Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin iyun ayından etibarən Qazaxıstanın Şımkent şəhərinə uçuşlara başlayacaq.
Aznews.az xəbər verir ki, yeni istiqamət üzrə biletlər artıq satışdadır.
İlk reys 16 iyun 2026-cı il tarixində baş tutacaq. Aviaşirkətin uçuş cədvəlinə uyğun olaraq Bakı-Şımkent-Bakı reysləri:
16-27 iyun 2026-cı il tarixlərində həftədə iki dəfə - Bakıdan Şımkentə və əks istiqamətdə çərşənbə axşamı və şənbə günləri;
30 iyun 2026-cı il tarixindən etibarən isə həftədə üç dəfə olmaqla çərşənbə axşamı, cümə axşamı və şənbə günləri, əks istiqamətdə isə çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək.
AZAL-ın genişlənən marşrut şəbəkəsində Şımkent Qazaxıstanın sayca 4-cü şəhəridir. 2025-ci ildə aviaşirkət Almatı, Astana və Aktau şəhərlərinə 850-yə yaxın müntəzəm uçuş (gediş-gəliş) həyata keçirib.
Əhali sayına görə Qazaxıstanın üçüncü ən böyük şəhəri olan Şımkent zəngin mədəni irsi və müasirliyi ilə seçilir. Şəhər canlı küçələri, yaşıl parkları və qonaqpərvərliyi ilə turistləri cəlb edir.