EN

Onu jurnalist kimi təqdim etmək doğru deyil - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Emin Hüseynov heç vaxt peşəkar jurnalist olmayıb və hazırda da jurnalist fəaliyyəti ilə məşğul olan şəxs kimi qiymətləndirilə bilməz”.

Bu fikirləri Hafta.az-a siyasi ekspert Azər Həsrət hazırda Avropada yaşayan və özünü jurnalist kimi təqdim edən Emin Hüseynovun Münhendə Azərbaycanın Birinci vitse-prezidentinə ünvanlamaq istədiyi sual və verilən cavabla bağlı açıqlamasında bildirib.

A.Həsrət qeyd edib ki, Emin Hüseynovun media sahəsinə necə daxil olduğunu şəxsən müşahidə edib:

“Əvvəlcə fotoqraf kimi fəaliyyətə başlamış, daha sonra bu istiqamətdən media müstəvisinə keçmiş və qeyri-hökumət təşkilatı yaratmışdı. Həmin təşkilat qısa müddət ərzində sürətlə ‘inkişaf’ etdi və bu proses bir çox təcrübəli media nümayəndələrinin diqqətini cəlb etdi. Çünki o, peşəkar jurnalistlərin uzun müddətdə əldə etdiyi nəticələri çox qısa zamanda reallaşdırdı”.

Ekspert bildirib ki, sonradan onun fəaliyyəti ilə bağlı müxtəlif maliyyə pozuntuları və saxtakarlıq iddiaları gündəmə gəlib:

“Bu baxımdan, belə bir şəxsin özünü jurnalist kimi təqdim edərək Mehriban xanıma sual ünvanlaması bir çoxları tərəfindən qəbuledilməz hesab olunur”.

A.Həsrət Mehriban Əliyevanın cavabında kifayət qədər diplomatik və mədəni mövqe nümayiş etdirdiyini önə çəkib:

“O, qarşı tərəfin kimliyini və mövqeyini incə, lakin aydın formada xatırlatdı. Cavab üslubu sərt ritorikadan uzaq olsa da, mesajın məğzi kifayət qədər açıq idi və ünvanlanan sualın arxasında dayanan niyyətə münasibət ifadə olunurdu. Bu hadisəni sırf jurnalistika fəaliyyəti kimi dəyərləndirmək düzgün deyil. Burada məqsədin informasiya manipulyasiyası və ictimai rəyə təsir göstərmək cəhdi olduğu aydın görünür. Lakin cəhd gözlənilən nəticəni vermədi, əksinə, qarşı tərəfin arqumentlərinin zəifliyini ortaya qoydu. Birinci vitse-prezidentin verdiyi cavab sərt və təsirli mesaj kimi qiymətləndirilə bilər. Mənim əsas vurğulamaq istədiyim məqam budur: bu şəxsi jurnalist kimi təqdim etmək doğru deyil. Hadisəyə münasibət bildirərkən peşəkar jurnalistika anlayışı ilə fərdi siyasi mövqeləri bir-birindən ayırmaq vacibdir”.

Tahirə Qafarlı

Chosen
91
hafta.az

1Sources