EN

Emin Hüseynov kimiləri bu cavabdan öz dərslərini aldılar - Rəy

Yazını böyüt
Yazını kiçilt

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyev ilə birlikdə Almaniyaya səfəri çərçivəsində Münhen Təhlükəsizlik Konfransında maraqlı bir epizod yaşanıb. Avropada yaşayan jurnalist Emin Hüseynov “Azərbaycanda demokratiyanın durumu” ilə bağlı sual ünvanlamaq istəyib. Birinci xanım kənardan Azərbaycan dilində səslənən sualı eşidərək dayanıb, geriyə çevrilib və ona cavab verib. Mehriban Əliyeva həmin şəxsə müraciətlə bildirib: “Siz qadın paltarında səfirlikdə gizlənən insansınız. Sizə cansağlığı arzulayıram.”

Bu qısa dialoqu necə dəyərləndirmək olar?

Siyasi ekspert Mürtəza Bünyadlı Hafta.az-a açıqlamasında Emin Hüseynovun Münhendə baş verən hadisələrdəki davranışlarını bir neçə aspektdən dəyərləndirib.

O qeyd edib ki, onun Münhendə iştirakı özünü yenidən “qəhrəman” obrazında təqdim etmək cəhdi kimi qiymətləndirilə bilər.

“Son dövrlərdə Emin Hüseynov və qardaşı Mehman Hüseynovun Azərbaycana qarşı aparılan informasiya müharibəsində müəyyən qarayaxma kampaniyalarında alətə çevrildikləri iddia olunur. Bu baxımdan, Münhendə səsləndirilən sualların da Azərbaycana qarşı yeni PR kampaniyasının davamı kimi nəzərdə tutulduğunu demək mümkündür”, – ekspert bildirib.

M.Bünyadlı əlavə edib ki, vitse-prezidentin məlum cavabı Emin Hüseynovun müəyyən mərkəzlərin və şəxslərin təsiri ilə hərəkət etdiyinə dair iddiaları gücləndirib. Onun sözlərinə görə, həmin dairələrin yaratdığı imkanlar hesabına tədbirə qatıldığı barədə fikirlər səsləndirilir. Bu dialoq göstərdi ki, Emin Hüseynovun tədbirdə iştirakı və Prezidentə, eləcə də birinci xanıma ünvanladığı suallar təsadüfi hesab edilmir:

“Vitse-prezidentin cavabı bu çıxışların sırf jurnalist araşdırması və ya ölkədaxili vəziyyətlə bağlı obyektiv maraq kimi dəyərləndirilməsinin mübahisəli olduğunu, əksinə, arxasında Azərbaycana qarşı yönəlmiş qüvvələrin dayandığına dair iddiaların mövcudluğunu ortaya qoydu. Vitse-prezident öz mövqeyində onu da vurğuladı ki, istər konkret şəxslər, istərsə də dünya mediası kontekstində yanaşdıqda, tam müstəqil media anlayışı nisbi xarakter daşıyır və bir çox media qurumları müəyyən mərkəzlərlə əlaqəli şəkildə fəaliyyət göstərir. Qlobal mediada müxtəlif qurumların müəyyən dairələrin sifarişlərini icra etməsi barədə fikirlər mövcuddur”.

M.Bünyadlı bildirib ki, digər tərəfdən, Emin Hüseynovun Mehriban Əliyevaya ünvanladığı demokratik durumla bağlı sual da tənqid olunur və absurd hesab edilir. Onun fikrincə, bu yanaşma özlərini demokratiyanın təminatçısı kimi təqdim edən bəzi mərkəzlərin həyata keçirdiyi siyasətlər, işğalçılıq halları, insan hüquqlarının pozulması və dünyada baş verən bir sıra təlatümlərlə əlaqələndirilir:

“Emin Hüseynova verilən cavabda ona xatırladıldı ki, Azərbaycana qarşı informasiya mübarizəsi apararkən müəyyən çərçivələr gözlənilməlidir. Mübarizənin də sərhədləri, etikası və məsuliyyəti var. Hesab edirəm ki, Emin Hüseynov verilən cavabdan narahat olsa da, həm o, həm də arxasında dayanan qruplar bu hadisədən öz nəticələrini çıxardılar”.

Tahirə Qafarlı

Chosen
95
hafta.az

1Sources