EN

Estetik əməliyyat asılılığa çevrilə bilərmi? - AÇIQLAMA

Estetik müdaxilələr mövzusu cəmiyyətdə ən çox müzakirə olunan, eyni zamanda ən çox yanlış anlaşılan sahələrdən biridir. Gözəllik anlayışının sürətlə dəyişdiyi, sosial medianın gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə insanların xarici görünüşlə bağlı qərarları artıq təkcə estetik seçim deyil, həm də psixoloji və sosial faktorların kəsişdiyi mürəkkəb proses kimi dəyərləndirilir. Bu qərarın arxasında sadəcə “bəyənmək” və ya “bəyənilmək” istəyi dayanmır; burada özünüqəbul, özünədəyər, sosial müqayisə və şəxsi təcrübələrin təsiri mühüm rol oynayır. Məhz buna görə estetik əməliyyatlara münasibətə tək tərəfli yanaşmaq düzgün deyil – məsələ daha dərin psixoloji və sosial qatlara malikdir.

Bu barədə psixoterapevt İlkin Kazımlı Missiya.Az-a danışıb.

"İnsanların estetik əməliyyatına qərar verməsi barədə adətən 2 kəskin bölgü aparılır – ya daxili ehtiyac, ya da cəmiyyət təzyiqi. Halbuki praktikada bu proses daha mürəkkəb və qarışıqdır. İnsan həm daxildən narahatlıq hiss edə bilər, həm də sosial mühit həmin narahatlığı gücləndirə bilər.

Məsələn, sosial mediada, xüsusilə Instagram və TikTok kimi platformalarda “ideal” üz və bədən obrazı ciddi şəkildə standartlaşdırılıb. Filtrlər, estetik müdaxilədən keçmiş simalar və “qüsursuzluq” mesajları davamlı şəkildə təqdim olunur. İnsan hər gün bu obrazlarla qarşılaşdıqda, bir müddət sonra özünü təbii halı ilə deyil, müqayisə fonunda qiymətləndirməyə başlayır. Bununla yanaşı, fərdi həyat tarixi də mühüm rol oynayır. Uşaqlıqda görünüşünə görə tənqid olunan, lağa qoyulan və ya daim müqayisə edilən insanlarda bu mövzu daha həssas nöqtəyə çevrilə bilər. Yəni estetik əməliyyat qərarı əksər hallarda tək səbəbdən qaynaqlanmır",-psixoterapevt bildirib.

İlkin Kazımlının sözlərinə görə, öz görünüşündə dəyişiklik istəyi avtomatik olaraq psixoloji problem demək deyil. Əgər insan ümumi olaraq özünü dəyərli hiss edirsə və dəyişiklik estetik seçim xarakteri daşıyırsa, bu daha sağlam çərçivə sayılır. Lakin görünüş həyatın mərkəzinə çevrilirsə, insan saatlarla güzgü qarşısında vaxt keçirirsə, sosial mühitdən uzaqlaşırsa və ya “bu hissəni düzəltsəm, hər şey dəyişəcək” düşüncəsi formalaşıbsa, artıq psixoloji riskdən danışmaq mümkündür. Xüsusilə bədən dismorfik pozuntusu zamanı insan realda çox kiçik və ya obyektiv olaraq nəzərə çarpmayan bir detalı böyük qüsur kimi qəbul edir. Bu, psixoloji pozuntudur. Belə hallarda estetik müdaxilə problemi həll etmir, sadəcə diqqəti müvəqqəti olaraq başqa nöqtəyə yönəldə bilər. Əsas həll yolu isə psixoterapevtik dəstəkdir.

"Qısa müddətdə özünəinam artımı mümkündür – insan aynaya baxdıqda özünü daha rahat hiss edə bilər. Amma əsas məsələ daxili özünədəyər boşluğudursa, əməliyyat həmin boşluğu tam doldurmur. Bəzi hallarda bir dəyişiklik digərinə yol açır: “bunu etdirdim, indi digəri də lazımdır” düşüncəsi yarana bilər. Bu proses bəzən asılılıq mexanizminə bənzəyir. Çünki problem burunda, dodaqda və ya bədəndə deyil, insanın özünə münasibətində ola bilər. Mövzunu ümumiləşdirsək, estetik əməliyyat nə tamamilə yanlış seçimdir, nə də avtomatik olaraq psixoloji problemdir. Əsas məsələ qərarın hansı emosional fonda verilməsidir: özünü qəbul edən “mən” konsepsiyasından, yoxsa özünü rədd edən “mən” konsepsiyasından? Qərar daxili sabitlik və özünü qəbul üzərində qurularsa, nəticə daha sağlam olur. Əgər qərar utanc, müqayisə və ya qəbul edilmə qorxusundan qaynaqlanırsa, bu zaman psixoloji dəstək daha vacib hesab olunur",-İ.Kazımlı əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Chosen
96
missiya.az

1Sources