EN

Avropa demokratiyadan yorulub: Vətəndaşların bir hissəsi hakimiyyəti “güclü liderə” verməyə hazırdır

Sorğu iştirakçılarının bir qismi müəyyən hallarda diktaturanı demokratiyadan üstün sayır...

Poliqon xəbər verir ki, Politico nəşrinin məlumatına görə, Avropanın beş ölkəsində aparılan sorğunun nəticələri bunu göstərir. Respondentlərin 22 faizi müəyyən şəraitdə diktaturanı demokratiyadan daha üstün idarəetmə forması hesab edir. Sorğuda iştirak edənlərin 26 faizi isə demokratik prosedurların məhdudlaşdırılması bahasına belə, “səmərəli və imkanlı liderə” fövqəladə səlahiyyətlərin verilməsinə hazır olduqlarını bildirib.

Sorğu 25 noyabr -16 dekabr 2025-ci il tarixləri arasında AboutPeople institutu tərəfindən Progressive Lab analitik mərkəzinin sifarişi ilə keçirilib. Tədqiqat Yunanıstan, Fransa, İsveç, Böyük Britaniya və Rumıniyanı əhatə edib. Sosioloqlar qeyd edirlər ki, əksəriyyət hələ də demokratiyanı dəstəkləyir, lakin onun işləmə mexanizmlərinə inamsızlıq və məyusluq artır.

Ən yüksək narazılıq göstəriciləri Cənubi və Şərqi Avropa ölkələrində qeydə alınıb. Yunanıstanda respondentlərin 76 faizi demokratiyanın lazımi qaydada işləmədiyini düşünür. Fransada bu göstərici 68 faiz, Rumıniyada isə 66 faiz təşkil edir. Şimali Avropa ölkələrində narazılıq nisbətən aşağıdır: Böyük Britaniyada 42 faiz, İsveçdə isə 32 faiz.

Ekspertlər artan skeptisizmi iqtisadi çətinliklər, yüksək inflyasiya, miqrasiya böhranı, ənənəvi siyasi partiyalara etimadın azalması və siyasi qeyri-sabitliklə əlaqələndirirlər. Bununla yanaşı, “güclü əl” tərəfdarları seçkilərin tamamilə ləğvini və ya hüquq və azadlıqların aradan qaldırılmasını tələb etmirlər. Onlar daha çox effektiv idarəçilik, operativ qərarlar və sərt idarəetmə mexanizmləri axtardıqlarını bildirirlər.

Analitiklər xəbərdarlıq edirlər ki, demokratiyaya formal dəstək ilə onun praktiki tətbiqinə dair məyusluq arasında yaranan uçurum populist və radikal qüvvələr üçün münbit zəmin yaradır. Xüsusilə iqtisadi qeyri-sabitlik və təhlükəsizlik problemləri fonunda bu tendensiyanın daha da güclənə biləcəyi istisna edilmir.

Poliqon.info

Chosen
90
poliqon.info

1Sources