EN

Azərbaycan ziyalılığı və ziyalısı

III MƏQALƏ

Ziyalılıq məsuliyyəti və dünya

Azərbaycan ziyalılığının anlamı, şübhəsiz ki, fərdin idrakı keyfiyyətləri ilə sıx bağlıdır. Dünyada bu, ümumi qanundur. Çünki ziyalı olmaq gerçəklikdə həmişə ilk növbədə konkret fərdə aiddir. Əlbəttə, onun ümumi anlamı, yəni sosiallıq aspekti də çox əhəmiyyətlidir. “Sosiallıq” dedikdə ziyalı fərdlərin toplum miqyasında funksiyalarını yerinə yetirmələri ilə yanaşı, “kollektiv varlığın” məsuliyyətini daşımaq “hüququ”nu dərk etməsi də nəzərdə tutulur. Müasir Qərb tədqiqatçıları və institutları alim azadlığı (və ya sərbəstliyi) ilə yanaşı, həmişə “alimlik məsuliyyəti” məsələsini də önə çəkirlər. Onlar faktiki olaraq daim bir-biri ilə vəhdətdə təqdim edilir.

Bununla müasir dünyada ziyalı olmağın kriteriyalarında fərdi azadlıqla kollektiv qarşısında məsuliyyət bir-birini tamamlayır. Bəlkə də ilk baxışdan sadə və şübhə doğurmayan formuldur. Ancaq məsələnin əsas tərəfi fərd-ziyalının toplumda fəaliyyətinin praktiki qiymətləndirilməsi baxımından xeyli mürəkkəbliyi ilə bağlıdır. Bir nümunə gətirək.

İndi Qərb kimi intellektual inkişafı yüksək olan bir geosiyasi-mədəni məkanda “incimiş intellektlər” anlayışı yaranmışdır. Fransız sosioloq A.Turen bunu alimlərin informasiya əl çatanlığı ilə sosial sifariş arasında yaranmış ziddiyyətlə izah edir. Müasir Qərb cəmiyyətlərində ziyalıların elə təbəqəsi vardır ki, lazımi səviyyədə elmi informasiyalarla təmin olunmurlar. Ziyalı isə cəmiyyət qarşısında sosial və mənəvi məsuliyyət hiss edirsə, bu vəziyyətə etiraz edəcəkdir. Onlar cəmiyyət və dövlətin aktual problemlərinin həllində iştiraka can atdıqlarından müəyyən mənada “intellektləri inciyir”. Bu da mahiyyətcə, ziyalılığın həm də kollektiv varlıq qarşısında (hətta bütövlükdə dünya, bəşəriyyət, Kosmos) bir “vəzifə” olması kimi təbii tələbata laqeydlik deməkdir.

Deməli, ziyalılığa münasibət insan və bəşər ekzistensiyasının çox dərin qatları ilə bağlıdır. Buradan ziyalılıq məsuliyyəti ilə yanaşı, ziyalıya verilən qiymət məsələsinin önəmi haqqında düşünmək olar.

Öncə, qəbul etmək gərəkdir ki, hər xalqın ziyalılığa və ziyalıya öz yanaşma fəlsəfəsi mövcuddur. Bu da konkret cəmiyyətdə toplumun özünüdərkində başqa dəyərlərlə yanaşı, ziyalılıq modelinin təməl xüsusiyyətlərini aydınlaşdırmağı aktuallaşdırır.

Bununla cəmiyyət özünüdərki intellekt, şüur, zəka aspektlərində reaktuallaşdırma kontekstinə daxil edə bilir. Belə cəmiyyətləri şərti olaraq “bilik cəmiyyətləri” və ya “bilik yaradan toplumlar” adlandıra bilərik. Onların həyatında fəlsəfə, elm, ədəbiyyat, folklorşünaslıq, tarix elmi müəyyənedici rol oynayırlar. Təkrar etmək istərdik – bu o zaman praktiki müsbət nəticə verən hadisə olur ki, cəmiyyət özünün ziyalılıq xüsusiyyətlərinin təməl özəlliklərini adekvat müəyyən edə bilsin.

