu tarixdə edam etdirib. Sonradan isə 14 fevral sevginin rəmzi kimi tarixə düşüb.

 

Azərbaycanda isə bu günə münasibət birmənalı olmadığından son illər ictimai xadimlər tərəfindən “Sevgililər Günü”nün 30 iyun tarixində 20 Yanvar şəhidləri İlham və Fərizə cütlüyünün xatirəsinə əsaslandırılaraq qeyd olunması təşəbbüsü irəli sürülüb. Məqsəd isə bu günün Qərb mənşəli bayram əvəzinə, milli sevgi simvoluna əsaslanan gün kimi dəyərləndirilməsidir. Buna baxmayaraq hər il gənclər 14 fevralı qeyd edirlər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən kulturoloq Əbülfəz Babazadənin sözlərinə görə, bu, təqvimdən daha çox mədəni suverenlik, dəyər iyerarxiyası və kollektiv davranış vərdişləri ilə bağlıdır:

 

“14 fevralın hər il gündəmə gəlməsinin səbəbi onun sevginin mahiyyəti ilə bağlı olması deyil. Bu tarix qlobal mədəni dövriyyənin, kommersiya mexanizmlərinin və illərlə formalaşdırılmış kütləvi mədəniyyətin məhsuludur. Medianın, sosial şəbəkələrin, reklam industriyasının yaratdığı təzyiq altında 14 fevral romantik hisslərdən daha çox, istehlak davranışının ritualına çevrilib. İnsanlar bu günü çox zaman axına qoşularaq qeyd edirlər. 30 iyun isə tam fərqli mahiyyət daşıyır. Bu tarix milli yaddaşdan, mənəvi koddan və tarixi dəyər sistemimizdən doğur. Azərbaycanda milli, özünəməxsus sevgililər günü ideyası sevginin etik, ailəvi, məsuliyyətli tərəfini önə çəkir. Burada sevgi ötəri hissdən daha çox davamlı münasibət, sədaqət, ailəyə və insana hörmət kimi anlaşılır. Məhz buna görə 30 iyun-Sevgililər gününü qeyd etmək mənəvi borc kimi dəyərləndirilməlidir. Amma reallıq acıdır. 30 iyun sevgililər günümüz yetərincə təbliğ olunmur. Nə təhsil mühitində, nə mədəni platformalarda, nə də media məkanında bu günün fəlsəfəsi ardıcıl və sistemli şəkildə izah edilir. Cəmiyyətə dəyər ötürülməyəndə, boşluq avtomatik olaraq xarici modellərlə doldurulur. Burada sevgidən söhbət gedə bilməz, bu, mədəni tənbəlliyin göstəricisidir və böyük təəssüf doğurur. Burada vacib bir incəlik də var. 14 fevralı qeyd etmək hər bir şəxsin öz seçimidir və heç kəsin buna görə qınanması doğru olmaz. Amma milli sevgililər gününü tanımamaq, onu görməzlikdən gəlmək artıq şəxsi seçimdən çıxıb kollektiv məsuliyyətsizlik məsələsinə çevrilir”.

 

Yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, beynəlxalq tədbirlər, bayramlar bu və ya digər dərəcədə müxtəlif ölkələrin və xalqların ortaya qoyduğu məişəti, tarixi, insan hüquqları, demokratiya, siyasət, milli azadlıq hərəkatları ilə bağlı olan günləri özündə ehtiva edir:

 

“Bu baxımdan “Sevgililər günü” tarixçəsinin nə ilə bağlı olmasından asılı olmayaraq bütün dünyada, eləcə də Azərbaycanda qeyd edilməsini normal qarşılamalıyıq. Azərbaycanda da sevgililər gününün olmasının nə problemi var bilmirəm. İnsanlar nə üçün hər şeydə millilik axtarırlar. Elmin, musiqinin, düşüncə texnologiyaların milliliyi olmadığı kimi, ümumiyyətlə, insan haqlarının özünün belə universal olduğu zamanda hansısa bayramı milliləşdirməyin qəti əleyhinəyəm. Ona milli istiqamət verməyin əleyhinəyəm.14 fevral xüsusilə də gənclərin bayramı kimi qeyd edilir. Nə qədər çox bayram, sevinc, xoş əhval, sülh gətirən günlər olarsa, bir o qədər cəmiyyətdə gərgin psixoloji və sosial əhval-ruhiyyəni yumşalmasına kömək edər. Dar düşüncədən xilas olmaq lazımdır. Bəzən biz sevgi dedikdə intim münasibəti nəzərdə tuturuq. Sevgi məgər budurmu? Leyli və Məcnun dastanını, Xosrov və Şirindəki Fərhadın sevgisini yada salın. Nə qədər əsərlər, kinofilmlər, dram, musiqi əsərləri var ki onlar sevgiyə həsr olunub. Onda gəlin bütün dünya klassikasını Azərbaycanda kitabxanadan götürüb yandıraq ki, bunlar xristianlığa aiddir. Dərin və fəlsəfi düşünməyin tərəfdarıyam. Bunun bizim adətlərimizə, məişətimizə heç bir aidiyyatı yoxdur. Sevgililər günü həm də biznes sahəsinə, restoran, hotellər, daxili və xarici turizmin inkişafına qədər Azərbaycanın iqtisadiyyatına nə qədər müsbət təsiri olur”.

 

Şəhanə Quliyeva

Tarix: 14 Fevral 2026, 16:53   
Chosen
17
1
pravda.az

2Sources