EN

Ukrayna üzrə Cenevrə danışıqlarının mövzu dairəsi genişləndiriləcək

Moskva, 16 fevral, AZƏRTAC

Cenevrədə keçiriləcək Ukrayna görüşündə müzakirə olunacaq məsələlərin dairəsi əvvəllər Əbu-Dabidə aparılan danışıqlardan daha geniş olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O qeyd edib ki, Rusiya nümayəndə heyətinin genişləndirilməsinin səbəbi də elə budur.

Kreml sözçüsünün sözlərinə görə, bu dəfə ərazilər və digər detallarla bağlı əsas məsələlər də daxil olmaqla daha geniş məsələlərin müzakirəsi planlaşdırılır. “Baş müzakirəçi, yəni, Medinskinin iştirakı indi vacibdir”, - deyə o bildirib. Peskov əlavə edib ki, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Rusiya danışıqlar qrupunun rəhbəri olaraq qalacaq.

Peskov izah edib ki, Rusiya ordusu Baş Qərargahının Baş idarəsinin rəisi İqor Kostyukov Əbu-Dabidə keçirilən məsləhətləşmələrdə nümayəndə heyətinə rəhbərlik edib, çünki o zaman əsasən hərbi məsələlər müzakirə olunub.

O, Cenevrədə nümayəndə heyətinin tərkibinin genişləndiriləcəyini açıqlayıb. Qrupa Medinskidən ilə yanaşı, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər nümayəndələr də daxil olacaq. O, Kostyukovun da danışıqlarda iştirak edəcəyini təsdiqləyib.

Bundan əlavə, Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ ilə iqtisadi əməkdaşlıq üzrə təmaslar xətti ilə Cenevrəyə səfər edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Chosen
93
24
azertag.az

10Sources