EN

Azərbaycanın rəqəmsal arxitekturası necə qurulur?

Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı zamanı süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatların gələcək inkişafı müəyyən edən prioritet sahələr olmasına diqqət çəkərək dünyada gedən meyillərə uyğun addımlar atılmasını tövsiyə etdi. Mühüm tapşırıqlardan biri rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə dövlət strukturlarında yeni ştat vahidinin yaradılması ilə bağlıdır ki, burada da məqsəd idarəetmənin mobilliyini artırmaq, optimallaşma və səmərəliliyi yüksəltməkdir. Dünya ölkələrində olduğu kimi süni intellektin tətbiqinin dövlət qurumlarında geniş vüsət almasına nail olmaqla, həm də məmurlarının gündəlik fəaliyyətində də əsaslı dönüş yaratmaq mümkündür. Hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt yardımçı ola bilər və rəhbər orqanlarında təmsil olunan şəxslərin süni zəka seqmentindən geniş istifadə etməsində də məqsəd məmur-vətəndaş münasibətlərini daha da asanlaşdırmaq, şəffaf ünsiyyət sxemi qurmaqdır.

Eləcə də özəl sektora eyni yanaşmanı tətbiq etməklə istehsal və emal sahələrində məhsuldarlığı artırmaq mümkündür.

Digər bir məqam dövlət xidmətlərinin vahid rəqəmsal pəncərəsi olan “mygov”un imkanlarının daha geniş istifadəsidir. Çünki son illər ərzində müxtəlif dövlət qurumları - nazirliklər və digər dövlət orqanları tərəfindən müxtəlif platforma və tətbiqlər işlənib hazırlanıb ki, bu da vahid ekosistemə inteqrasiyadan kənar rəqəmsal xidmətlərə səbəb olur. Sözsüz ki, buna ehtiyac olmadığından həmin platformaların ləğvi də gündəmdədir. Bütün dövlət xidmətlərinin “mygov” üzərindən həyata keçirilməsi, vətəndaşlara lazım olan bütün xidmətlərin vahid ünvandan göstərilməsi səmərəlilik, ünvanlılıq və əlçatanlıq baxımından mühüm əhəmiyyət daşıyır.

Startaplar müasir innovasiya modeli kimi ön plana çıxır

Azərbaycanda rəqəmsal iqtisadiyyatın müasir atributlarından biri olan startap ekosistemi də biznes ideyalarının mükəmməl aləti kimi öz imkanlarını artırmaqdadır. Uğurlu biznes layihəsi kimi startaplar kiçik və orta biznesin (KOB) marağında ön plana çıxır və sahibkar tərəfindən əldə edilən “Startap” şəhadətnamələrinin sayı artır. Ölkəmizdə “Startap” şəhadətnaməsi alan biznes subyektlərinin sayı 250-ni ötüb ki, bu da yeni startap nəslinin formalaşdığını göstərir. Startap ailəsi yaxın xarici tərəfdaşları ilə süni intellekt və maşınların öyrənilməsi, əşyaların interneti və şəhər transformasiyası, rəqəmsal ticarət və iqtisadiyyat platformaları ilə sıx əməkdaşlıq edərək iqtisadiyyatın rəqəmsallaşmasına da töhfə verirlər.

Azərbaycanlı startapçılar biznes ideyaları, kəşf və bacarıqları ilə artıq qlobal bazarlarda uğurlu investorlar kimi qəbul edilir. Bu motivasiyalar sayəsində son illərdə Azərbaycanın İT və rəqəmsal sektorlarında startap, süni intellekt və biznes ideyaları dünya ölkələrinin startapları ilə rəqabət aparmağa çalışır. Onların KOBİA, Xəzər-Vençur, Elmin İnkişafı Fondu, Prezident yanında Gənclər Fondu, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasında təmsil olunan bacarıqlı gənc ideya müəllifləri kifayət qədər uğur qazanmağa nail olub. Ölkəmizi təmsil edən “SkyBee” komandası Ümumdünya Startap Yarışmasının (World Startup Competition) Asiya və Afrika üzrə Regional Final Müsabiqəsində 30-dan artıq texnologiya şirkəti arasında “Aqrar sektorda ən yaxşı startap” nominasiyasının qalibi olub. Azərbaycanlı startapçılar artıq okenaın o tayında da rəqabət üçün imkanlarını sınamağa çalışır. Bütün bu uğurlu layihə və əməkdaşlıq proqramları startapların müasir biznes modeli kimi ön plana çıxması ölkəmizdə yüksək rəqabətli insan kapitalının formalaşmasında da mühüm rol oynayacaq.