Bu bağlılıqda Ulu öndər Heydər Əliyevin Azərbaycan ziyalılığı və ziyalısı haqqında söylədiyi fikirlər çox maraqlıdır.

Ulu öndərin qiymətləndirməsi

Heydər Əliyev öyrədirdi: “Xalq həmişə öz ziyalıları ilə, öz mədəniyyəti, öz elmi ilə tanınır. Şübhəsiz ki, xalqın tarixində sərkərdələrin də, siyasətçilərin də böyük rolu var. Ancaq xalq həmişə mədəniyyəti ilə, elmi ilə tanınıb və keçmiş tariximiz də bunu sübut edir”.

Birincisi, Heydər Əliyev hər bir xalqın kimliyinin hər şeydən öncə ziyalılıq, mədəniyyət və elmiliklə müəyyən edildiyini deyir. Bu xüsusiyyəti hətta sərkərdəlik və siyasətçilikdən də üstün tutur. Sübut üçün Azərbaycan xalqının keçmiş tarixini göstərir.

İkincisi, Ümummilli lider bütövlükdə topluma səsləniş edir: keçmişdə olduğu kimi indi də ziyalılığın Azərbaycan xalqının kimliyində aparıcı rol oynadığını unutmaq olmaz!

Sonuncu tezisi də əsaslandıran konkret fikri Heydər Əliyev ifadə etmişdir. Ulu öndər demişdir: “Azərbaycanın bugünkü mədəniyyəti dahi şəxsiyyətlərimizin yaratdığı və əsrlərdən-əsrlərə keçən mədəniyyətimizə, elmimizə, mənəviyyatımıza əsaslanır”.

Başqa bir qiymətli deyimində Heydər Əliyev qövmün mentallığının ziyalılıqda ayrıca rolunu vurğulayır və bunu çox əhəmiyyətli məqam kimi aktuallaşdırır. Ümummilli lider ifadə etmişdir: “Azərbaycan xalqı inkişaf etmiş xalqdır. Azərbaycan xalqı öz köklərinə görə zehni inkişaf etmiş xalqdır. Biliyə, inkişafa həmişə diqqət vermiş və bu yol ilə getmiş xalqdır”.

Bu ideya-tezisləri bir məntiqi sahəyə gətirib, vahid bucaq altında təsəvvür edə bilərik: Azərbaycan xalqı mental olaraq “zehni inkişaf etmiş” kollektiv mövcudatdır ki, bunu tariximiz, mədəniyyətimiz və mənəviyyatımız sübut edir!

Bir qədər də konkretləşdirsək, Ulu öndər öyrədir ki, tarixdə olduğu kimi, indiki dövrdə də ziyalılıq və ziyalı obrazı Azərbaycan cəmiyyəti üçün nümunəvi olmalıdır. Bu fikrin “ziyalılıq təməlini” faktların yaratdığı ümumi məntiqi mənzərə təşkil edir. Belə ki, “Bu da tam həqiqətdir ki, XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər” (Heydər Əliyev). Və buradan Azərbaycan ziyalısı üçün hökm səviyyəsində olan məsuliyyət kriteriyası yaranır.

Həmin məqamı Ümummilli lider aşağıdakı kimi ifadə etmişdir: “Həm xalqımıza, həm də dünyaya nümayiş etdirək, sübut edək ki, xalqımız böyük istedada, elmi potensiala malikdir və bu nailiyyətlərimiz də dünya elminə özünə görə müəyyən töhfələr veribdir”.

Aydındır ki, Heydər Əliyev qısa tezisləri ilə faktiki olaraq Azərbaycan ziyalılığının sosial funksiyaları kontekstində bütöv bir yanaşma sistemini ortaya qoymuşdur. Burada ziyalı sərbəstliyi ilə kollektiv mövcudolma fəlsəfəsindən qaynaqlanan məsuliyyət vəhdətdədir. Hətta Azərbaycanın bir qövm kimi varoluşunun ekzistensiyası səviyyəsində təqdimatdır!

