EN

Azərbaycan millisinin sabiq futbolçusu: Qrupdan lider kimi çıxmaq əsas hədəfimiz olmalıdır

Bakı, 16 fevral, AZƏRTAC

Qrupdan lider kimi çıxmaq əsas hədəfimiz olmalıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev yığmanın UEFA Millətlər Liqasının D Liqasında qarşılaşacağı rəqibləri dəyərləndirərkən deyib.

O, Litva və Lixtenşteyn seçmələrinin yığmamız üçün münasib rəqiblər olduğunu bildirib: “Əgər bu iki komandaya da qalib gələ bilməsək, onda ümumiyyətlə milli səviyyədə futbol oynamağın mənası qalmaz. Litva və Lixtenşteyn demək olar ki, rahat məğlub edilə biləcək komandalardır. Bu rəqiblərə qarşı qalib gəlmək mümkündür”.

Keçmiş hücumçu son dövrlər millinin oyununda müsbət dinamika müşahidə olunduğunu da qeyd edib: “Xüsusilə baş məşqçi Ayxan Abbasovun gəlişindən sonra millimiz pis nəticələr göstərmir. Komanda daha istəkli oynayır və oyun baxımından irəliləyiş var. İnanıram ki, hər şey daha da yaxşı olacaq və futbolçularda qalib gəlmək istəyi güclənəcək. Hazırda onsuz da yaxşı mübarizə aparırıq. Sadəcə bir qədər də çalışmaq və mövcud oyunun üstünə əlavə etmək lazımdır. Bu halda daha yaxşı nəticələr əldə etmək mümkündür”.

Qeyd edək ki, Azərbaycan millisi D Liqasında mübarizəyə sentyabrın 27-də Litvaya qarşı səfər matçı ilə start verəcək. Yığmamızın 2-ci qrupdakı son görüşü isə səfərdə Lixtenşteynlə olacaq.

Chosen
119
1
azertag.az

2Sources