EN

Ekspert: “Gömrük Komitəsi sahibkarların hüquqlarını pozur”

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Son illər ölkədə sahibkarlığın inkişafı, azad rəqabət mühitinin yaradılması üçün yeni məcəllənin yaradılması təklif edilirdi. 

Nəhayət, 2024-cü ildən ölkədə Rəqabət Məcəlləsi qüvvəyə minib. Bu məcəllə antiinhisar fəaliyyəti, haqsız rəqabət, şaquli/üfüqi müqavilələr və iqtisadi təmərküzləşməni tənzimləyir, həmçinin əvvəlki qanunları əvəz edərək cərimə və sanksiyaları müəyyən edir. 

Bugünlərdə isə millət vəkili Əli Məsimli Azərbaycanda Sahibkarlıq Məcəlləsinin qəbul edilməli olduğunu bildirib: 

“Neftə əsaslanan iqtisadi modeldən qeyri-neft sektorunun üstün olduğu iqtisadi modelə keçiddə qarşıya qoyduğumuz hədəflərə nail olmağın mühüm şərtlərindən biri sahibkarlığın inkişaf etdirilməsidir. Bu da mükəmməl bir qanunvericilik sənədinin ortaya qoyulmasını zəruri edir. 

İndiyə qədər sahibkarlıqla bağlı qəbul olunmuş qanunlar iqtisadi inkişafın müxtəlif mərhələlərini əhatə edib. Həmin qanunvericilik sənədlərinin əsasında, amma daha mükəmməl bir variantda Sahibkarlıq Məcəlləsinin qəbul edilməsini təklif edirəm. Bu, ümumi işin xeyrinə olacaq". 

Qeyd edək ki, bəzi ekspertlər Rəqabət Məcəlləsi qüvvəyə mindikdən sonra da problemlərin öz həllini tapmadığını, yəni yeni məcəllə qəbul olunsa da, bu sahədə heç dəyişiklik müşahidə edilmədiyini bildirirlər. 

Sahibkarlıq Məcəlləsinin qəbul edilməsi bu sahədə dəyişikliyə səbəb olacaqmı? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, Sahibkarlıq Məcəlləsi dedikdə, kommersiya, ticarət məcəlləsi nəzərdə tutulub: 

“Dünya ölkələri iki böyük qrupa bölünürlər. Almaniya, Fransa kimi ölkələrdə həm həm Mülki, həm də ticarət, yəni Sahibkarlıq Məcəlləsi var. Digər ölkələrdə isə sadəcə Mülki Məcəllə var ki, hazırda belə ölkələr üstünlük təşkil edir. Azərbaycan ikinci qrupa aid olan ölkələrdəndir və Mülki Məcəllə var. 

Orada sahibkarlara aid olan məsələlər də yer alır. Mən demirəm ki, bu, yaxşı tənzimlənib. Əlbəttə ki, Mülki Məcəllədə xeyli problemlər var və təkmilləşməsinə ehtiyac duyulur. Xüsusilə də korporativ hüquq, yəni şirkətlər hüququna aid olan müddəalar təkmilləşdirilməlidir”. 

Ekspert qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun vəziyyətinin acınacaqlı olması heç də bununla bağlı deyil: 

“Çünki bu, problemin 5 faizini təşkil edir. 95 faiz problem olunla bağlıdır ki, ölkədə qanunların icra mexanizmi zəifdir. Hətta mövcud olan qanunlar belə, 70 faiz olduğu kimi icra olunsaydı, bizdə sahibkarlığın vəziyyəti xeyli yaxşı olardı. Ancaq təəssüf ki, icra olunmur”. 

O qeyd edib ki, Dövlət Gömrük Komitəsi başda olmaqla, məhkəmələr sahibkarların hüquqlarını pozur: 

“Bu gün Rəqabət Məcəlləsinin olması ilə olmamasının heç bir fərqi yoxdur və vəziyyət əvvəlki kimidir”. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
85
1
cebheinfo.az

2Sources