İndi bu qiymətləndirmənin işığında hazırkı mərhələdə Azərbaycan ziyalılığı və ziyalısına olan münasibətlərə baxaq.

Dövlətin münasibəti

Prezident İlham Əliyev Ulu öndərin Azərbaycan ziyalılığı və ziyalılarına olan yüksək fəzilətli münasibətini davam etdirir. Dövlət başçısının AMEA-nın 80 illik yubileyində nitqi zamanı ifadə etdiyi aşağıdakı fikirlər bu baxımdan əhəmiyyətlidir. İlham Əliyev demişdir: “Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi. Sirr deyil ki, Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi”.

Fikirlərinə davam edərək, Azərbaycan lideri xüsusi vurğulamışdır: “Müstəqilliyin ilk illəri çox ağır idi, faciəvi idi. O vaxt məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı bizi böyük bəlalardan qurtara bilmişdir. O da çox böyük göstəricidir ki, onun hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında olmuşdur. Beləliklə, o, bir daha müstəqil Azərbaycanın, yəni yeniləşən Azərbaycanın prioritetlərini açıq şəkildə bəyan etmişdir”.

Bundan 10 il öncə, 2015-ci ildə AMEA-nın 70 illik yubileyində Prezident İlham Əliyev Azərbaycan ziyalıları haqqında eyni ruhda fikir bildirmişdir. Dövlət başçısı demişdir: “Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər”.

Bunlardan başqa, Azərbaycan Prezidenti fəaliyyəti müddətində çoxlu sayda Azərbaycan elm və mədəniyyət xadimlərinin yubileylərinin təşkil edilməsinə ayrıca diqqət yetirmişdir. Bu istiqamətdə AMEA olduqca fəal mövqe tutur. Akademiyada Azərbaycanın görkəmli ziyalıları ilə bağlı tədbirlər və xüsusilə, yubileylər davamlı olaraq keçirilir.

Cəmiyyətin və medianın münasibəti

Yuxarıda vurğuladığımız məqamlar fonunda bütövlükdə cəmiyyətin və ayrıca medianın Azərbaycan ziyalılığı və ziyalılarına münasibəti üzərində dayanmağa ehtiyac vardır. Bütövlükdə cəmiyyət və medianın əsas kəsimi Azərbaycan ziyalılarına sayğı və diqqəti saxlamaqdadırlar. Hətta cəmiyyət bu məsələyə müsbət anlamda daha həssas münasibət göstərir. İnsanlar dövlət və ölkə üçün aktual olan məsələlərin həllində ziyalıların üzərinə daha böyük yük və məsuliyyət düşdüyünü hər fürsətdə xatırladırlar. Yəni cəmiyyət tarixi ənənəyə uyğun ziyalıya yüksək hörmətin və onun başlıca sosial funksiyalarının saxlanmasını anlayır və təqdir edir. Bir çox KİV orqanlarında da Azərbaycan ziyalılığına sayğılı münasibət diqqətdən yayınmır. Bunlar çox müsbət əlamətlərdir.

Bunlarla yanaşı, üzərində ciddi düşünməli olduğumuz neqativ tendensiyalar da özünü göstərir. Müəyyən qruplar ölkənin ziyalı kəsiminin imicinə zərbə vurmağa çalışırlar. Məsələn, görkəmli Azərbaycan mütəfəkkirləri haqqında uydurmalar edərək onları xalqın gözündən salmağa cəhdlər göstərirlər. Nizami, Nəsimi, Füzuli, Məhsəti, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Azərbaycan sənət adamları və digərləri ilə bağlı müşahidə etdiyimiz ədalətsiz, haqsız və qeyri-real cəhdlər özünü göstərir. Bunlar ziyalılığın “məhək daşlarından” saydığımız mənəvi-əxlaqi və psixoloji qiymətləndirmə ənənəsinə uyğun olmayan hallardır. Bununla bütövlükdə Azərbaycan ziyalılığını “saxta”, “qeyri-səmimi” hal kimi qələmə verib, xalqın təməl dəyərlərinə qəsdlər etməyə çalışırlar.

