EN

Kembricdə yaşayan azərbaycanlı proqram mühəndisi: Süni intellekt proqramçıları əvəzləmir, onları daha məhsuldar edir MÜSAHİBƏ

Azertag saytına istinadən ain.az xəbər verir.

London, 16 fevral, AZƏRTAC

Böyük Britaniyanın Kembric şəhərində yaşayan azərbaycanlı proqram mühəndisi İsmayıl İsmayılov AZƏRTAC-a müsahibəsində karyera yolu, beynəlxalq texnologiya şirkətlərində qazandığı təcrübə, süni intellektin proqram təminatı sahəsinə təsiri və xaricdə milli kimliyin qorunmasının əhəmiyyəti barədə danışıb.

- Böyük Britaniyaya gəldikdən sonra karyera yolunuz necə formalaşdı? “Cambridge Consultants” şirkətində baş proqram mühəndisi kimi çalışmısınız. Bu mərhələ sizin üçün nə ilə yadda qaldı və hansı əsas bacarıqları qazandınız?

- Əslində proqram mühəndisliyi çoxdan coğrafi sərhədləri aşmış bir sahədir və dəqiq məkana bağlı deyil. Bununla belə, Böyük Britaniyada çalışmaq mənə əvvəllər rastlaşmadığım yeni yanaşmalar və bacarıqlar qazandırdı. Burada əsas fərq təkcə texniki biliklərdə deyil, layihələrin idarəolunması, proseslərin düzgün qurulması və işlə şəxsi həyat arasında çox aydın sərhədlərin mövcudluğunda idi.

“Cambridge Consultants”da baş proqram mühəndisi kimi çalışdığım dövr məhz bu baxımdan mənim üçün çox dəyərli oldu. Burada sistemli düşünmə, risklərin əvvəlcədən qiymətləndirilməsi və uzunmüddətli texniki qərarların verilməsi kimi bacarıqlarım daha da möhkəmləndi.

- Hazırda “Yelp” şirkətində proqram mühəndisi vəzifəsində çalışırsınız. Bu keçid necə baş verdi və “Yelp”də işləməyin əsas fərqləri nələrdir?

- Böyük Britaniyaya köçməyimizin əsas səbəbi “Cambridge Consultants” şirkətindən aldığım iş təklifi idi. Bir müddət orada çalışdıqdan sonra “Yelp” şirkətində işləyən dostlarımdan birinin tövsiyəsi ilə bu şirkətə müraciət etdim və nəticədə komandaya qoşuldum. “Yelp”də işləməyin əsas fərqi miqyas və təsir dairəsidir. Burada hazırlanan sistemlər milyonlarla istifadəçiyə xidmət edir və bu da görülən hər bir işin məsuliyyətini xeyli artırır.

- Böyük texnologiya şirkətlərində işləmək hansı məsuliyyətləri və çağırışları yaradır?

- Böyük şirkətlərdə həm müsbət, həm də çətin tərəflər var. Kiçik şirkətlərdə hiss olunan yaxın ünsiyyət burada daha az ola bilər. Digər tərəfdən isə çox mürəkkəb və yüklü sistemlərlə işləyirsiniz. Hazırladığınız məhsullar on minlərlə, bəzən milyonlarla insanın gündəlik həyatının bir hissəsinə çevrilir. Bu isə proqram mühəndisi üçün həm məsuliyyət, həm də güclü motivasiya mənbəyidir.

- Süni intellekt proqram mühəndislərinin gələcək rolunu necə dəyişəcək?

- Bu, hazırda ən aktual mövzulardan biridir. Fikrimcə, xüsusilə geniş dil modelləri proqram mühəndislərinin işini kökündən dəyişir. Lakin bu, peşənin sıradan çıxması demək deyil. Əksinə, proqram təminatının hazırlanma prosesi sürətlənir. Əvvəllər aylarla vaxt tələb edən layihələr indi daha qısa müddətdə həyata keçirilir. Bu isə daha çox layihənin icrasına imkan yaradır və mühəndislər daha mürəkkəb problemlərə fokuslana bilirlər.

- Yaşamaq üçün məhz Kembric şəhərini seçmisiniz?

- Kembricə köçməyimizin əsas səbəbi iş təklifi idi. İlkin planımız sonradan Londona köçmək olsa da, zamanla anladıq ki, Kembric daha təhlükəsiz, sakit və ailə həyatı üçün əlverişli şəhərdir.

- Sizcə azərbaycanlı gənclərin beynəlxalq şirkətlərdə uğur qazanması üçün hansı bacarıqlar vacibdir?

- Azərbaycanda kifayət qədər savadlı və güclü mütəxəssislər var. Sevindirici haldır ki, artıq yerli şirkətlərimiz də bir çox sahələrdə beynəlxalq şirkətlərdən geri qalmır. Bu da xarici şirkətlərdən iş təklifi almağı əvvəlki illərlə müqayisədə xeyli asanlaşdırır. Beynəlxalq şirkətlər, adətən, namizədlərin nə bildiyindən çox, yeni bilikləri necə və nə qədər tez öyrənə bildiyinə diqqət yetirir. Bununla yanaşı, ünsiyyət, komanda işi və məsuliyyət kimi “soft skill”lərə də çox böyük önəm verilir.

- Xaricdə yaşayan bir azərbaycanlı olaraq diaspor üzvlərinin bir-birinə dəstəyini necə qiymətləndirirsiniz?

- Xaricdə yaşayan hər bir azərbaycanlı çox yaxşı bilir ki, həmvətənlərin bir-birinə dəstəyi son dərəcə vacibdir. Bu baxımdan əlaqələrin qurulması və dəstəyin daha təşkilatlanmış şəkildə həyata keçirilməsi üçün diaspor təşkilatlarının rolu danılmazdır.

- Övladlarınız “Qarabağ” məktəbinə gedir. Xaricdə bu cür təhsil müəssisələrinin rolunu necə qiymətləndirirsiniz?

- “Qarabağ” məktəbi ilə tanışlığımız diasporun təşkil etdiyi Xocalı faciəsinin anım tədbirində oldu. Azyaşlı uşaqların tədbirdə fəal iştirakı bizi çox təsirləndirdi və elə həmin gün məktəb haqqında məlumat alaraq övladlarımızı oraya yazdırdıq.

“Qarabağ” məktəbi təkcə uşaqların milli ruhda böyüməsinə deyil, eyni zamanda, azərbaycanlı uşaqların bir-biri ilə sıx ünsiyyət qurmasına və milli kimliyini qoruyaraq böyüməsinə mühüm töhfə verir.

- Gələcək planlarınız nələrdir?

- Hazırda qazandığım bilik və təcrübəni Azərbaycandakı həmkarlarımla bölüşməyə çalışıram. Gələcəkdə bunu daha sistemli şəkildə həyata keçirmək və ölkəmizdə texnologiya mühitinin inkişafına töhfə vermək istəyirəm.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
106
azertag.az

1Sources