EN

Ölümdən sonra da paylaşım: Meta-dan qalmaqallı süni intellekt patenti

Ölümdən sonra da paylaşım: Meta-dan qalmaqallı süni intellekt patenti

Meta sosial media hesablarının ölümdən sonra da aktiv qalmasını təmin edə biləcək süni intellekt texnologiyası üçün patent alıb. Lakin şirkət sözügedən texnologiyanı real həyatda tətbiq etmək planlarının olmadığını açıqlayıb.

Business Insider-ın xəbərinə görə, Meta-ya 2025-ci ilin dekabrında verilən patent böyük dil modellərindən istifadə edərək istifadəçinin sosial media davranışlarının simulyasiya edilməsini nəzərdə tutur. Patentdə qeyd olunur ki, süni intellekt istifadəçi adından şərh yazmaq, bəyənmək və mesajlara cavab vermək kimi fəaliyyətləri davam etdirə bilər.

Patent mətnində bu sistemin istifadəçinin uzun müddət sosial mediadan uzaq qalması və ya həyatını itirməsi halında dövriyyəyə girə biləcəyi bildirilir. Sənəddə “İstifadəçinin vəfat etməsi vəziyyətində platformaya bir daha qayıtma ehtimalı olmadığı üçün təsirlər daha qalıcı və ağırdır”, — ifadələri yer alır.

Patent müraciətinin əsas müəllifi kimi Meta-nın texniki direktoru (CTO) Endryu Bosvort göstərilir. Meta rəsmisi isə mövzu ilə bağlı açıqlamasında deyib ki, bu nümunə ilə bağlı hazırkı mərhələdə irəliləmək planları yoxdur. O qeyd edib ki, patent almaq bu texnologiyanın mütləq tətbiq olunacağı mənasına gəlmir.

Rəqəmsal klon müzakirəsi

Patentə əsasən, sistem istifadəçinin keçmiş paylaşımları, şərhləri və qarşılıqlı əlaqələri əsasında təlim keçərək rəqəmsal bir “klon” yarada bilir. Bu klon başqalarının paylaşımlarına reaksiya verə, hətta video və ya səsli zəngləri simulyasiya edə bilər.

Meta bu texnologiyanın xüsusilə kontent yaradıcıları və ya rəqəmsal dünyadan uzunmüddətli fasilə alan istifadəçilər üçün faydalı ola biləcəyini müdafiə edir. Lakin ekspertlər vəfat etmiş şəxslərin rəqəmsal olaraq təqlid edilməsinin ciddi etik və hüquqi problemlər yarada biləcəyi qənaətindədir.

Ekspertlərdən etik xəbərdarlıq

Birminhem Universitetinin Hüquq fakültəsinin professoru Edina Harbinja bu növ texnologiyaların təkcə texniki deyil, həm də sosial və fəlsəfi problemlər daşıdığını qeyd edib. Harbinja “Bu məsələ rəqəmsal miras, məxfilik və yas prosesi kimi çox həssas sahələrə toxunur”, — diye bildirib.

Meta-nın rəqəmsal miras sahəsindəki işləri yeni deyil. Facebook təxminən 10 il əvvəl istifadəçilərə ölümdən sonra hesablarını idarə etmək üçün “vərəsə şəxs” təyin etmək imkanı yaratmışdı. Şirkətin baş direktoru Mark Zukerberq 2023-cü ildə podkaster Leks Fridmana verdiyi müsahibədə vəfat etmiş şəxslərin virtual avatarları ilə ünsiyyət ideyasına toxunmuşdu.

Yas prosesini çətinləşdirə bilər

Virciniya Universitetinin sosiologiya professoru Cozef Devis isə bu növ tətbiqlərin yas prosesinə mənfi təsir göstərə biləcəyini müdafiə edir. Devis “Yasın ən vacib mərhələlərindən biri itkinin qəbul edilməsidir. Ölənləri rəqəmsal olaraq geri gətirmək bu prosesi mürəkkəbləşdirə bilər”, — deyib.

Daha əvvəl Microsoft da vəfat etmiş şəxsləri simulyasiya edə bilən süni intellekt çat-botu üçün patent almışdı. Ekspertlərin fikrincə Meta-nın bu addımı “yas texnologiyaları” adlandırılan bu sahənin əsas texnoloji dünyada daha çox yer tapacağının göstəricisidir.

Chosen
97
afn.az

1Sources