EN

Münxen 2026: Azərbaycanın qlobal təhlükəsizlik manifesti ŞƏRH

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 16 fevral, AZƏRTAC

2026-cı ildə Münxen Təhlükəsizlik Konfransı beynəlxalq siyasətin ən həssas mövzularının müzakirə olunduğu tribunaya çevrildiyi bir vaxtda, Azərbaycanın mövqeyi də qlobal dünyanın diqqət mərkəzinə çıxdı. Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər təkcə regional gündəliklə məhdudlaşmadı; çıxış təhlükəsizlik arxitekturasının dəyişən konturlarına, enerji sabitliyinə və geosiyasi reallıqların diktə etdiyi yeni əməkdaşlıq formatlarına yönəldi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. Onun sözlərinə görə, dünyanın güc mərkəzlərinin toplaşdığı Münxen platformasında Azərbaycan Prezidentinin ritorikasında diqqət çəkən əsas xətt suverenlik, sabitlik və praqmatizm üçbucağı oldu. O, Cənubi Qafqazda yaranmış yeni reallıqların dəyişməz xarakter daşıdığını vurğulayaraq, regional təhlükəsizlik modelinin kənardan deyil, region ölkələrinin məsuliyyətli davranışı ilə formalaşmalı olduğunu qeyd etdi. Bu yanaşma faktiki olaraq, postsovet məkanında uzun illər davam edən “böyük güclərin rəqabəti” paradiqmasına alternativ siyasi baxış kimi təqdim olundu.

Çıxışın mühüm hissəsinin enerji təhlükəsizliyi mövzusuna həsr edildiyi deyən E.Akimova bildirib ki, Avropanın dəyişən enerji xəritəsində Azərbaycanın etibarlı tərəfdaş kimi rolu bir daha xatırladıldı. Prezident enerji layihələrinin yalnız iqtisadi deyil, həm də siyasi sabitlik amili kimi qiymətləndirilməsinin vacibliyini qabardaraq, enerji marşrutlarının şaxələndirilməsinin qlobal risklərin azaldılmasına xidmət etdiyini vurğuladı. Bu məqamda Azərbaycan modelinin ideoloji deyil, funksional əməkdaşlığa əsaslandığı mesajı verildi.

Müsahibimizin fikrincə, Prezident İlham Əliyevin çıxışında diplomatik dil ilə sərt reallıq təsvirlərinin balansı qorundu: “O, beynəlxalq hüququn selektiv tətbiqinin təhlükəli presedentlər yaratdığını xatırlatdı və ədalətli yanaşmanın regional münaqişələrin uzunmüddətli həllində əsas şərt olduğunu bildirdi. Bu tezis, əslində, beynəlxalq münasibətlər sistemində legitimlik böhranına yönəlmiş dolayısı, lakin aydın mesaj kimi oxundu.

Forumda səslənən fikirlər Azərbaycanın özünü yalnız regional aktor kimi deyil, daha geniş təhlükəsizlik diskursunun iştirakçısı kimi təqdim etməyə çalışdığını göstərdi. Çıxışın üslubu polemikadan uzaq, lakin mövqeyi qəti ifadə edən diplomatik praqmatizm nümunəsi idi. Rəsmi Bakı beynəlxalq auditoriyaya sabitlik ixrac edən, riskləri idarə edən və əməkdaşlıq üçün açıq olan dövlət obrazını təqdim etdi”.

Deputat əlavə edib ki, Münxendə səslənən tezislər Azərbaycan xarici siyasətinin əsas xəttini bir daha aydınlaşdırdı: dəyişən geosiyasi mühitdə milli maraqlara söykənən, amma çoxtərəfli dialoqa açıq, sərt ritorikadan çox strateji məntiqə əsaslanan kurs. Bu çıxış təkcə forum protokolunun bir epizodu deyil, yeni regional və qlobal reallıqlar fonunda Azərbaycanın öz yerini necə gördüyünün siyasi manifesti kimi yadda qaldı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
82
1
azertag.az

2Sources