Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
“Müasir beynəlxalq münasibətlər sistemində milli maraqlara əsaslanan balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın qlobal nüfuzunu ildən-ilə daha da möhkəmləndirir. Ölkəmiz beynəlxalq hüququn fundamental prinsiplərinə və qarşılıqlı faydalı əməkdaşlığa söykənən müstəqil xarici siyasət həyata keçirərək, mühüm qlobal layihələrin icrasında etibarlı və həlledici tərəfdaş kimi çıxış edir. Bu kontekstdə Azərbaycan ilə Serbiya arasındakı münasibətlər özünəməxsus dinamizmi ilə seçilir. İldən-ilə genişlənən bu strateji tərəfdaşlıq hazırda ən yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlət başçılarının mütəmadi xarakter alan qarşılıqlı səfərləri və aparılan yüksək səviyyəli dialoqlar əməkdaşlığın davamlı inkişafının ən bariz göstəricisidir”. Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov Demokrat.az-a açıqlamasında bildirib.
Kamran Bayramov bildirib ki, fevralın 15-də Belqradda Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiçin mətbuata birgə bəyanatlarla çıxış etməsi, iki ölkə arasındakı strateji tərəfdaşlığın sarsılmaz bir qardaşlıq və müttəfiqlik zirvəsinə yüksəldiyini bütün dünyaya nümayiş etdirdi:“Bu görüş sadəcə diplomatik bir təmas deyil, həm də Bakı və Belqradın regionun yeni və qətiyyətli güc mərkəzləri kimi birgə addımladığının bəyanı idi. Liderlərin çıxışlarında səslənən hər bir fikir həm Azərbaycanın, həm də Serbiyanın milli maraqlarına söykənən müstəqil xarici siyasət kursunun nə qədər sarsılmaz olduğunu bir daha sübut etdi. Xüsusilə vurğulanmalıdır ki, hər iki dövlət başçısı beynəlxalq hüququn təməl prinsiplərinə sadiqliklərini nümayiş etdirərək, qarşılıqlı surətdə ərazi bütövlüyü və suverenliyin qorunmasında güzəştsiz mövqe sərgilədilər. Azərbaycanın Avropanın, o cümlədən Serbiyanın enerji təhlükəsizliyində oynadığı həlledici rol bu münasibətləri strateji tərəfdaşlıq müstəvisindən çıxararaq sarsılmaz bir iqtisadi-siyasi ittifaq səviyyəsinə qaldırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu uzaqgörən diplomatiya Azərbaycanı qlobal layihələrin əsas tərəfdaşlarından birinə çevirməklə yanaşı, xarici təzyiqlərə və mümkün təxribat planlarına qarşı ən təsirli cavab kimi qiymətləndirilir”.Deputat diqqətə çatdırıb ki, bu gün Bakı və Belqrad arasındakı sarsılmaz birlik, Avrasiyanın siyasi xəritəsində yeni və proqnozlaşdırıla bilən bir əməkdaşlıq reallığı yaradır:“Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanla münasibətlərin gələcək perspektivlərindən danışarkən bildirib ki, sentyabr ayında Bakıda keçiriləcək investisiya forumu biznes dairələri, bankçılar və rəsmi nümayəndələr üçün yeni əməkdaşlıq imkanları yaradacaq. Bu səfər çərçivəsində Serbiya üçün strateji əhəmiyyət kəsb edən “EXPO 2027” sərgisinin təqdimatı da nəzərdə tutulur. Belqradda keçiriləcək bu mötəbər tədbirdə Azərbaycanın iştirakını təsdiqləməsini yüksək qiymətləndirən dövlət başçısı ölkəmizin öz potensialını həmin platformada ən yüksək səviyyədə nümayiş etdirəcəyinə əminliyini ifadə edib. İki ölkə arasında turizm əlaqələrinin inkişafına toxunan Prezident Vuçiç, mayın 3-dən etibarən "Air Serbia" vasitəsilə Bakı və Belqrad arasında birbaşa uçuşların başlayacağını xüsusi qeyd edib. O, Bakının təmizliyini, təhlükəsizliyini və memarlıq möcüzələrini vurğulayaraq, Serbiya vətəndaşlarını bu gözəl şəhəri ziyarət etməyə çağırıb. Eyni zamanda, Azərbaycan vətəndaşlarını da Avropanın ən təhlükəsiz ölkələrindən biri olan Serbiyaya dəvət edən Vuçiç, xalqlarımızın qardaş və dost münasibətlərinin bu tərəfdaşlığın təməlini təşkil etdiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyev Belqradda mətbuata verdiyi bəyanatda Serbiya ilə münasibətlərin dərin strateji və mənəvi köklərə söykəndiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı vurğulayıb ki, Serbiyanın təbii resurslardan asılı olmadan, yalnız daxili gücünə və islahatlara arxalanaraq əldə etdiyi iqtisadi uğurlar, xüsusilə müasir Avropa məkanında yüksək qiymətləndirilməli olan bir amildir. Bu inkişafın mərkəzində isə Prezident Aleksandar Vuçiçin milli maraqlara bağlılığı və sarsılmaz liderlik keyfiyyətləri dayanır. Prezident qeyd edib ki, iki ölkə arasında keçirilən Strateji Şuranın ilk iclası əlaqələri yeni müstəviyə daşıyıb. Bizim gələcək üçün də açıq-aydın planlarımız var: “Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır.”Dövlət başçısı Serbiyada yaradılmış əlverişli investisiya mühitini xüsusi qeyd edərək, Azərbaycanın bu ölkəyə böyük həcmdə sərmayə qoymağa hazır olduğunu bildirib. Birgə inşa ediləcək elektrik stansiyası layihəsi hər iki ölkənin enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, həm də iqtisadi müstəqilliyin rəmzinə çevriləcək. Bu əməkdaşlıq formatı göstərir ki, Bakı və Belqrad arasındakı səmimi dostluq münasibətləri artıq genişmiqyaslı iqtisadi və strateji dividentlərə çevrilməkdədir”.K.Bayramov əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən enerji strategiyası Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirir:
“Dövlətimizin başçısının bərpaolunan enerji sahəsində mövcud böyük potensiala diqqət çəkərək 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünün əldə olunmasını hədəf kimi müəyyənləşdirməsi ölkəmizin gələcək onilliklərdə də Avropanın enerji xəritəsində əsas söz sahibinə çevriləcəyini göstərir. Bu nəhəng resursun əhəmiyyətli hissəsinin xarici bazarlara ixracı, eyni zamanda Serbiya kimi strateji tərəfdaşlarla transmissiya imkanlarının genişləndirilməsi istiqamətində yeni əməkdaşlıq perspektivləri açır. Məhz bu cür qlobal miqyaslı təşəbbüslər Azərbaycanın dünya səviyyəsində nüfuzunun sürətlə artmasını və Cənubi Qafqazın lider dövlətinə çevrilməsini şərtləndirən əsas amillərdir. Ölkəmizin bu strateji yüksəlişi təkcə region üçün deyil, bütövlükdə Avrasiya məkanında sabitliyin və iqtisadi tərəqqinin təminatçısına çevrilmək istiqamətində atılan tarixi addım kimi qiymətləndirilə bilər”.Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.