EN

Oruc tuta bilməyən şəxslər nə etməlidir? - AÇIQLAMA

Fevralın 19-dan etibarən müsəlman aləmi üçün müqəddəs sayılan Ramazan ayı başlayır. İl ərzində ən çox gözlənilən bu ay təkcə oruc ibadəti ilə deyil, həm də mənəvi saflaşma, mərhəmət və paylaşma ruhu ilə seçilir. Ramazan milyonlarla insan üçün nəfsin tərbiyəsi, səbir və özünüdərketmə məktəbi hesab olunur.

Bəs Ramazan sadəcə sübh azanından gün batımınadək ac və susuz qalmaqdırmı? Yoxsa bu ay daha geniş mənəvi çərçivəni əhatə edir?

Mövzu ilə bağlı Ölkə.az-a danışan ilahiyyatçı Fərid Abdullanın sözlərinə görə, Ramazan ayı Quranəsaslı bir məsələdir ki, iman gətirmiş müsəlmanlara vacibdir:

"Müsəlmanlar hər il bu ayda Allahın əmrinə riayət etmək, Ona yaxınlaşmaq məqsədilə sübh vaxtından məğrib vaxtına qədər orucu batil edən şeylərdən çəkinirlər. Oruc həm fiziki və həm də mənəvi, ruhani aləmin islah edilərək zənginləşdirilməsidir. Bu, sadəcə ac qalmaq deyil. Zahirə baxdıqda adi hallarda yeyib-içmək və sair məsələlər var ki, onları halal yol ilə etmək olar. Lakin maraqlıdır ki, oruclu ikən insana halal olan şeylər haram olur. Bu əsnada insan hətta halal şeylərdən belə uzaq durur, nəfsinə hakim olmağı öyrənir. 

Adi vaxtlarda biz halal şeylər vasitəsilə də ruhumuzu öldürə bilərik. Ramazan ayı bizə özümüzə hakim olmağı öyrədir. Hz.Əlidən (ə) nəql olunan bir kəlamda deyilir ki, "nə çox oruc tutan var ki, ona yalnız aclıq və susuzluq qalır". Yəni insan bu orucun mənəvi tərəflərini öldürə bilər. Orucun birinci mərhələsi, sadəcə orucu batil edən şeylərdən çəkinməkdir. İkinci mərhələsi bədənin bütün üzvlərini oruc etməkdir. Gözü, qulağı, ağızı və s. əzaları haram, bəyənilməyən işlərdən uzaq tutmaqdır. Üçüncü mərhələsi isə qəlbi və düşüncəni oruc etməkdir.

Orucun bir neçə faydaları var. Məsələn, insanın Allaha yaxınlaşması üçün böyük bir fürsətdir. İnsan öz ixlasını möhkəmlədə bilər. Şəhvət və istəklərinə nəzarət edə bilər. Orucun ictimai təsirləri də var. Sosial bərabərlik yaradır, bir-birimizin qayğısına qalmağı, bir-birimizə qarşı diqqətli olmağı öyrədir".

Oruc tuta bilməyənlər bu ay nələr edə bilər sualına gəldikdə isə ilahiyyatçı qeyd etdi ki, bu ayda hər bir müsəlman oruc tutmalıdır:

"Əlbəttə xəstəlik və səfər səbəblərindən istisna halları baş verə bilər. Müəyyən kəslər ki, üzr səbəbindən oruc tuta bilməsələr hər gün üçün 750 qram çörək, düyü və s. məmulatlardan yoxsul kəsə verməlidirlər. Daha sonra Ramazan ayından sonra, üzr aradan qalxmışsa, buraxdıqları orucun qəzasını tutacaqlar. Bir sözlə, bu vacib oruc heç kəsin boynundan götürülmür".

Həmidə İbrahimova

Chosen
84
2
olke.az

3Sources