EN

İrəvan Qazılar Şurasının sədri: Göy məscid Qafqazda bir zamanlar fətva mərkəzi kimi tanınıb

Bakı, 18 fevral, AZƏRTAC

İrəvan Qazılığı xanlıqda, Dərələyəz mahalı və ümumilikdə Qərbi Azərbaycan ərazilərində dini həyatın təşkilində mühüm rol oynayıb. Bu ərazilərdə mədrəsələr, dini məktəblər, məscidlər və hövzələr fəaliyyət göstərib, İrəvan isə uzun müddət bu dini-mənəvi mərkəzlərin əsas ocaqlarından biri olub.

Bunu AZƏRTAC-a açıqlamasında İrəvan Qazılar Şurasının sədri Bəxtiyar Nəcəfov deyib.

Onun sözlərinə görə, İrəvan dini mühiti tarixən zəngin alimlər yetişdirib. Fazil İrəvani, Məhəmməd Bağır İrəvani kimi görkəmli din xadimləri təkcə İrəvanda deyil, bütövlükdə Qafqazda böyük nüfuza malik olublar və dini elmin inkişafına mühüm töhfələr veriblər.

“İrəvan Qazılığı ötən əsrin 80-ci illərinin əvvəlinədək işini davam etdirib. Naxçıvan-İrəvan qazısı Şeyx Hüseyndən sonra bu institut fəaliyyət göstərməyib. 2025-ci ildən etibarən dövlət səviyyəsində İrəvan Qazılığının fəaliyyəti bərpa olunub. Bu prosses Qərbi azərbaycanlıların tarixi, dini və mədəni hüquqlarının müdafiəsi baxımından əhəmiyyətlidir", - deyə İrəvan qazısı bildirib.

Bəxtiyar Nəcəfov qeyd edib ki, Azərbaycan tarixi Zəfər qazanıb və bu gün əsas mübarizə söz, fakt və tarixi həqiqətlər üzərindən aparılır: "Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcmasının ağsaqqalları ilə keçirilən görüşlərdə gələcək fəaliyyət istiqamətləri, o cümlədən icma ilə qazılıq arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü və dövlətin dəstəyi ilə Gürcüstan, Türkiyə, eləcə də dünyanın müxtəlif ölkələrinin arxivlərindən İrəvan və Qərbi Azərbaycanla bağlı tarixi dini sənədlər toplanaraq Azərbaycana gətirilib. Tarixi mənbələrə əsasən, İrəvan ərazisində 700-dən çox müsəlman qəbiristanlığı və 500-dən artıq məscid mövcud olub. Bu abidələrin böyük əksəriyyəti sonradan dağıdılıb və izləri silinib. İrəvan şəhərində mövcud olmuş 12 məsciddən bu günə yalnız Göy məscid və Təpəbaşı məscidinin müəyyən qalıqları gəlib çatıb. Xüsusilə Göy məscid bir zamanlar Qafqaz miqyasında fətva mərkəzi kimi tanınıb və dini məsələlər üzrə qərarlar burada verilib”, - deyə İrəvan qazısı vurğulayıb.

Bəxtiyar Nəcəfov bildirib ki, İrəvan Qazılığının əsas məqsədi dini zəmində fəaliyyət göstərmək, tarixi irsi araşdırmaq və Qərbi azərbaycanlıların dini-mədəni hüquqlarını elmi əsaslarla müdafiə etməkdir. Onun sözlərinə görə, hazırda İrəvan alimləri və din xadimləri ilə bağlı ayrıca kitab üzərində iş aparılır və bu nəşr yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

Chosen
38
1
azertag.az

2Sources