Bakı, 17 fevral, AZƏRTAC
Rusiya Federasiyasının genişmiqyaslı hücumunun başlanmasından təxminən dörd il sonra Ukraynanın dinc sakinlərinin vəziyyəti pisləşməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT agentlikləri xəbərdarlıq ediblər.
“Vəziyyət nəzərəçarpacaq dərəcədə pisləşib”, - deyə BMT-nin Ukraynadakı İnsan Hüquqları üzrə Monitorinq Missiyasının rəhbəri Daniel Bell bildirib. “Hər il daha çox insan həlak olur və yaralanır. Milyonlarla insan gün ərzində yalnız bir neçə saat elektrik enerjisi ilə təmin olunur. Yüz minlərlə insan şaxtalı havalarda istiliksiz qalır. Beynəlxalq humanitar hüququn ciddi pozuntuları davam edir”, - deyə o, qeyd edib.
Missiyanın məlumatına görə, 2025-ci ildə mülki əhali arasında itkilərin sayı 2024-cü illə müqayisədə 31 faiz, 2023-cü illə müqayisədə isə 70 faiz çox olub. 2022-ci ilin fevralından bəri 15 mindən çox insanın həlak olması və 41 mindən çox insanın yaralanması təsdiqlənib. Qurbanların böyük əksəriyyəti Ukraynanın nəzarətində olan ərazilərdə qeydə alınıb.
BMT-dən vurğulanır ki, bu rəqəmlərin hər biri insan həyatı, dağıdılmış ailələr və əhalinin psixoloji travması deməkdir.
Ötən ilin oktyabrından etibarən Rusiya Silahlı Qüvvələrinin Ukraynanın enerji sisteminə hücumları çoxalıb. Dağıntılar elektrik enerjisi, istilik və su təchizatında uzunmüddətli fasilələrə səbəb olub. Yanvarda havanın temperaturu mənfi 20 dərəcəyədək enərkən mərkəzləşdirilmiş istilik təchizatı obyektləri də zərər görüb və minlərlə çoxmərtəbəli bina istiliksiz qalıb.
Missiya təqsirkarların məsuliyyətə cəlb olunması istiqamətində səylərin gücləndirilməsinə çağırıb.
“Dörd il əvvəl Rusiya Federasiyasının Ukrayna ərazisinə genişmiqyaslı müdaxiləsi həm insan hüquqları, həm də humanitar hüquq sahəsində beynəlxalq normaların çoxsaylı pozuntularına səbəb olub. Lakin bu günədək bu pozuntuların qarşısının alınması və təqsirkarların məsuliyyətə cəlb olunması istiqamətində kifayət qədər səy müşahidə olunmur”, - deyə Daniel Bell söyləyib. Onun sözlərinə görə, zərərçəkənlər ədalət mühakiməsinə, vurulmuş ziyanın ödənilməsinə və həqiqətin müəyyən edilməsinə çıxış əldə etməlidirlər.
Davam edən hücumlar və sərt qış şəraiti fonunda yeni köçürülmə riskləri də artır. Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) yeni məlumatına görə, artıq doğma yerlərinə qayıtmış təxminən 325 min ukraynalı yaxın aylarda yenidən evlərini tərk edə bilər. Onların çoxu xaricə getməyi nəzərdən keçirir.
“Dörd illik müharibədən sonra ailələrin təkcə dözümlülüyü elektrik enerjisinin kəsilməsi və şiddətli şaxtalarla müşayiət olunan daha bir qışı keçirmək üçün kifayət etməyəcək. Təhlükəsiz yaşayış yeri, etibarlı enerji təchizatı və əsas xidmətlər lüksün deyil, sağ qalmanın və insan ləyaqətinin əsasını təşkil edir”, - deyə BMqT-nin baş direktoru Emi Poup vurğulayıb.
2026-cı ilin yanvar ayına olan məlumata görə, ölkə daxilində 3,7 milyon nəfər məcburi köçkün vəziyyətindədir. 2022-ci ilin fevralından bəri evlərini tərk etmiş 4,4 milyondan çox insan doğma yerlərinə qayıdıb, o cümlədən bir milyondan çoxu xaricdən geri dönüb. Bununla belə, sərhədi geri keçənlərin hamısı öz evlərinə qayıda bilməyib — 372 min nəfər hələ də məcburi köçkün statusunda qalır.
Mənfi 20 dərəcəyədək şaxtalar və ölkə üzrə davam edən qəza xarakterli elektrik kəsilmələri fonunda Ukraynanın bir çox sakini yenidən köçmək barədə düşünməyə məcbur qalır. Cəbhəyanı ərazilərdə insanlar generatorların və təmir materiallarının çatışmazlığını bildirir, psixoloji gərginlik səviyyəsi isə yüksək olaraq qalır.
2022-ci ildən bəri Beynəlxalq Miqrasiya Təşkilatı ölkə daxilində 6,9 milyon nəfərə birbaşa və ya dolayı yardım göstərib, həmçinin 11 qonşu ölkədə milyonlarla insana dəstək verib. Təşkilatdan vurğulanır ki, qış dövründə vaxtında dəstək göstərilməzsə, enerji təchizatındakı fasilələr ailələrin yenidən köçməsinə səbəb ola və bərpa səylərini zəiflədə bilər.