EN

"Qarabağ"ı yaxşı təhlil etmişik, bizi çətin oyun gözləyir" - Eddi Hau

style='margin-bottom:10px;'>

İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi Eddi Hau Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində sabah "Qarabağ"a qarşı keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

QOL.az xəbər verir ki, təcrübəli mütəxəssis "Qarabağ"ın oyun üslubunu yüksək qiymətləndirib və Ağdam təmsilçisinin matçlarını analiz etdiklərini bildirib. O, uzun yol gəldiklərini və heyətdəki itkiləri qeyd etsə də, Bakıdan yaxşı nəticə ilə dönmək niyyətində olduqlarını vurğulayıb:

"Qarabağ"ın ötən oyunlarını yaxşı təhlil etmişik, onların çox yaxşı oyun üslubu var. Xüsusən də "Çelsi" ilə matç hər iki tərəf üçün çətin keçmişdi, həmin oyunu diqqətlə nəzərdən keçirmişik. Bizi çətin oyunun gözlədiyini deyə bilərəm.

Bura pley-off mərhələsidir, qələbə qazanmaq bizim üçün çox vacibdir. Çox uzun yol gəlmişik, yorğunuq, amma yaxşı nəticə əldə etmək istəyirik. Son oyunlardakı yüksək nəticələrimizin davamını Bakıda davam etdirmək istəyirik".

Baş məşqçi heyətdəki zədəli futbolçular barədə də məlumat verərək bəzi oyunçulardan sabahkı qarşılaşmada yararlana bilməyəcəklərini etiraf edib:

"Sabah bəzi futbolçularımızdan zədə səbəbindən yararlana bilməyəcəyik. Üstəlik, kifayət qədər sıx oyun qrafikimiz var və bütün bu amilləri nəzərə almışıq. Buna baxmayaraq komandada əhval-ruhiyyə yüksəkdir və hər məsələyə kollektiv şəkildə yanaşırıq.

“Qarabağ”ın hansısa bir oyunçusunun xüsusi çətinlik yaradacağını demək istəməzdim, amma heyətdə texniki baxımdan güclü futbolçularımız var. Rəqibin baş məşqçisi Qurban Qurbanovun uzun illərdir komandanı çalışdırması böyük hörmət doğurur. O, kifayət qədər çətin turnirdə uğurlu nəticələr qazanır və rəhbərliyi altında komanda keyfiyyətli futbol sərgiləyir.

Xüsusilə cinahlarda çox sürətli və bacarıqlı oyunçulara malikdirlər ki, bu da onların oyununa əlavə dinamika qatır".

Xatırladaq ki, matç fevralın 18-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.

Chosen
29
2
teleqraf.com

3Sources