EN

Rusiya–İran–Çin hərbi hərəkətə keçdi: Vaşinqton yeni kartını ortaya qoydu

ABŞ–İran–İsrail xəttində artan gərginlik fonunda regionda hərbi-siyasi dinamika daha da mürəkkəbləşir. Rusiya, Çin və İran fevralın sonunda Hörmüz boğazında keçiriləcək “Dəniz Təhlükəsizliyi Kəməri 2026” adlı birgə hərbi təlimlərdə iştirak etmək üçün gəmilər göndərib. Ölkə.Az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev məlumat verib. Səkkizinci dəfə təşkil olunan təlimlərdə İran Hərbi Dəniz Qüvvələri və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) donanması ilə yanaşı, Rusiya və Çin hərbi gəmiləri də iştirak edəcək. 2019-cu ildən bəri keçirilən bu manevrlərin əsas məqsədi qlobal dəniz ticarətinin təhlükəsizliyini gücləndirmək, piratçılıq və dəniz terrorizminə qarşı mübarizə, həmçinin xilasetmə əməliyyatlarının koordinasiyası kimi təqdim olunur.

İİKK-nin Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri isə bildirib ki, İran qüvvələri Hörmüz boğazını 24 saat – səthdə, havada və su altında – nəzarətdə saxlayır. Onun sözlərinə görə, Fars körfəzi və boğazdakı adalar “alınmaz qalalar”dır və bu strateji su yolunun təhlükəsizliyinə görə məsuliyyət birbaşa İİKK-nin üzərinə düşür. Qeyd edib ki, sürətli reaksiya bölmələri tranzit təhlükəsizliyini təmin etmək üçün digər qurumlarla koordinasiyalı şəkildə fəaliyyət göstərir və qaydaları pozmaqda şübhəli bilinən gəmiləri yoxlamağa hazırdır. İran tərəfi boğazdan gündəlik 80-dən çox neft tankeri və konteyner gəmisinin keçdiyini vurğulayaraq, onun qlobal enerji və ticarət axınındakı rolunu önə çəkib.

555097

Digər tərəfdən, CNN mənbələrə istinadən xəbər verir ki, ABŞ İranla mümkün danışıqlarda İslam Respublikasının mineral ehtiyatlarına çıxış məsələsini müzakirə edə bilər. Bildirilir ki, bu mövzu 2025-ci ildə Vaşinqton və Tehran arasında aparılan təmaslarda da gündəmə gəlib. Nüvə sazişi çərçivəsindən kənarda, İranın nadir torpaq metalları, eləcə də neft və qaz resurslarına üstünlük verilməsi variantı müzakirə mövzusu ola bilər. Mənbələrə görə, bu məsələ yenidən danışıqlar masasına çıxarıla bilər.

Baş verənlər göstərir ki, Hörmüz boğazında keçirilən təlimlər təkcə hərbi əməkdaşlıq deyil, həm də ABŞ və İsrailə ünvanlanan geosiyasi mesajdır: Tehran Moskva və Pekinlə koordinasiyanı dərinləşdirərək təzyiq alətlərini genişləndirir. Eyni zamanda Vaşinqtonun mineral ehtiyatlara çıxış kartını gündəmə gətirməsi onu göstərir ki, ABŞ İranla mümkün razılaşmada enerji və strateji xammal faktorunu ön plana çıxarmağa çalışır. Bu isə regionda hərbi güc nümayişi ilə iqtisadi-diplomatik bazarlığın paralel getdiyini və qarşıdakı mərhələdə həm təhlükəsizlik, həm də resurs rəqabətinin daha kəskin fazaya keçə biləcəyini göstərir.

Miri
Ölkə.Az

Chosen
64
1
olke.az

2Sources