TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ləğv edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilə bilər...
Azərbaycanda səhiyyə sistemində köklü və sarsıdıcı dəyişikliklərin anonsu verilir.
Poliqon bizimesr.az portalına istinadən xəbər verir ki, TƏBİB-in rəhbəri Vüqar Qurbanovun vəzifədən uzaqlaşdırılması sıradan kadr dəyişikliyi deyil, daha böyük planın tərkib hissəsi ola bilər. İddialara əsasən, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ləğv edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilə bilər.
Bu ssenari reallaşarsa, Agentliyin rəhbəri Zaur Əliyev də postunu itirəcək. Lakin proses bununla bitmir.
Mənbələrin iddiasına görə, hər iki qurum bir çətir altında birləşdirilərək artıq səhiyyə deyil, sosial müdafiə strukturu kimi fəaliyyət göstərəcək və yeni yaradılacaq quruma rəhbər vəzifəsinə yenidən Zaur Əliyev gətiriləcək.
Baş verənlər əslində səlahiyyətlərin yenidən bölüşdürülməsi kimi qiymətləndirilir. Bildirilir ki, Səhiyyə Nazirliyinin rolu ciddi şəkildə zəiflədiləcək, səhiyyə naziri Teymur Musayevin qərarvermə, nəzarətetmə imkanları minimuma endiriləcək.
Nəticədə isə səhiyyə, sosial müdafiə və maliyyə axınlarına nəzarət bir mərkəzdə cəmləşəcək. Bu mərkəzin isə Sahil Babayevin kurasiyasında olacağı bildirilir. Beləliklə, onun idarəetmə təsir dairəsi daha da genişlənmiş olacaq.
Beləliklə, Sahil Babayev daha bir sahəni - Səhiyyə sahəsini nəzrətə götürür.
Poliqon.info