İngiltərə kubokunun 1/16 finalında ''Hall Siti'' doğma fanatları önündə ''Çelsi'' ilə qarşılaşıb.
"Football-plus.az" xəbər verir ki, Acun Ilıcalının sahibi olduğu çempionşip təmsilçisinin sürprizə gücü çatmayıb. Acunun da tribunadan izlədiyi qarşılaşmada ''pələnglər'' güclü rəqibə yalnız 40 dəqiqə müqavimət göstərə biliblər. Pedro Neto qələbənin əsasını məhz 40-cı dəqiqədə vurduğu qolla qoyub. London nəhəngi yekunda 4:0 hesablı inamlı qələbə ilə 1/8 finala yüksəlib.
Görüş həm də ''Çelsi''nin indiki çalışdırıcısı Liam Rosenyorun sabiq klubuna qarşı dueli ilə yadda qalıb. Belə ki, bu mütəxəssis 2022-24-cü illərdə məhz ''Hall Siti''ni çalışdırmışdı. Oyundan sonra Acun bu məşqçi ilə çəkdirdiyi şəkili ''instaqram''ın hekayə bölümündə paylaşıb. Çempionşipdə yaxşı mövsüm keçirən ''Hall Siti''nin qələbəsiz seriyası 3 oyuna çatdı.
Komanda bundan öncə çempionşipdə keçirdiyi ardıcıl iki görüşdə qələbəyə həsrət qalmışdı. Amma Sergey Yakiroviçin kollektivi 31-ci turu 4-cü pillədə tamamlayıb və premyer-liqaya qayıtmağa əsas namizədlərdən biri hesab olunur.