EN

Erməni oliqarx layiqli cəzasını aldı: “Haqq nazilsə də, üzülmür”

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun hökm elan edilib.

Hökmə əsasən, R. Vardanyan 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Xatırladaq ki, məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini təklif etmişdi.

“Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirib ki, bu günlərdə Ermənistan vətəndaşı Ruben Vardanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi, eləcə də digər ağır cinayətlər üzrə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib.

Deputat qeyd edib ki, bu qərar kifayət qədər ədalətlidir:

“Əli yüzlərlə azərbaycanlının qanına batan, minlərlə soydaşımızın öz doğma yurd-yuvasından didərgin düşməsinə səbəb olan, əzəli Azərbaycan torpaqlarının yerlə-yeksan edilməsinin təşviqatçılarından və müharibə ocağını körükləyən şəxslərdən biri barədə verilən bu hökm əslində ən humanist cəzalardan biridir.

Yəni belə ağır cinayətlərdə törətmiş, çoxsaylı insanın həyatına son qoymuş, qətlə yetirmiş, talelərin məhv edilməsinə və müharibəyə şərait yaradan bir şəxs daha ağır cəzaya məhkum edilməli idi.

Məlumatlara görə, Ruben Vardanyan elan olunan hökmdən narazı qalıb və bu narazılığını da bildirib. Görəsən, o, bu cinayətləri həyata keçirərkən, qətliamları törədərkən, dağılan taleləri, gözüyaşlı anaları, valideynsiz qalan uşaqları, yurd-yuvasından didərgin düşən insanları düşünürdümü?

O zaman öz insanlığından razı qalırdımı? Həmin vaxt öz vicdanı qarşısında hesabat verirdimi? Törətdiyi əməllərdən narahatlıq duyurdumu, yoxsa bu addımlarından məmnun idimi? Birinci növbədə bu sualları özünə versin. Haqq-ədalət deyilən bir məfhum var. Necə deyərlər, haqq nazilsə də, üzülmür”.

Jalə Əliyeva vurğulayıb ki, Vardanyanın narazılıq bildirməyə heç bir haqqı yoxdur:

“Bu gün Azərbaycan bütün dünyada öz haqqını və ədalətini sübut etmiş, öz haqqı uğrunda mübarizəyə qalxaraq bu məcburi müharibəni alnıaçıq, üzüağ və böyük Zəfərlə başa vurmuş qüdrətli bir dövlətdir.

Azərbaycan 30 il işğala məruz qaldı. Torpaqlarını itirdi, yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Şəhər və kəndləri yerlə-yeksan edildi. Buna baxmayaraq, hətta yenə də müharibə şəraitində belə Azərbaycan hərbin dili ilə danışdı, beynəlxalq hüququn norma və prinsiplərini əsas götürdü, əliyalın mülki insanlara əl qaldırmadı. 

Amma bütün bunlar bizə qarşı edilmişdi. İstər münaqişə illərində, istərsə də 44 günlük Vətən müharibəsi günlərində cəbhə xəttindən kilometrlərlə uzaqda yerləşən yaşayış məntəqələrimiz artilleriya atəşinə tutuldu, dağıdıldı. 

Uşaqlar valideynsiz qaldı, ailələr parçalandı, evlər, tifaqlar dağıldı. Bütün bu faciələr xalqımızın başına erməni separatizmi tərəfindən gətirildi. Məhz bu səbəbdən düşünürəm ki, Ruben Vardanyanın narazılıq bildirməyə heç bir mənəvi haqqı yoxdur.

Hüquqi ədalət də, haqqın və ilahi ədalətin təntənəsi də artıq gerçəkləşib. Bütün uğurar, zəfərlər artıq Azərbaycanındır.  Bu gün Zəfər Azərbaycanın tərəfindədir və bundan sonra da ölkəmizə qarşı əl uzatmağa, təxribat törətməyə çalışan istənilən qüvvə mütləq qətiyyətlə susdurulacaq”.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Açar sözlər:

Vardanyan Jalə Əliyeva

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
cebheinfo.az

2Sources