EN

Dadaş Məmmədov: Biz şüurlu şəkildə incəsənəti ictimai məkana çıxardıq

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 17 fevral, Anara Axundova, AZƏRTAC

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə “Avropa irsi” mövzusunda iki günlük yaradıcılıq vorkşopu başa çatıb.

“Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov AZƏRTAC-a bildirib ki, tədbir “Deniz Mall” və “Crescent Mall” ticarət mərkəzlərində keçirilib və rəssamları, eləcə də geniş auditoriyanı Avropa mədəni irsi mövzusu ətrafında bir araya gətirib.

“Bu məkanların seçilməsi təsadüfi deyil. Biz şüurlu şəkildə incəsənəti ictimai məkana çıxardıq və onu mümkün qədər geniş auditoriya üçün əlçatan etdik. Ticarət mərkəzlərində iş formatı bizə təsadüfi ziyarətçiləri, uşaqlı ailələri və gəncləri cəlb etməyə imkan verdi, yaradıcılıq prosesini isə cəmiyyətlə canlı dialoqa çevirdi”, – deyə həmsöhbətimiz qeyd edib.

Proqram “Detache-Sabah” skripka ansamblının çıxışı ilə müşayiət olunub. Bu, tədbirə xüsusi atmosfer qataraq bədii qavrayışı daha da gücləndirib. İki gün ərzində ziyarətçilər sənət əsərlərinin yaradılması prosesini real vaxt rejimində izləyə biliblər.

Vorkşopda rəssamlar Nigar Müslümova, Ləman Hacıyeva, Sevinc Əhmədova, Raul Sadıqov, Oksana Kazımova, Leylifar Müseyibova, Ülviyyə Xeyrullazadə, Təranə Əliyeva, Eldar Babazadə, Sevinc Gəncəliyeva, Banu Əhmədzadə, Röya Həsən, Leyla Orucova, Sevda Rüstəmova, Turanə Hüseynova, Nailə Məhərrəmova, Əsmər Azadi, Samir Qafarov və Günay İbişeva iştirak ediblər.

Dadaş Məmmədov vurğulayıb ki, rəssamlar Avropa irsinə baxışlarını rəsm prizmasından təqdim edərək memarlıq abidələrini, mədəni simvolları, tarixi obrazları və müasir Avropa dəyərlərini interpretasiya ediblər. Tamaşaçılar kompozisiyaların yaranmasını, rəng palitrasının və hər bir əsərin bədii konsepsiyasının formalaşmasını maraqla müşahidə ediblər.

“FantazEU 2026” festivalının təşkilatçıları bu mühüm mədəni tədbirin uğurla baş tutmasına verdikləri töhfəyə görə bütün iştirakçılara minnətdarlıqlarını bildiriblər.

Festivalın missiyası mədəni üfüqləri genişləndirmək və Avropa ilə Azərbaycan arasında əlaqələri gücləndirməkdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
58
azertag.az

1Sources