EN

Böyük Britaniyada yaşayan azərbaycanlı: Məqsədim xaricdə qazandığım təcrübəni Azərbaycana ötürməkdir MÜSAHİBƏ

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

London, 17 fevral, AZƏRTAC

On bir ildir Böyük Britaniyada yaşayan və texnologiya sahəsində fəaliyyət göstərən azərbaycanlı mütəxəssis Aygün Binnətzadə AZƏRTAC-a müsahibəsində peşəkar karyera yolu, beynəlxalq şirkətlərlə əməkdaşlıq təcrübəsi, layihə rəhbəri kimi fəaliyyəti, eləcə də xaricdə milli kimliyin və ana dilinin qorunmasının əhəmiyyəti barədə danışıb. O, həmçinin xaricdə uşaqların təhsili, Azərbaycan məktəblərinin rolu və gələcək planlarından danışıb. Həmin müsahibəni təqdim edirik.

- Neçə ildir Böyük Britaniyada yaşayırsınız? Bu ölkədə texnologiya sahəsində çalışmağa necə başladınız və layihə rəhbəri kimi əsas vəzifəiniz nədən ibarətdir?

- Artıq 11 ildir ki, Böyük Britaniyada yaşayıram. Bu ölkəyə gəlişim 2014-cü ilə təsadüf edir. Texnologiya sahəsində çalışmağa isə 2018-ci ildə ailə şirkətimizdə qərar verdim. Şirkətimiz 2008-ci ildə Türkiyənin İstanbul şəhərində təsis olunub, 2015-ci ildə London ofisimiz fəaliyyətə başlayıb. Biz müxtəlif sektorlardan, maliyyə, turizm, səhiyyə, əmlak və digər sahələrdən müştərilərimiz var.

Şirkət olaraq “Microsoft”un Dynamics CRM və süni intellekt məhsullarının şirkətlərə satışı və quruluşu ilə məşğul oluruq. CRM sistemi şirkətin müştərilərlə münasibətlərini planlı və səmərəli şəkildə idarə etməsinə imkan yaradır, müştəri məlumatlarının toplanması, satışların izlənməsi, marketinq fəaliyyəti və müştəri xidmətləri bu prosesə daxildir. Hazırda İngiltərədə BBC və bir sıra maliyyə qurumları, İsveçrədə UBS Bankı, Türkiyədə isə Türk Hava Yolları kimi şirkətlər bizim qurduğumuz sistemlərdən istifadə edir. İlk mərhələdə DevOps və Jira proqramları vasitəsilə layihələrin gedişatını və inkişaf dinamikasını izləyirdim. Daha sonra komandanın idarəolunması, tapşırıqların bölüşdürülməsi, sifarişçi və maraqlı tərəflərlə kommunikasiya kimi vəzifələri üzərimə götürdüm.

- Bu sahədə beynəlxalq mühitdə çalışmaq sizə hansı təcrübəni qazandırıb?

- Texnologiya sahəsi məndə həm texniki, həm də idarəetmə və strateji düşüncə bacarıqlarını inkişaf etdirib. Sürətlə dəyişən mühitə uyğunlaşmaq, yeni texnologiyaları davamlı şəkildə öyrənmək və fərqli mədəniyyətlərdən olan komandalarla işləmək beynəlxalq təcrübənin mənə qazandırdığı əsas üstünlüklərdəndir.

- Böyük Britaniyada yaşayan azərbaycanlı kimi milli kimliyinizi qorumaq sizin üçün nə dərəcədə önəmlidir?

- Milli kimliyimi qorumaq mənim üçün çox önəmlidir. Çünki insanın dili, mədəniyyəti və dəyərləri onun dünyagörüşünü formalaşdırır. Xaricdə yaşadıqda bu məsuliyyət daha da artır. Ana dilini qorumaq, adət-ənənələri yaşatmaq və ölkəni düzgün şəkildə təmsil etmək vacibdir. Eyni zamanda, yaşadığım cəmiyyətə inteqrasiya etmək və onların mədəniyyətinə hörmətlə yanaşmaq mənim üçün əhəmiyyətlidir. Fikrimcə, əsas məsələ balansdır, həm milli kimliyimizi qorumaq, həm də Britaniya cəmiyyətinin fəal üzvü olmaq.

- Övladlarınız Böyük Britaniyada fəaliyyət göstərən “Qarabağ” məktəbində təhsil alır. Bu barədə necə qərar verdiniz?

Xaricdə fəaliyyət göstərən Azərbaycan məktəblərinin uşaqların milli kimliyinin formalaşmasında rolu barədə nə düşünürsünüz?

- Qarabağ məktəbinin təsisçisi Fəridə Pənahova ilə əvvəldən yaxın münasibətimiz var idi. Onun təklifi ilə uşaqlarımızı bu məktəbə yazdırdıq. Məktəbin fəaliyyəti və məqsədi bizim üçün çox uyğun idi.

Xaricdə böyüyən uşaqlar üçün bu cür məktəblər milli dəyərlərin ötürülməsində körpü rolunu oynayır. Belə təhsil ocaqları uşaqlarda mənsubiyyət hissini gücləndirir, ana dilinin qorunmasına və inkişafına töhfə verir, eyni zamanda, diaspor icması ilə əlaqələri möhkəmləndirir.

- Evdə ana dilinin qorunması və uşaqların Azərbaycan mədəniyyətinə bağlı böyüməsi üçün hansı prinsiplərə əməl edirsiniz?

- Əsas prinsip yenə də balansdır. Uşaqlar həm yaşadıqları ölkəyə inteqrasiya etməli, həm də öz milli kimliklərini güclü şəkildə qorumalıdırlar. Evdə gündəlik ünsiyyəti Azərbaycan dilində aparmağa çalışırıq, milli bayramlarımızı qeyd edirik, mədəniyyətimizlə bağlı müzakirələr aparırıq.

- Gələcəkdə Azərbaycanla bağlı hansı layihə və ya təşəbbüslərdə iştirak etmək istərdiniz?

- Gələcəkdə diaspor və təhsil layihələrində iştirak etmək istərdim, xüsusilə xaricdə yaşayan uşaqlar üçün Azərbaycan dili və mədəniyyəti üzrə təhsil proqramlarının hazırlanması istiqamətində. Eyni zamanda, rəqəmsal təhsil və texnologiya təşəbbüsləri çərçivəsində Azərbaycanda gənclərin inkişafına dəstək verən onlayn platformalar və mentorluq proqramları yaratmaq maraqlı olardı. Məqsədim xaricdə qazandığım təcrübəni Azərbaycana ötürməkdir.

- Gənc azərbaycanlılara, xüsusilə xaricdə karyera qurmaq istəyənlərə nə tövsiyə edərdiniz?

- Ən vacib məqam özünə inanmaq və komfort zonasından çıxmaqdan çəkinməməkdir. Mədəni uyğunlaşma bacarığını inkişaf etdirdikdə, istənilən mühitdə işləmək daha asan olur. Daim öyrənmək və dəyişikliklərə açıq olmaq uğurun əsas şərtlərindəndir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
153
1
azertag.az

2Sources