ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.
İndi sanki, dövlətlər sərhədləri ilə birgə, talelərini də yenidən cızır. Elə bil dünya xəritəsi kağız üzərində cızılmır, data axınlarında dəyişir; eləcə də, sərhədləri tanklarla yarmırlar, fiber-optik kabellərlə yarırlar... Yəni, qələbələr təkcə cəbhədə qazanılmır, onun bur ünvanı sa server otaqlarıdır.
Bəli, Azərbaycan XX yüzildə enerji ölkəsi kimi formalaşdı; budur, XXI yüzilin ikinci rübündə isə Azərbaycan enerji üzərində qurulan rəqəmsal güc mərkəzinə çevrilmək iddiasındadır.
Son 20 ildə generasiya gücünün iki dəfə artaraq 10 min meqavata çatması, üstəlik ən azı 2 min meqavat istifadə olunmayan ehtiyatın mövcudluğu gələcəyin data mərkəzləri üçün hazır enerji bazasıdır.
Süni intellekt, böyük həcmli məlumatların emalı, bulud infrastrukturu – bunlar böyük enerji tələb edir. Azərbaycan isə enerji təminatını artıq iç təhlükəsizlik məsələsi səviyyəsindən çıxarıb strateji üstünlüyə çevirib.Enerji göndərən ölkə olmaq başqa məsələdir, enerjini rəqəmsal gücə çevirə bilən ölkə olmaq tamam başqa...
Deyirlər, coğrafiya – taledir, amma çağımızda o, idarəolunan tale kimi səciyyələndirilməkdədir.
Azərbaycanın coğrafiyası tarix boyu həm sınağımız, həm üstünlüyümüz olub. Bəli, prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə vurğuladığı kimi, coğrafiya bizdən asılı olmasa da, ondan necə istifadə etmək tamamilə bizim seçimimizdir.
Asiya ilə Avropanın kəsişməsində yerləşmək, Quzey–Güney dəhlizinin üzərində dayanmaq daşıma və enerji tranziti olmaqdan irəli, fiber-optik magistralların da mərkəzi olmaq deməkdir.
Neft-qaz kəmərlərinin çəkildiyi marşrutlarda fiber xətlərin də yerləşdirilməsi uzaqgörənlik idi. İndi isə məsələ həmin infrastrukturu yeni tələblərə uyğunlaşdırmaq, Gündoğarla Günbatar bağlantılarını daha da gücləndirməkdir.
Belə deyək, gələcəyin İpək Yolu – məlumat yoludur.
Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox yatırım qoyulması – yalnız kapital axını sayılmaz, biz ona güvən kapitalı da deyə bilərik.
Neft anlaşmaları necə imzalanıbsa, eləcə də icra olunur. Xarici yatırımlar qorunur. Qanun işləyir. Dövlət sözünə yiyə durur.Bax, bu reputasiya rəqəmsal dünyada da əsas aktivdir. Transmilli texnoloji şirkətlər üçün siyasi sabitlik, hüquqi təminat və strateji baxış əsas şərtdir. Azərbaycan artıq bu üçlü formulu sübut edib.
Ayrıca, biz, eyni vaxtda Avropa Birliyinə üzv 10 ölkə, ABŞ və Çinlə strateji tərəfdaşlıq formatında işləyən nadir ölkələrdənik.Bu balans isə diplomatik uğurun rəqəmsal imkana dönüşdürülməsi deməkdir.Amerikanın böyük fondları ilə əməkdaşlıq, Azərbaycan Dövlət Neft Fondunun qlobal maliyyə şəbəkəsində mövqeyi, aparıcı texnologiya şirkətləri ilə qurulan təmaslar – bütün bunlar rəqəmsal transformasiyanın maliyyə və texnoloji dayaqlarını gücləndirir.Necə deyərlər, geosiyasi memarlıq dönəmindəyik.
Prezidentin müşavirədə ən diqqətçəkən ismarıclarından biri dövlət idarəçiliyində süni intellekt tətbiqinin genişləndirilməsi idi. – Analitika, risk qiymətləndirməsi, qərar modelləşdirməsi – bunlar idarəetmənin yeni normalarıdır. Ölkəmiz bu prosesdən qıraqda qala bilməz. O cümlədən “mygov” platformunun vahid mərkəzə çevrilməsi ideyası dövlət xidmətlərinin pərakəndəlikdən sistemliliyə keçidini ifadə edir. Vətəndaş, belə deyək, bir qapıdan girməli, bütün xidmətləri oradan almalıdır. Dövlət isə öz içində koordinasiyalı işləməlidir. – “Rəqəmsal dövlət” – idarəetmə mədəniyyətinin transformasiyasıdır.
Ən kritik məqamlardan biri olaraq kadr hazırlığıdır.
Ali məktəblərdə süni intellekt, kibertəhlükəsizlik, data analitikası üzrə ixtisasların gücləndirilməsi, başqa ölkələrə göndərilən tələbələrin prioritet ixtisas istiqamətləri üzrə seçilməsi, hətta orta məktəblərdə ilkin rəqəmsal savadlılığın artırılması – bu, onilliklərin planıdır.Necə deyərlər, rəqəmsal suverenlik kadrla başlayır.
Biz 44 günlük Zəfərlə hərbi-siyasi suverenliyimizi möhkəmləndirdik. İndi isə rəqəmsal suverenlik mərhələsinə qədəm qoyuruq.
Enerji ölkəsindən data ölkəsinə keçid milli inkişaf fəlsəfəsinin transformasiyası olaraq, təkcə iqtisadi model dəyişikliyi sayılmamalıdır.
Beləliklə, müstəqil Azərbaycan artıq öz seçimini edib:coğrafiyanı fürsətə, enerjini rəqəmsal gücə, diplomatiyanı texnoloji tərəfdaşlığa çevirir.
Bu, yeni arxitektura quruculuğudur.XXI yüzilin Azərbaycanı neft platformlarından sonra data platformları ilə tanınmağı haqq edir.
Dövlətimiz zaval görməsin!
Bakıvaxtı.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.