EN

Cənubi Qafqaz və Balkanlarda yeni risk dalğası – Bakıdan kritik mesaj

Müasir beynəlxalq münasibətlər sistemində regional proseslərin dinamikası dövlətlərdən daha çevik, praqmatik və milli maraqlara əsaslanan siyasət tələb edir. Xüsusilə Balkanlar və Cənubi Qafqaz kimi geosiyasi baxımdan həssas məkanlarda baş verən dəyişikliklər ölkələrin strateji planlamasında daim yenilənən yanaşmanı zəruri edir. Bu kontekstdə Azərbaycan Prezidentinin səsləndirdiyi mesajlar həm regional təhlükəsizlik mühitinə, həm də ölkəmizin uzunmüddətli maraqlarına hesablanmış siyasi baxışın ifadəsidir.

Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, Belqradda Azərbaycan Prezidenti İlham Əliyev ilə Serbiya Prezidenti Aleksandar Vucic arasında keçirilmiş görüş və mətbuat konfransında səsləndirilən “gözlənilməz ssenarilər” ifadəsi konkret bir hadisəyə deyil, regiona təsir göstərə biləcək çoxşaxəli risk və dəyişikliklərə işarə edir:

“Bu yanaşma Azərbaycan ilə Serbiyanın strateji tərəfdaşlıq çərçivəsində müntəzəm siyasi dialoqun və qarşılıqlı məsləhətləşmələrin əhəmiyyətini önə çıxarır. Hazırkı mərhələdə beynəlxalq münasibətlər sistemində güc amilinin ön plana çıxması, bəzi hallarda beynəlxalq hüquq prinsiplərinin arxa plana keçməsi qlobal mühitdə qeyri-müəyyənliyi artırır. Bu isə həm siyasi, həm təhlükəsizlik, həm də iqtisadi sahələrdə yeni çağırışlar formalaşdırır.

Qlobal səviyyədə müşahidə olunan transformasiya prosesləri siyasi böhranlar, daxili sabitliyin pozulması, enerji bazarlarında dalğalanmalar, iqtisadi şoklar və böyük güclər arasında rəqabətin kəskinləşməsi kimi amillərlə müşayiət olunur. Cənubi Qafqazda post-münaqişə dövründə sülh gündəliyi irəliləsə də, regionda böyük dövlətlərin maraqlarının toqquşma ehtimalı tam aradan qalxmayıb. O, xüsusilə İran–ABŞ münasibətlərindəki gərginliyin və qonşu ölkələrdə baş verən proseslərin diqqətlə izlənilməli olduğunu vurğulayıb. Serbiya da geosiyasi baxımdan həssas məkanda yerləşir və Balkanlarda maraqların toqquşması riski qalmaqdadır. O cümlədən Kosovo məsələsi ətrafında vəziyyətin yenidən gərginləşməsi ehtimalı region üçün əlavə qeyri-müəyyənlik yarada bilər. Eyni zamanda, böyük güclər arasında qarşıdurmanın dərinləşməsi Avropada enerji və iqtisadi sabitliyə mənfi təsir göstərən amillərdən biridir”.

Millət vəkilinin fikrincə, Prezident İlham Əliyevin “gözlənilməz ssenarilər” mesajı yalnız hərbi riskləri deyil, həm də siyasi və iqtisadi qeyri-müəyyənlik ehtimallarını əhatə edir: ‘Bu yanaşma onu göstərir ki, regionlar hazırda transformasiya mərhələsindədir və proseslər sürətlə dəyişir. Belə bir şəraitdə Azərbaycan milli maraqlarını qorumaq üçün qabaqlayıcı siyasət yürütməli, tərəfdaş ölkələrlə koordinasiyanı gücləndirməli və bütün mümkün ssenarilərə hazır olmalıdır”.

// Gülnarə Abasova, Editor.az

Chosen
88
editor.az

1Sources