EN

Çin Rusiyanın Ukraynaya qarşı müharibəsində dəstəyini gücləndirir

Çin 2025-ci ildə Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə dəstəyini gücləndirib və ehtimal olunur ki, bu il əməkdaşlığı daha da dərinləşdirəcək. Bu barədə Qərb rəsmiləri məlumat veriblər. 

News365.az xəbər verir ki, məlumatı "Bloomberg" agentliyi yayıb.

Rəsmilərin sözlərinə görə, Çin Xalq Respublikasının sədri Si Szinpin Rusiya prezidenti Vladimir Putinə dəstək məsələsində daha qətiyyətli və özünə inamlı mövqe nümayiş etdirir. Bu isə Avropa liderlərinin Pekinlə münasibətləri yaxşılaşdırmaq və Çini müharibənin dayandırılmasına töhfə verməyə inandırmaq cəhdlərini son bir ildə daha da çətinləşdirib.

Qərb rəsmiləri bildiriblər ki, Çinin davamlı dəstəyi olmasaydı, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu qədər uzun sürə bilməzdi. Söhbət ikili təyinatlı komponentlərin və Rusiyanın pilotsuz uçuş aparatlarının istehsalında istifadə olunan mühüm mineralların ixracından gedir. Onlar Pekini müharibədə əsas vasitəçi kimi də xarakterizə ediblər.

ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker Münhen Təhlükəsizlik Konfransında keçirilən panel müzakirəsində bildirib: "Çin sabah Vladimir Putinə zəng edib bu müharibəyə son qoya bilər. Bu müharibə tamamilə Çin sayəsində mümkündür".

Agentliyin anonimlik şərti ilə danışan mənbələrə istinadən yazdığına görə, bu qiymətləndirmələr Qərb liderlərinin Çinin roluna dair açıq bəyanatlarından daha pessimistdir. Məlumatlar Çinin xarici işlər naziri Van İnin Almaniyanın cənubunda keçirilən illik təhlükəsizlik forumunda çıxışı ərəfəsində yayılıb. Gözlənilir ki, Van İ Çini Avropa üçün etibarlı tərəfdaş kimi təqdim edəcək.

"Bloomberg"ə danışan mənbələr bildiriblər ki, müharibənin əvvəlində Çin rəsmiləri onun iqtisadi nəticələrindən narahat idilər. Lakin sonradan Pekin bu vəziyyətdə müəyyən geosiyasi üstünlüklər gördü. Bildirilir ki, Avropanın diqqətinin Ukraynaya yönəlməsi və Avropa İttifaqı ilə ABŞ arasında münasibətlərin gərginləşməsi Çin üçün əlverişli şərait yaradıb.

Çinin Rusiyaya hərbi sənaye üçün material tədarükündə oynadığı rol Böyük Britaniya üçün də suallar doğurur. Çin üzrə Strateji Risklər İnstitutunun siyasət direktoru Sem Qudman qeyd edib ki, bu vəziyyət Çinin etibarlı və ciddi ticarət tərəfdaşı kimi qəbul olunmasının nə dərəcədə əsaslı olduğunu sual altına qoyur.

Bundan əvvəl "Sky News" Çin üçün Ukraynadakı müharibənin uzanmasının iki əsas üstünlük yaratdığını yazmışdı. Analitik Maykl Klarkın sözlərinə görə, Pekin NATO daxilində parçalanmanı öz maraqları baxımından müsbət qiymətləndirir və mövcud beynəlxalq nizamın zəifləməsi Çinin maraqlarına uyğundur.

Böyük Britaniya Hərbi Hava Qüvvələrinin keçmiş kəşfiyyat rəhbəri Ed Strincer isə bildirib ki, Çin Rusiyanın müharibəsinin əsas sponsoruna çevrilib. Onun sözlərinə görə, açıq mənbələr Rusiyanın hərbi səylərinin təxminən 60 faizinin dolayı yolla Çin tərəfindən maliyyələşdirildiyini göstərir.

Strincer əlavə edib ki, Pekin Qərb üzərində iqtisadi üstünlük qazanmağa çalışır və NATO-nu diqqət yayındırmaqla məşğul edərək öz hərbi gücünü möhkəmləndirmək niyyətində ola bilər.
Chosen
11
1
news365.az

2Sources