Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti uzadılıb.
Senzor.az bildirir ki, bu barədə KİV-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsi Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti mart ayının 7-ə kimi uzadılıb: “Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq builki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti tərəfimizdən mart ayının 7-dək uzadılıb. Vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmasınlar, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq”.
Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dolları müəyyən edilib.
Tələb olunan sənədlər:
1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2) Şəxsiyyət vəsiqəsinin surəti;
3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4) Sağlamlıq haqqında arayış.
Qeyd edək ki, bundan əvvəl sənəd qəbulu üçün son tarix 2026-cı il fevralın 15-i müəyyən edilimişdi.