“Rəqəmsal sənaye” milli ixrac üçün yeni qapı ola bilər 

“Rəqəmsal dövlət” quruculuğu strategiyasına əsasən, rəqəmsal ticarətlə yanaşı, sənayenin inkişaf etdirilməsi də nəzərdə tutulur. Bu prosesin əsas hərəkətverici qüvvəsi kimi kiçik və orta sahibkarlıq subyektləri arasında rəqəmsal transformasiyanın dəstəklənməsi, onlara maliyyə dəstəyi mexanizmlərinin göstərilməsi, ələlxüsus da, startapların və tədqiqat mərkəzlərinin sənaye ilə əlaqələndirilməsi məqsədilə vahid rəqəmsal ekosistemin yaradılması nəzərdə tutulur. Motivasiya tədbirləri çərçivəsində rəqəmsal startapların sayı 250-yə, rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayı 300-ə çatdırılacaq.

Həmçinin xarici investorlarla əlaqələr də yeni müstəvidə təşkil olunacaq, xarici investisiyaların cəlbi və innovasiya mühitinin yaxşılaşdırılması məqsədilə prosedurların sadələşdirilməsi, əlverişli investisiya ekosisteminin gücləndirilməsi, ÜDM-də özəl xarici maliyyələşmənin payının davamlı artırılması və rəqəmsal ticarətin inkişafı və yerli müəssisələrin xarici bazarlara çıxışı üçün beynəlxalq e-ticarət platformaları “Amazon”, “AliExpress”  ilə əməkdaşlığın genişləndirilməsi də strateji hədəf istiqamətlərində yer alır.

İnsan kapitalına əsaslanan cəmiyyət quruculuğu

Rəqəmsal iqtisadiyyatın inkişafında insan kapitalının rolu həlledicidir. Dünya İqtisadi Forumunun hesabatı təsdiq edir ki, yaradıcı düşüncə, analitik yanaşma və texnoloji savadlılıq gələcək illərdə ən çox tələb olunan bacarıqlardır. Ayrı-ayrı ölkələrin təcrübələri də bunu sübut edir. Böyük Britaniya rəqəmsal bacarıqları dövlət strategiyasının əsas prioritetinə çevirmiş, Sinqapur isə işçi qüvvəsinin bacarığını artırmaq üçün “sənaye transformasiya xəritələri” tətbiq edir.

Son illər ərzində ölkəmizdə “Elektron hökumət”in formalaşması, dövlət orqanlarının informasiya sistemləri arasında xüsusi infrastruktur vasitəsilə informasiya mübadiləsinin aparılması, “Elektron hökumət”in fəaliyyəti üçün vacib əhəmiyyət kəsb edən dövlət informasiya sistemləri və ehtiyatlarının yaradılması istiqamətində mühüm işlər görülüb, müasir informasiya-kommunikasiya texnologiyalarının, telekommunikasiya qurğularının və innovasiyaların geniş tətbiqi nəticəsində qabaqcıl texnoloji infrastruktur qurulub. Həmin infrastrukturun bazasında iqtisadi inkişafın daha yeni tələbi olan “Rəqəmsal hökumət”ə keçidin sürətləndirilməsi üçün əlavə imkanlar səfərbər edilib. Çünki müasir inkişaf tələbləri rəqəmsal texnologiyaların tətbiqi və açıq məlumatlardan istifadə yolu ilə xidmətlərin göstərilməsini və dövlət idarəçiliyinin təkmilləşdirilməsini zəruri edir. “Rəqəmsal hökumət”in formalaşması isə rəqəmsal bilik, bacarıq və vərdişlərin artırıldığı, o cümlədən biznes proseslərinin avtomatlaşdırıldığı və rəqəmsal iqtisadiyyatın mövcud olduğu rəqəmsal cəmiyyət qurucluğundan keçir. Azərbaycan bu məqsədlərə çatmaq üçün rəqəmsal texnologiyalardan istifadə yolu ilə dövlət idarəçiliyində səmərəlilik və vahid yanaşma təmin edilməsini, dövlət idarəetməsinin və biznes proseslərinin rəqəmsallaşma ilə bu sahələrdəki pərakəndəliliyi aradan qaldırılmasını, iqtisadi artıma və sahibkarlığın, eləcə də insan kapitalının inkişafına nail olunmasını başlıca hədəflər kimi müəyyən edib. Bu isə yeni kadr hazırlığı üçün möhkəm bazislər deməkdir. Kadr hazırlığının daha da optimallaşdırılması məqsədilə təhsil sisteminin də üzərinə böyük yük düşür, bu sahədə ixtisaslaşma və peşəkarlığın artırılması öncül istiqamətlərdir. Bu ssenariyə əsasən, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməsi nəzərdə tutulur.

