EN

İmtahan təzyiqi uşağın psixoloji sağlamlığını riskə atır - AÇIQLAMA

İmtahan dövrü uşaqlar üçün yalnız akademik mərhələ deyil, eyni zamanda ciddi psixoloji sınaqdır. Bu prosesdə valideynlərin davranışı uşağın özünə inamının formalaşmasında, emosional tarazlığının qorunmasında və gələcək həyat strategiyalarının qurulmasında həlledici rol oynayır. İmtahan öncəsi valideynlərin yüksək gözləntiləri və davamlı nəzarəti uşağın daxili gərginliyini artırır. Uşaq zamanla valideyn sevgisini və qəbulunu yalnız nəticə ilə əlaqələndirməyə başlayır. Bu isə onda “səhv etsəm, dəyərsiz olaram” düşüncəsini formalaşdırır.

Bu müddətdə uşaqlara göstərilən təzyiq və onun yaratdığı fəsadlar barədə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Missiya.Az-a danışıb.

"Uzunmüddətli psixoloji təzyiq özünə inamsızlıq, təşviş pozuntuları, diqqət dağınıqlığı, motivasiya itkisi və hətta depressiv əlamətlərlə müşayiət oluna bilər. Belə uşaqlar uğur qazansalar belə, bundan zövq ala bilmirlər və daim uğursuzluq qorxusu ilə yaşayırlar. Nəticədə imtahan inkişaf mərhələsi olmaqdan çıxır, emosional təhlükə mənbəyinə çevrilir",-psixoloq bildirib.

Elnur Rüstəmovun sözlərinə görə, motivasiya yaratmaq üçün valideynlər nəzarətçi deyil, dəstəkçi mövqedə olmalıdırlar. Uşağın zəhmətini nəticədən asılı olmayaraq dəyərləndirmək əsas prinsipdir. “Sən bacaracaqsan, çünki çalışırsan”, “Əlindən gələni edirsən və bu mənim üçün dəyərlidir” kimi mesajlar uşağın daxili motivasiyasını gücləndirir. Valideyn real və ölçülə bilən məqsədlərin müəyyənləşdirilməsində kömək etməli, uşağı başqaları ilə müqayisə etməməli, onun fərdi inkişaf dinamikasına fokuslanmalıdır. Dəstək və təzyiq arasındakı sərhəd də məhz burada müəyyən olunur. Dəstək – uşağın yanında olmaq, onu dinləmək və güvən verməkdir. Təzyiq isə qorxu yaratmaq, davamlı nəticə tələb etmək və sevgini şərtli şəkildə göstərməkdir. Unutmaq olmaz ki, qorxu üzərində qurulan motivasiya davamlı olmur və uzunmüddətli psixoloji zərər yarada bilər.

"Uşaq imtahan stresi yaşadıqda valideynin ünsiyyət tərzi onun emosional vəziyyətini ya yüngülləşdirir, ya da daha da ağırlaşdırır. Bu dövrdə uşağın ən əsas ehtiyacı başa düşülməkdir. “Səni anlayıram”, “Həyəcanlanmağın normaldır”, “Bu yolda tək deyilsən” kimi ifadələr ona təhlükəsizlik hissi verir. Əksinə, “Bu qədər oxuyub hələ də qorxursan?”, “Başqaları bacarır, sən niyə bacarmırsan?”, “Alınmasa, peşman olacaqsan” kimi sözlər uşağın özünə inamını sarsıdır və psixoloji travma riskini artırır. Bu tip yanaşma uğursuzluq qorxusunu dərinləşdirərək performansın aşağı düşməsinə səbəb ola bilər.

İmtahan uşağın həyatının yalnız bir mərhələsidir, taleyi deyil. Valideynin əsas vəzifəsi bu prosesi uşağın psixoloji sağlamlığını qoruyaraq keçməsinə dəstək olmaqdır. Emosional təhlükəsizlik mühitində böyüyən uşaq yalnız imtahanda deyil, həyatda da daha dayanıqlı, özünə güvənən və məsuliyyətli şəxsiyyət kimi formalaşır. Valideyn sevgisi şərtsiz olduqda, uşaq öz potensialını daha sağlam və sərbəst şəkildə reallaşdıra bilir",- E. Rüstəmov əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Chosen
55
missiya.az

1Sources