EN

QMİ Ramazan ayının başlaması münasibətilə fətva verdi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası Ramazan ayının başlaması münasibətilə fətva verib.

Aznews.az xəbər verir ki, fətvada deyilir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/16 saylı və 30.01.2026-ci il tarixli cavab məktubuna əsasən, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edəcək.

Fətvada tövsiyə edilib ki, “duaların qəbul olunduğu bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin”:

“Həmçinin, bir daha din xadimlərimizə xatırlatmaq istərdik ki, iftardan öncə məclislərdə ehsan verilməsi qəti qadağandır, çünki Allahın hökmü, Peyğəmbərin (s) əmri ilə ehsan adı ilə iftardan əvvəl süfrə açılması şəri baxımdan haram əməldir. Din xadimləri bu qaydalara riayət olunmasına görə məsuliyyət daşıyırlar və şəri baxımdan buna cavabdehdirlər”.

Fətvada bildirilib ki, Ramazan təqvimi Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz ilə üst-üstə düşür: “Novruzda savaşlar dayanmış, küsülülər barışmış, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşmüşlər. Biz Ramazanın ilahi önəmini nəzərə alaraq tövsiyə edirik ki, çərşənbə axşamlarında açılan Novruz süfrələri iftar saatlarına uyğunlaşdırılsın və bununla da xalqımız həm Ramazanın, həm də Novruzun sevinc və bərəkətlərinə qovuşsun. Zəfər dönəmini yaşayan Azərbaycanda müqəddəs Ramazan və mübarək Novruz bayramlarının üst-üstə düşməsi Uca Allahın Lütfü ilə xeyirlərə vəsilə olan böyük müjdədir”.

Chosen
49
1
aznews.az

3Sources