Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 15-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçirir.
Aznews.az xəbər verir ki , imtahan vermək üçün 22 min 780 bakalavr ərizə təqdim edib. Onlardan 20 min 790 nəfəri Azərbaycan bölməsi, 1990 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 15 min 391-i cari ilin, 7 min 389-u isə əvvəlki illərin məzunlarıdır, 47 nəfər xarici ölkə vətəndaşıdır.
Qəbul imtahanı Bakıda 64, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 16 min 499, Naxçıvanda 542, Gəncədə 1533, Sumqayıtda 1712, Abşeronda 1235, Mingəçevirdə 828, Lənkəranda 431 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 88 ümumi rəhbər, 248 imtahan rəhbəri, 2 min 69 nəzarətçi, 297 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.
Bakalavrların imtahan verəcəyi yer onların “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.