EN

Fuad Nurullayev: Ramazan insanı saflaşdıran ibadətdir

Bakı, 17 fevral, AZƏRTAC

“Ramazan” sözünün mənası “yandırmaq” deməkdir. İnsan bu ayda nəyi yandırır? Bunun fəlsəfi, irfani və məntiqi mənası var. İnsan günahsız deyil; hər bir insan müxtəlif səbəblərdən günah edə bilər. Bu günahlar bəzən fiziki əməllərlə, bəzən də hiss və duyğular vasitəsilə baş verir. Hətta insanın qəlbindən keçən pis niyyət belə günah sayılır. Lakin əgər insan o günahı həyata keçirməz və tövbə edərsə, Allah onu bağışlayar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

O bildirib ki, Ramazan ayında oruc tutan insan bütün səhv və günahlarını silib təmizləməyə çalışır. Oruc vasitəsilə insan mənəviyyatındakı “günahlarını yandırır” və paklanır.

“Ramazan sadəcə bir ay müddətində özünü saflaşdırmaq deyil. Bu ayda insan əxlaqına, mənəviyyatına, daxili aləminə, həmçinin zahiri – fiziki vəziyyətinə diqqət yetirir və bunu bütün il boyu qorumağa çalışır. Əlini, dilini, qulağını günahdan saxlayır - qeybət etmir və ona qulaq asmır, harama yaxınlaşmır. Ramazan insanı kompleks şəkildə formalaşdıran və saflaşdıran ibadətdir. Ramazan yalnız bir ay üçün deyil, bütün il boyu insanın həyat tərzini nizamlamaq üçündür”, - deyə sədr müavini vurğulayıb.

Chosen
79
azertag.az

1Sources