Kibercinayətkarlıqla mübarizədə yeni strateji yanaşma

İnformasiya təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin mühüm istiqamətidir. Dövlət qurumlarına qorunan telekommunikasiya kanalları, təhlükəsiz internet bağlantısı və mərkəzləşdirilmiş elektron poçt xidməti təqdim olunmuşdur. Bu addımlar kibertəhdidlərin artdığı müasir şəraitdə dövlətin informasiya təhlükəsizliyinə peşəkar və kompleks yanaşmasını təmin edir. Çünki qloballaşmanın daha da dərinləşməsi, eləcə də rəqəmsal ticarətin və maliyyə-bank xidmətlərinin elektronlaşması son illərdə kibertəhdidləri artırır. Kiberterrorlar informasiya sistemlərinin işinin pozmaqla yanaşı, insanların şəxsi həyatına təhlükə törədərək onlara maddi zərər vurulması ilə nəticələnir.

Ümumdünya İqtisadi Forumunun Qlobal Risklər Hesabatına əsasən, kibertəhlükələr bu gün dünyanın üzləşdiyi risklər sırasında ilk yerlərdən birinə çevrilib. Bu isə ölkələrin və insanların məluamtlar bazasının ələ keçirilməsi ilə yanaşı, hədsiz dərəcədə böyük maliyyə itkilərinin yaranmasına səbəb olmaqdadır.

Ümumdünya Kibertəhlükəsizlik Təşkilatının (GISEC) məlumatına əsasən, kiberhücumlar qlobal miqyasda son 4 ildə daha da artıb və kibercinayətkarlıq qlobal iqtisadiyyata hər il 1 trilyon dollardan çox ziyan vurur. Təkcə, 2024-cü ilin birinci yarısında beynəlxalq miqyasda kiberhücumlar 30 faiz artıb və zərərlərin maddi dəyəri 100 milyonlarla dollara bərabərdir. Təhdidlərin artmasının səbəbləri arasında yeni texnologiyaların tətbiqi, zəif müdafiə üsulları və insan amili xüsusi yer alır. Hakerlər daha çox fərdi məlumatları, maliyyə məlumatlarını və dövlət sirlərini hədəfə alır.

Ona görə də, rəqəmsal arxitektura üzrə fəaliyyət planı çərçivəsində yeni nəsil mühafizə avadanlıqları vasitəsilə zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi vasitəsi ilə bloklanması, Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyətinin gücləndirilməsi də əsas prinsiplərdəndir. Eyni zamanda, Azərbaycan dünya ölkələri ilə birgə əməkdaşlıq çərçivəsində qlobal təhdidlərin qarşısının alınması, yeni həll yollarının tapılması və kibersabitlik üçün tərəfdaşlığın möhkəmləndirilməsi məqsədilə geniş təcrübə mübadilələrini artıracaq.

Gözləntilər ümidvericidir

Beləliklə, bütün bu sadalanan hədəf çağırışları texnoloji inqilaba, yeni indistrial cəmiyyət quruculuğuna inteqrasiyanı daha da sürətləndirəcək, rəqəmsal iqtisadiyyatla bağlı statistik göstəriciləri yaxşılaşdıracaq.  Azərbaycanın bu sahədə mövcud potensialı və inkişaf imkanlarını buna təminat verir. 2025-cü ildə qeyri- neft ÜDM-in təxminən 3 faizi İKT sektorunun payına düşüb. Xidmət sahəsində işləyənlərin isə 2 faizə qədəri informasiya və rabitə sahəsində çalışır. Qeyri-neft xidmət ixracında isə telekommunikasiya və rabitə xidmətlərinin payı 2 faizə yaxındır. Bu göstəricilər sektorun genişlənməsi üçün böyük imkanların mövcud olduğunu göstərir. Rəqəmsal arxitekturanı möhkəmləndirməklə yaxın 5 ildə bu göstəriciləri ən azı 2-3 dəfə artılrmaq mümkündür.

Beləlilklə, dövlət başçısının rəhbərliyi ilə keçirilən müşavirədə elan edilən mühüm istiqamətlərin hər biri üzrə mövcud imkanların dəyərləndirilməsi və icrası Azərbaycanın rəqəmsal hab mərkəzinə çevrilməsində və yeni milli gəlir mənbələri formalaşdırmasında mühüm rol oyanayacaq.

E.CƏFƏRLİ

1Sources