EN

m10 insidenti artıq fintex problemi yox, milli təhlükəsizlik məsələsidir - Osman Gündüz

m10 insidenti artıq fintex problemi yox, milli təhlükəsizlik məsələsidir - Osman Gündüz

"m10" ödəniş sistemi ətrafında baş verənlər getdikcə daha ciddi miqyas alır.

AFN.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, artıq söhbət milyonlarla, hətta bəzi mənbələrə görə, milyardlarla manatlıq dövriyyədən gedir: "Bu günlərdə məlumat verildi ki, Mərkəzi Bankda fintex rəhbərləri ilə görüş keçirilib. Güman ki, baş verənlər orada da müzakirə predmeti olub. Hələlik Mərkəzi Bank bununla bağlı açıqlama verməyib. Görünən odur ki, elektron pul və fintex sektorunda problemlər hələ də qalır".

Osman Gündüz baş verənləri "böyük miqyaslı kiber insident" kimi xarakterizə edərək, təhlükəsizlik qurumlarının məsələyə müdaxiləsinin vacibliyini vurğulayıb: "m10"-un, "PashaPay"ın kritik informasiya infrastrukturu siyahısına daxil olub-olmadığı ictimaiyyətə məlum deyil, çünki bu siyahı qapalıdır. Amma istənilən halda ortada böyük miqyaslı kiber insident var. Bu, istər DTX-nın Milli Kibertəhlükəsizlik Mərkəzinin, istərsə də DİN-nin Kibercinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin perimetrinə daxil olmasından asılı olmayaraq çox ciddi hadisədir".

Ekspert bank sektorunda İT idarəçiliyi ilə bağlı qanunvericilikdəki maraqlı bir məqama və kadr məsələsinə də toxunub: "Bankların data və İT mərkəzlərində, xüsusilə rəhbər səviyyəsində xarici vətəndaşların olması əlavə risklər yaradır. Maraqlıdır ki, m10-un 'söykəndiyi' Kapital Bankda da bu sahəyə xarici vətəndaş rəhbərlik edir. Yeni qanunvericilikdə kritik infrastrukturu audit edən şəxsin mütləq Azərbaycan vətəndaşı olması tələbi var. Amma həmin kritik sistemlərə rəhbərlik edən şəxsin vətəndaşlığı ilə bağlı konkret tələb mövcud deyil. Yəni, absurd vəziyyətdir: yoxlayan mütləq ölkə vətəndaşı olmalıdır, yoxlanılana rəhbərlik edən isə xarici ola bilər".

Sonda mütəxəssis ümid etdiyini bildirib ki, məsələ bütün aidiyyəti qurumların diqqətindədir və baş verənlər obyektiv araşdırılır.

Chosen
91
1
afn.az

5Sources