Bu tendensiyanın fonunda son zamanlar bir sıra Azərbaycan ziyalısına, o cümlədən akademik dairələrdə seçilən elm adamlarına qarşı nümayişkaranə şəkildə şər-böhtan atmaq kampaniyasının şahidi oluruq. Özü də bir sıra hallarda, ümumiyyətlə, hər bir azərbaycanlı ailəsində yüksək davranış norması sayılan, tərbiyə, qanacaq və mərifət nümunəsi hesab edilən dəyərlərə qarşı qəsdlərə rast gəlirik. Məsələn, azərbaycanlı üçün böyüyə hörmət, alim və müəllimə dərin sayğı, onun qulluğunda hər zaman durmağa hazır olmaq gözlənilməsi vacib olan davranış standartlarındandır. Buna sübut lazım deyildir. Təəssüf ki, məhz bu kimi keyfiyyətləri cəmiyyətin gözündən salmağa yönəlmiş yazılara və davranışlara rast gəlinir.

Bütün bunlara isə ictimai mühitdən və müəyyən qurumlardan reaksiyalar özünü göstərmir. Məsələn, ziyalılara qarşı atılan şər-böhtan addımlara tutarlı cavabları ictimai fəallar, media ilə bağlı qurumlar niyə vermirlər? Minlərlə Azərbaycan ziyalısı (müəllimi və alimi) bu ölkə, dövlət və xalq üçün həyatını, intellektini “əridir” ki, bunu müdafiə etmək lazımdır. Axı, ziyalılığın ölkənin hər bir ailəsinə aidiyyatı vardır!

Elə bir ailə yoxdur ki, oradan ziyalı çıxmasın! Belə alınır ki, biz özümüz özümüzü müdafiə etmək istəmirik? Bəlkə, düşünürük ki, “məndən keçdi, qardaşıma dəydi” kimi zərərli məntiq daha üstündür? Yəni bu gün təhqiramiz ifadə mənə aid deyilsə, “nəyimə lazımdır, başımı ağrıdım?”. Həyat bu kimi düşüncələrin ilk növbədə belə düşünənlərin düşməni olduğunu hər anında sübut edir!

Xüsusilə, sosial şəbəkələrdə baş girələyənlərin bir qisminin pafoslu, lakin çox qaba terminlərlə Azərbaycan ziyalısı haqqında postlar yazmasına mütləq rəsmi münasibət olmalıdır. Onlar indi ziyalını peşə keyfiyyətlərinə görə deyil, hətta fizioloji quruluşuna görə “qiymətləndirir”, özlərinin zövqünə uyğun olmayan sifət quruluşunu açıqca təhqir edirlər!

Unutmayaq, kim əlinə qələm alırsa və ya kompüter klaviaturasını tanıyırsa, Azərbaycan ziyalısının zəhmətindən “xərcləyir” deməkdir. Bunu anlamayanların özləri nəinki ziyalı deyillər, hətta nankordurlar. Bunu biz demirik, Azərbaycan ziyalılıq nümunələrindən seçdiyimiz aşağıdakı faktların özü deyir.

...Əmir Teymur müəlliminin atının nalından qopan palçığın xələtinə düşməsini rəmzləşdirmiş, yəni xələti saxlamaq əmrini vermişdi.

Böyük aşıqlarımızdan olan Aşıq Ələsgər ustadı Aşıq Alıya xutabən “bir şəyird ki, ustadına kəm baxa, onun gözlərinə ağ damar-damar” demişdi. Halbuki Aşıq Alını deyişmədə məğlub etmişdi!

Hacı Zeynalabdin Tağıyev məzarının müəlliminin məzarının ayaq tərəfində qazılmasını vəsiyyət etmişdi...

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Chosen
18
xalqqazeti.az

1Sources