EN

“Sözün Vahidi” adlı videoçarx təqdim olunub

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 17 fevral, AZƏRTAC

Prezident Kitabxanası görkəmli şair, müasir Azərbaycan qəzəlinin banisi Əliağa Vahidin anadan olmasının ildönümü münasibətilə videoçarx hazırlayıb.

Bu barədə AZƏRTAC-a Prezident Kitabxanasından məlumat verilib.

Bildirilib ki, “Sözün Vahidi” adlanan videoçarx şairin həyat yolunu, klassik ənənələri müasirliklə birləşdirən bənzərsiz yaradıcılığını və onun irsinin müasir Azərbaycan mədəniyyətindəki yerini geniş auditoriyaya təqdim edir.

Videoçarx Əliağa Vahidin Abşeron torpağından başlayan ömür yolu, Füzuli məktəbinin sadiq davamçısı kimi qəzəl janrını saraylardan xalqın dilinə gətirməsi xüsusi bədii dillə təsvir olunub. Çarxda şairin meyxana sənətinə gətirdiyi fəlsəfi dərinlik və klassik musiqimizlə vəhdət təşkil edən ölməz əsərləri təhlil edilir.

Materialda Əliağa Vahid yaradıcılığının xalq ruhu ilə qırılmaz bağlılığı müasir tariximiz kontekstində dəyərləndirilib. Şairin “Vətən yaxşıdır” qəzəlinin Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin ifasında qələbə müjdəsinə çevrilməsi, Vahid sözünün ölməzliyinin və vətənpərvərlik rəmzinə çevrilməsinin bariz nümunəsi kimi göstərilib.

Layihənin mühüm hissəsi kimi qeyd olunur ki, Əliağa Vahidin zəngin ədəbi irsi hazırda Prezident Kitabxanasının fondunda ən dəyərli nümunələr kimi qorunur. Kitabxana tərəfindən şairin əsərləri, onun haqqında yazılmış elmi və bədii nəşrlər yüksək keyfiyyətlə rəqəmsallaşdırılıb. İndi hər bir tədqiqatçı və poeziya həvəskarı dünyanın istənilən nöqtəsindən kitabxananın elektron bazasına daxil olaraq, şairin zəngin irsini rəqəmsal formatda mütaliə etmək imkanı qazanır.

Prezident Kitabxanası bu layihə ilə böyük sənətkarın xatirəsini yad etməklə yanaşı, gənc nəslə milli-mənəvi dəyərlərimizi və klassik poeziya nümunələrimizi rəqəmsal platformalar vasitəsilə çatdırmağı hədəfləyir.

Qeyd edək ki, videoçarxda təqdim olunan bəzi vizual kadrların hazırlanmasında süni intellekt texnologiyalarından istifadə edilib.

Videoçarxı bu link vasitəsilə izləyə bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
98
1
azertag.az

2Sources